Heydər Əliyevin tarixi xidmətlərinin miqyasını zaman keçdikcə daha aydın dərk edirik
Tarix və şəxsiyyət... Bəşəriyyətin varlığından, xalqların və dövlətlərin formalaşmasından bu yana daima aktual olmuş bir mövzu. Əksərin üzərində dayandığı mülahizəyə görə, şəxsiyyəti, görkəmli xadimləri tarix, zaman yetişdirir, yaradır. Amma zamanın fövqündə dayanan böyük şəxsiyyətlər də həyatları, fəaliyyət və əməlləri ilə tarix yazır, zamanın gedişatını dəyişir, təkcə yaşadığı dövrə deyil, özündən sonrakı onilliklərə də öz möhürünü vurmuş olur.
Heydər Əliyevin Azərbaycanın yeni tarixində yeri, gördüyü işlərin miqyas və mahiyyəti də dövrünü aşan, zaman ötdükcə daha dərindən dərk edilən zəngin fəaliyyət və dövlətçilik salnaməsidir. O, siyasi fəhmi, yüksək liderlik keyfiyyətləri və böyük idarəçilik təcrübəsi ilə Azərbaycanın müstəqilliyinin qorunub möhkəmləndirilməsi, milli dövlətçiliyimizin inkişaf etdirilməsi, ölkəmizin dünyada layiqli yer qazanması üçün müstəsna xidmətlər göstərmiş dahi şəxsiyyət kimi tarixdə qalacaqdır.
Dekabrın 12-si Heydər Əliyevin vəfatının 15-ci ildönümüdür. İstər sağlığında, istərsə vəfatından sonra onun haqqında çoxlu kitablar, qəzet-jurnal məqalələri yazılıb və bundan sonra da yazılacaq. Ona ithaf olunmuş bədii əsərlər, musiqi, təsviri sənət nümunələri, həyat və fəaliyyətindən bəhs edən filmlər, televiziya və radio verilişləri bundan sonra da yaranacaq. Lakin bir məqamı etiraf etmək lazımdır ki, Heydər Əliyev haqqında bəhs edən hər müəllif ən yaxşı halda onun siyasi portretinin bir neçə cizgisini, çoxşaxəli fəaliyyətinin bir neçə istiqamətini dolğun əks etdirməyə müvəffəq olur. Tarixə adını əbədi həkk etmiş nəhəng şəxsiyyətlərin həyat və fəaliyyətini bir əsərdə, tək yazıda bitkin şəkildə əhatə etmək, ümumiyyətlə, mümkünsüzdür. Biz də bu yazıda ulu öndər haqqında, onun şəxsiyyəti barədə sadəcə bəzi məqamları diqqətə çatdırmağa çalışacağıq...
O, birincilik üçün yaranmışdı. Liderlik bacarığı çalışdığı bütün işlərdə, tutduğu bütün vəzifələrdə özünü bariz şəkildə göstərmişdi. Heydər Əliyev sovet dövlətinin rəhbərliyində yeganə azərbaycanlı, müsəlman-türk olaraq təmsil olunanda da onun liderliyi bariz idi. Təsadüfi deyil ki, üstündən illər ötəndən sonra da keçmiş SSRİ-nin müxtəlif bölgələrində – sıravi işçidən alimədək – hər kəs onu ehtiramla anır. Məhz Heydər Əliyevin Kremldə, “Politbüro”da hamıdan üstün, bacarıqlı, işgüzar və istedadlı olması səbəbindən baş katib Mixail Qorbaçov onu 1987-ci ildə istefaya göndərmişdi. Çünki Heydər Əliyevin bacarıq və qabiliyyəti qarşısında öz zəifliyini görür, bu müstəvidə onunla bir səviyyədə dayana bilməyəcəyini dərk edirdi.
Heydər Əliyev orta məktəb illərində teatra maraq göstərmiş, hətta deyilənə görə, bədii özfəaliyyət dərnəyində Hamleti oynamışdı. O, aktyorluq sənətinin ardınca getmədi, amma özünün ən böyük tarixi rolunu doğma xalqının, Azərbaycanın həyatında, taleyində oynadı. O, həyatı boyunca dəfələrlə Şekspirin qəhrəmanının məşhur dilemması ilə üz-üzə dayanmış və hər dəfə bu mübarizədən qalib çıxmışdı. 1993-cü ilin yayında xalq kömək üçün ona üz tutanda Azərbaycan dövlətçiliyi də “olum, ya ölüm” sualı ilə üz-üzə idi. O, tarixi qərarını verdi, ölkəyə rəhbərliyi üzərinə götürdü, sabitlik yaratdı, gənc respublikanı inkişaf və beynəlxalq birliyə inteqrasiya yoluna çıxardı.
“Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm” – Heydər Əliyev respublika rəhbərliyinə qayıdarkən bəyan etdiyi bu sözlərə ömrünün sonunadək sadiq qaldı.
Heydər Əliyev ali məktəbdə öncə memarlıq üzrə təhsil almışdı. O, memar peşəsində işləmədi, amma siyasətçi kimi ən uca missiyanı gerçəkləşdirdi: müasir Azərbaycan dövlətinin memarı oldu. Yüksək vəzifələrdə çalışanda, dövlət rəhbəri olanda da həmin peşəyə marağı azalmadı, əksinə, bu, işində, fəaliyyətində onun karına gəldi. Azərbaycanın hər bir bölgəsində onun quruculuq fəaliyyətinin izləri var. O, rəhbərliyi dövründə reallaşan bütün böyük tikililərə, memarlıq-inşaat layihələrinə şəxsən nəzarət edir, önəm kəsb edən hər bir detala diqqət yetirirdi. Ümummilli liderlə müxtəlif tikinti layihələri ilə bağlı dəfələrlə ünsiyyətdə olmuş paytaxtın keçmiş baş memarı, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə bu barədə müsahibələrinin birində deyir: “O, bu peşəni hədsiz dərəcədə sevirdi. Memarlıq onun ürəyində, düşüncələrində, maraq dairəsində özünə həmişəlik yer etmişdi. Heydər Əliyev ona təqdim olunan çertyojları, memarlıq əsərini sadəcə dövlət rəhbəri kimi deyil, məhz peşəkar şəkildə nəzərdən keçirirdi”.
Ulu öndər ikinci dəfə tarix ixtisası üzrə ali təhsil almışdı. Tarixçi və ya tarix müəllimi də olmadı. Bununla belə, dövlət xadimi kimi tarixdə ən böyük izini qoydu, Azərbaycanın ən yeni tarixini öz əməlləri ilə yazdı. Onun həyatı və fəaliyyəti bu tarixin ayrılmaz hissəsidir. “Müstəqil Azərbaycan dövlətçiliyi Heydər Əliyevin şah əsəridir” – bu, sadəcə, gəlişigözəl söz deyil, Heydər Əliyevin qurduğu dövlətin gücünə, perspektivlərinə bələd olan, bu dövlətlə hesablaşan əcnəbilərin də etirafıdır.
* * *
O, Azərbaycana rəhbərlik etdiyi və böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə xalqın taleyində tarixi rol oynayıb və həyatı boyu həmişə xalqa arxalanıb. “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib” – bu onun siyasi fəaliyyət kredosu və dövlət rəhbəri kimi yüksək etirafı idi.
Müstəqil Azərbaycan dövlətinin keçdiyi sınaqlar, dövlətçiliyimizin ən ağır günlərində Heydər Əliyevin göstərdiyi qətiyyət bu sözlərdəki gerçəyi dəfələrlə təsdiqləyib. 1994-cü ilin oktyabrında Azərbaycan dövlətçiliyi çevriliş cəhdi ilə silkələnəndə Heydər Əliyev xalqa müraciət etdi, onu Azərbaycanın müstəqilliyinin müdafiəsinə çağırdı. Həmin müraciətdən dərhal sonra minlərlə insan gecə yarısı Prezident Sarayının qarşısına toplaşdı, ulu öndərə və dövlətçiliyə dəstəyini nümayiş etdirdi.
2003-cü ilin 12 dekabrında uzaq Klivlenddən gələn məşum xəbərin səhərisi yenə minlərlə insan həmin ünvana üz tutmuşdu. Bu dəfə onları heç kim çağırmamışdı. İnsanları həmin ünvana Heydər Əliyevin adı toplamışdı. Minlərlə insanın Prezident Sarayının qarşısına gül-çiçək dəstələri düzməsi, xatirə şamları yandırması xalqın öz rəhbərinə ehtiramının nümayişi idi.
