Dekabrın 4-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Respublika Komitəsinin üçüncü plenumu keçirilib.
Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova ötən plenumdan indiyədək komitənin fəaliyyəti və gündəlikdə duran təşkilati məsələlər barədə məlumat verib. Bildirib ki, 2018-2022-ci illər üzrə MİHİ-nin fəaliyyətinin əsas istiqamətləri ilə bağlı proqram sənəddə əksini tapan, respublika, şəhər və rayon komitələri, ilk həmkarlar ittifaqı təşkilatları tərəfindən sosial dialoqun inkişaf etdirilməsi, ittifaq üzvlərinin sosial mənafelərinin müdafiəsi haqqında məsələlər müzakirə olunacaq.
Vurğulanıb ki, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sosial dialoq və sosial tərəfdaşlıq prinsiplərinin inkişaf etdirilməsində zəngin təcrübəsi var. Qurum ölkənin sosial-iqtisadi siyasətini və sosial əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətini tənzimləyən “Baş Kollektiv Saziş”in müddəalarını əsas götürərək əməli fəaliyyətində sosial dialoq məsələlərinə böyük önəm verir.
Plenumda MİHİ-nin Goranboy rayon komitəsinin sədri Nizami Abdullayevin, Yevlax rayon komitəsinin sədri Zöhrə Adıgözəlovanın çıxışları dinlənilib. Sonda MİHİ-nin işində xidmətlərinə görə fərqlənən bir qrup şəxs fəxri fərmanlara layiq görülüb.