Mədəniyyət Nazirliyinin təşəbbüsü, Şəki və İsmayıllı Regional Mədəniyyət idarələrinin təşkilati dəstəyi ilə Zaqatala rayon Suvagil kənd Folklor evində və Ağsu rayon Çiyni kənd klubunda “Mədəniyyət işçilərinin müasir peşə səriştələri” adlı beynəlxalq təlim-seminar keçirilib.
Tədbirdə Belarusdan Xalq Sənətləri və Mədəni Maarifləndirmə İşləri üzrə Metodiki Mərkəzin direktoru Oleq Xmelkov, şöbə müdiri Valentina Volçkova iştirak edib.
Zaqatala rayonunda keçirilən tədbiri giriş sözü ilə açan Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev seminar-təlimin mövzusunun aktuallığından, qarşılıqlı təcrübənin vacibliyindən bəhs edib.
Belaruslu qonaq Oleq Xmelkov bildirib ki, ölkənin və bütövlükdə millətin inkişaf prosesinin uğuru xeyli dərəcədə məhz mədəniyyət sahəsindəki uğurlardan asılıdır. Qeyd edib ki, mədəniyyət yalnız ənənələrin dəstəklənməsi vasitəsi deyil, cəmiyyətin və dövlətin humanitar inkişafının effektiv alətlərindən biridir.
Valentina Volçkova isə çıxışında iki ölkə arasında kənd klublarının fəaliyyətində oxşar və fərqli məqamları təhlil edib.
Ağsu rayonunda keçirilən təlim-seminarda İsmayıllı Regional Mədəniyyət İdarəsinin əməkdaşı (Ağsu rayonu üzrə nümayəndə) Cavanşir Şeydazadə belə tədbirlərin əhəmiyyətindən danışıb, mövzu üzrə çıxışlar olub.