Rusiya Rəssamlıq Akademiyasında Tahir Salahovun 90 illik yubileyi qeyd edilib.
Ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu mərasimdə Azərbaycanın və Rusiyanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatı laureatı Tahir Salahovu yubileyi münasibətilə təbrik edərək deyib: “Böyük həmyerlimiz Tahir Salahovu yubileyi münasibətilə təbrik etmək mənim üçün böyük şərəfdir. Mənim fikrimcə, bizim dövrdə 90 il yaşamaq və həyat eşqi ilə dolu, cəmiyyətə, öz ailəsinə, dostlarına faydalı olmaq böyük hünərdir”.
Səfir dünya şöhrətli rəssamın yubileyinin doğma vətəni Azərbaycanda da geniş qeyd olunduğunu diqqətə çatdırıb, sənətkarın ölkəmizin bütün yüksək dövlət təltiflərinə layiq görüldüyünü vurğulayıb. Diqqətə çatdırılıb ki, Azərbaycanda yeni dövlət təltifi – “Əmək” ordeni təsis olunub, Tahir Salahov bu ordenin birinci dərəcəsi ilə təltif edilib. Səfir əlavə edib ki, böyük ustadın layiq görüldüyü təltiflər onun parlaq yaradıcılığının təsdiqidir.
P.Bülbüloğlu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Tahir Salahova təbrikini oxuyub.
Rusiya Federasiyası Hökumətinin sədr müavini Olqa Qolodets isə Prezident Vladimir Putinin yubilyara ünvanladığı təbrik məktubunu diqqətə çatdırıb. Tahir Salahovun canlı klassik olduğunu qeyd edən O.Qolodets daha sonra deyib: “Biz hamımız Sizin əsərlərinizlə tanışıq və onları sevirik. 2016-cı ildə Tretyakov Qalereyasında sərginiz keçirildi. Sizin işləriniz Tretyakov Qalereyasında daim nümayiş etdirilir və bütün dünyada yüksək qiymətləndirilir. Sizə uzun ömür və yeni-yeni yaradıcılıq uğurları arzu edirəm”.
Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli yubilyara I dərəcəli “İncəsənətə xidmətə görə” ordenini təqdim edib.
Tahir Salahovun qızı, rəngkar və heykəltəraş, Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü Aydan Salahova jurnalistlərə müsahibəsində qeyd edib ki, Tahir Salahov istedadlı rəssamların bütöv bir nəslini yetişdirib. A.Salahova deyib: “Yubiley günündə Tahir Salahovun Vyetnam, Əlcəzair, Meksika, Hollandiya və digər ölkələrdən olan şagirdlərindən minnətdarlıq sözləri səslənib. O, bizə rəsm sənətinin, rəngkarlığın sirlərini, lakonikliyi öyrətməklə bərabər, həm də həyat məktəbi, həyat dərsi keçib – incəsənətə üstünlük verməyi və bu istiqamətdə irəliləməyi öyrədib”.