Bakı Kitab Mərkəzində “Firəngiz Əlizadə - dünya şöhrətli bəstəkarımız” adlı kitabın təqdimat mərasimi keçirildi. Noyabrın 30-da gerçəkləşən mərasimi mərkəzin direktoru Günel Rzayeva açaraq sənətşünaslıq doktoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Həcər Babayevanın müəllifi olduğu kitab haqqında məlumat verdi.

Sonra müəllif kitabın ərsəyə gəlməsindən danışdı. Diqqətə çatdırdı ki, kitab Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin yaradıcılığının 2007-2017-ci illərini əhatə edir. Nəşrdə dünyanın məşhur musiqi xadimlərinin bəstəkar haqqında fikirləri, onun iştirak etdiyi beynəlxalq konfranslar, müsabiqələr barədə ətraflı məlumatlar əksini tapıb. Kitabda Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, akademik Teymur Kərimli, əməkdar incəsənət xadimləri Zemfira Qafarova, İmruz Əfəndiyeva və başqalarının bəstəkarın yaradıcılığından bəhs edən məqalələri toplanıb.

Qeyd olundu ki, Firəngiz Əlizadə müasir Azərbaycan musiqi mədəniyyətinin dünya miqyasında tanınmış simalarındandır. Onun əsərləri xarici ölkələrin konsert və teatr səhnələrində, beynəlxalq festivallarda tanınmış ifaçılar tərəfindən səsləndirilir. Bəstəkarın “İntizar”, “Sənin adın Dənizdir”, “Ağ atlı oğlan” operaları, “Boş beşik” və “Stadt-Graniza” baletləri, “Habilsayağı”, “Muğamsayağı”, “Oazis”, “Dərviş”, “Abşeron” kimi əsərləri müəllifinə şöhrət qazandırıb. Bəstəkar həmçinin ölkəmizdə ənənəvi olaraq keçirilən “Muğam aləmi”, “İpək yolu” beynəlxalq musiqi festivallarının bədii rəhbəridir.

Tədbirdə çıxış edən Xalq yazıçısı Anar nəşri yüksək qiymətləndirdi. Qeyd etdi ki, Firəngiz Əlizadə iki dövrün – sovet və müstəqillik dövrünün bəstəkarıdır. Onun yaradıcılığı hər zaman ölkəmizin musiqi mədəniyyətinin formalaşmasına, inkişafına böyük təsir edib, bundan sonra da təsir edəcək. O, simfonik əsərlərində klassik irsimizə, muğama müraciət edərək öz daxili dünyasını və düşüncələrini musiqiyə köçürür.

Əməkdar incəsənət xadimləri Zemfira Səfərova, kitabın redaktoru Cəmilə Həsənova və başqaları nəşrin əhəmiyyətindən danışdılar, bəstəkarın yaradıcılığı ilə bağlı düşüncələrini bölüşdülər. Çıxışlarda vurğulandı ki, vətəni tərənnüm edən Firəngiz Əlizadə ümumbəşəri mövzulara da müraciət edir. Əsərlərinin hər biri mədəniyyətlər arasında körpü missiyası daşıyır. Onun yaradıcılığı və ictimai fəaliyyəti XXI əsr Azərbaycan professional musiqisinin dünyaya inteqrasiya etməsində mühüm rol oynayır.

Sonda Firəngiz Əlizadə çıxış edərək tədbirin təşkilatçılarına və kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür etdi.

Tədbir violin ifaçısı, beynəlxalq müsabiqələr laureatı Ceyla Seyidovanın ifasında bəstəkarın “İmpuls” əsərinin təqdimi ilə yekunlaşdı.

L.AZƏRİ