“Dünyada insanların klassik musiqiyə olan münasibəti əsasən eynidir”

Meksikalı pianoçu Xesus Lepe Riko bu günlərdə (26 noyabr) Beynəlxalq Muğam Mərkəzində solo konsert proqramı ilə çıxış etdi. Konsert Mədəniyyət Nazirliyi, Meksikanın ölkəmizdəki səfirliyi ilə birgə təşkil edilmişdi.

Konsertdən öncə Meksikanın ölkəmizdəki səfiri Xuan Rodriqo Labardini çıxış edərək musiqiçinin yaradıcılığı haqqında məlumat verdi. Bildirdi ki, səfirliyin mədəniyyət sahəsində reallaşdırdığı layihələr iki ölkənin münasibətlərinin inkişaf etməsinə, mədəniyyət və incəsənətin qarşılıqlı təbliğinə və tanıdılmasına xidmət edir. Bu əlaqələr incəsənətin dili ilə xalqlarımızı bir-birinə yaxın edir.

Sonra səhnəyə pianoçu Xesus Lepe Riko dəvət olundu. Tamaşaçılar onun ifasında Bax, Bethoven və Şopen, eləcə də tanınmış Meksika bəstəkarı Manuel M.Ponsenin əsərlərini dinlədilər. Qərb klassikası və Meksika ritmləri həmin gecə qeyri-adi bir ab-hava yaratmışdı. Tamaşaçılar musiqi nömrələrini dinləməkdən böyük zövq aldılar. Sevgi, anlaşma, musiqinin ecazkar sehri və məharətli ifa bir daha təsdiq edirdi ki, musiqinin dili yoxdur. Mahir pianoçu bu əsərlərə həm də qonaq olduğu Azərbaycandan aldığı enerjini və xoş təəssüratın pozitivliyini qataraq ifa edirdi...

Qeyd edək ki, Xesus Lepe Riko Meksikanın Tampiko şəhərində dünyaya göz açıb. Tamaulipas Muxtar və Verakruz universitetlərində musiqi təhsili alıb, ölkəsinin bir sıra mükafatlarına layiq görülüb.

Piano üzrə Beynəlxalq Papantla Festivalının təsisçisi və baş direktoru olan musiqiçi ilə Bakı konsertinin ikinci günü görüşdük. Həmin gün ifaçı Azərbaycanda fəaliyyət göstərən xarici dövlətlərin nümayəndəlikləri üçün konsert proqramı ilə çıxış edəcəkdi.

 

Çin olmuş arzular...

 

Həmsöhbətimdən öncə Bakıya səfəri və ilk konserti ilə bağlı təəssüratlarını bölüşməsini xahiş etdim.

- Mən inanmırdım ki, Bakı tamaşaçıları məni belə isti qarşılasın. Bu, çox xoş oldu və unudulmaz anlar bəxş etdi. İfama olan rəğbət və şəhəri gəzərkən insanların mehriban olması mənim üçün ən başlıca amildir. Belə münasibət yəqin məni yenidən Bakıya dönməyə sövq edəcək. Çünki bura əsrarəngizdir. Bakıya səfərimə görə Meksikanın Azərbaycandakı səfirliyinə, səfirliyin əməkdaşı, məni paytaxtınızla yaxından tanış edən cənab Mareoya təşəkkür edirəm. Azərbaycanla bağlı təəssüratı uzun zaman unutmayacağam. Düzü, ölkənizə səfərimdə bu cür gözəlliklərlə rastlaşacağım ağlıma gəlməzdi. Paytaxtınızın memarlığı, hündür binalar məni valeh etdi. “Alov qüllələri” məni, sözün əsl mənasında, təəccübləndirdi. İki gündür ki, şəhəri gəzirəm. Milli mətbəx nümunələrinizin, xüsusən də simvolik meyvəniz olan narın dadına baxdım. Ən maraqlısı odur ki, Bakı bulvarını gəzərkən uşaqlıq arzum yadıma düşdü. Məktəbdə oxuyarkən xəritədə Xəzər dənizini görəndə düşünürdüm ki, mən bu dənizi yalnız xəritədə görə bilərəm. Amma bu gün arzum reallaşdı. Bu səbəbdən də Bakı bulvarında, Xəzərin sahilində çəkdiyim fotoları meksikalı dostlarıma yolladım. Həmçinin sosial şəbəkədə paylaşıb, “Mən, nəhayət ki, Bakıdayam və qeyd edim ki, havanın soyuq olmasına baxmayaraq, buranın sakinləri qonaqlara çox isti münasibət göstərirlər. Bu şəhər möhtəşəmdir. İnanıram ki, növbəti dəfə Bakıya dostlarım və ailəmlə gələcəyəm. Bu zaman daha çox gəzmək və görmək imkanım olacaq”, - deyə  yazdım.

 

- Azərbaycanla bağlı nə dərəcədə məlumatlısınız?

- Bilirəm ki, burada gözəl musiqi festivalları keçirilir. Qəbələ festivalı barədə məlumat aldım. Mən yaradıcılığımda klassik janra daha çox üstünlük verirəm. Dünənki konsertdə də Bax, Bethoven, Şopen və Meksika bəstəkarlarının əsərlərini ifa etdim. Həmişə çalışıram ki, Meksika bəstəkarlarının klassik əsərlərini dünyada təbliğ edim. İnanıram ki, Azərbaycanda təşkil edilən musiqi festivallarında nə vaxtsa mənə də iştirak etmək qismət olar və dinləyiciləri Meksika bəstəkarlıq məktəbinin nümunələri ilə tanış etmək imkanı qazanaram.

 

- Musiqiçi olmaq da uşaqlıq arzunuz idi?

- Bizim uşaqlıq dövrümüzdə musiqiyə baxış da, musiqini dinləmək də, musiqiyə həvəs da başqa cür idi. Evdə anam hər gün mənə plastinkada uşaq mahnıları və klassik əsərləri dinlədərdi. O, mətbəxdə yemək bişirərkən mən o vallardakı musiqilərə qulaq asardım. Atam isə həmişə çalışırdı ki, mən yaxşı musiqiləri dinləyim. 9-10 yaşım olanda valideynlərimlə gəzintiyə çıxmışdıq. Bir afişada klassik musiqi axşamı ilə bağlı məlumat var idi. Həmin gecəyə qatıldıq və klassik musiqiləri birlikdə dinlədik. Bu konsertdən sonra marağımı görüb məni musiqi müəlliminin yanına qoydular. Beləcə, musiqi yolum başlandı. Daha sonra təhsil illəri, müsabiqələr və s.

 

- Hansı ölkələrdə konsertləriniz olub?

- Bir çox ölkələrdə həm solo, həm də orkestrlə birgə konsertlər vermişəm. Musiqi festivallarında, müsabiqələrdə iştirak etmişəm. İfaçı daim məşq etməli, öyrənməli və öyrətməlidir. Dünyada insanların klassik musiqiyə olan münasibəti əsasən eynidir. Bu gün çoxsaylı tələbələrim var və onların uğurunu elə öz uğurum kimi dəyərləndirirəm.

 

“Azərbaycanlı musiqiçiləri bizim festivalda görmək istərdim”

 

- Təsisçisi və baş direktoru olduğunuz Papantla festivalı barədə nə deyərdiniz?

- Bu, Meksikada ilk beynəlxalq piano festivalıdır və hər il noyabr ayında keçirilir. Dünyanın bir çox ölkələrindən musiqiçilər bu festivala qatılır. Bu layihə barədə fikrimi dostlarımla bölüşəndə arzumun reallaşacağına inanmırdılar. Çünki Papantla kiçik şəhərdir. Buna baxmayaraq, festival artıq böyük uğurla öz işini davam etdirir. İki ildən bir keçirilən festivalın devizi isə “Hamı üçün musiqi”dir. 

 

- Musiqimizlə tanış ola bilmisinizmi?

- Bir müddət əvvəl internetdə Azərbaycan musiqilərini dinləməyə başladım. Bu əsərlər məndə böyük təəssürat yaratdı. Güclü bəstəkarlıq məktəbiniz var. Bizim növbəti festivala azərbaycanlı musiqiçilərin də qatılmasını istərdim. Bununla həm Azərbaycan musiqisi təbliğ olunar, həm də ustad dərsləri keçərdilər.

 

- O zaman sizi yenidən Bakıda görmək, bizim musiqiçilərin isə sizin festivalda çıxışlarını eşitmək arzusu ilə...

Lalə AZƏRİ