Onun vəfatı Azərbaycan Respublikasının sərhədlərindən uzaqlarda yaşayan soydaşlarımızı, dünya azərbaycanlılarını da hüznə bürümüşdü. Çünki o, bütün azərbaycanlıların prezidenti idi. Heydər Əliyev 1993-cü ilin dekabrında dövlət başçısı olaraq ilk xarici səfərindən (Fransa) dönəndən sonra jurnalistlərlə söhbətində belə bir faktı təəssüflə qeyd etmişdi ki, xaricdəki azərbaycanlılar mütəşəkkil deyil, Azərbaycan gerçəkləri dünyada yetərincə tanınmır, təbliğ olunmur. Məhz buna görə o, prezidentliyi illərində dünyadakı azərbaycanlıların təşkilatlanması, Azərbaycanın tarixi gerçəklərinin, milli mədəniyyətimizin dünyada geniş yayılması üçün səylərini əsirgəmirdi.
“Vətəndən kənarda yaşayan soydaşlarımızın ürəkləri gərək daim Azərbaycanın nəbzi ilə bir vursun. İndi bizim müstəqil dövlətimiz var. Deməli, harada olursan-ol, Azərbaycanın müstəqilliyi haqqında, Azərbaycan xalqının bu günü və gələcəyi haqqında düşünməlisən” – Heydər Əliyev bu sözləri 1994-cü ilin fevralında Londonda azərbaycanlı icması ilə görüşdə bildirmişdi. Sonrakı illərdə dünyadakı azərbaycanlıların təşkilatlanması yönündə görülən işlər, azərbaycançılığın xaricdəki həmvətənlərimizi birləşdirən ortaq dəyərə çevrilməsi ümummilli liderin bu nəsihətinin həyata keçdiyinə bariz misaldır.
* * *
Heydər Əliyev deyirdi: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir. Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir”. Onun dövlət siyasəti səviyyəsinə yüksəltdiyi azərbaycançılıq da tariximizin uzaq çağlarından gələn, xalqımızın ənənələrini, ana dilimizi, milli mədəniyyətimizi təcəssüm etdirən məfkurədir. Bu məfkurəni təbliğ etmək mahiyyət etibarilə Azərbaycan xalqının milli-mənəvi, mədəni zənginliyini dünyaya tanıtmaq deməkdir.
Mədəniyyətimizin böyük hamisi, əsl sənət xiridarı hakimiyyətdə olduğu bütün dövrlərdə bunu özünün fəaliyyət amalı kimi qəbul edib, hələ SSRİ zamanında mövcud quruluşun çərçivələri daxilindəki imkanlardan istifadə edərək mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin təbliği naminə səylərini əsirgəməyib. Həmin illərdə Azərbaycan ədəbiyyatında, incəsənətində xalqın tarixini, dəyərlərini tərənnüm edən əsərlərin yaranması, keçmiş ittifaqın şəhərlərində görkəmli şəxsiyyətlərimizin yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyəti və incəsənəti günlərinin təşkili məhz bu amala xidmət edirdi. Heydər Əliyevin bütün dövlətçilik fəaliyyəti, əslində, azərbaycanlı və azərbaycançı adına fəxarətdir. O, bu missiyadan doğan qürurunu illər sonra özünün məşhur kəlamı ilə ifadə edəcəkdi: “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”.
Bu qüruru vətəndən uzaqda yaşamaq və yaşatmaq müstəsna önəm kəsb edir. Çünki yad milli-mədəni mühitdə azərbaycanlılar üçün qloballaşma çağırışları qarşısında kimliyini saxlamaq, onu aşınmalardan mühafizə etmək çətindir. Buna görə Heydər Əliyev xarici səfərləri zamanı soydaşlarımızla görüşlərində bu məqama məxsusi diqqət verir, onları yaşadıqları ölkədə ictimai-siyasi, işgüzar həyata nüfuz etməyə, eyni zamanda tarixi Vətəni unutmamağa, milli-mənəvi dəyərlərimizi təbliğ etməyə çağırırdı.
“Mən azərbaycanlıların dünyada geniş yayılmasını istəyirəm. Başa düşürsünüzmü? Geniş yayılmasını arzulayıram” – görkəmli dövlət xadiminin xaricdəki soydaşlarımızla son görüşlərindən birində (Ukrayna, 20 iyul 2002-ci il) xüsusi vurğu etdiyi bu sözlərə diqqət yetirək. Azərbaycanlıların dünyada geniş yayılmasını dedikdə o, sadəcə, demoqrafik göstəriciləri, azərbaycanlıların mənsəb, imkan sahibi olmasını nəzərdə tutmurdu: “Buralarda gərək bizim mahnılarımızı, adətlərimizi də bilsinlər. Azərbaycanlı olduğunuzu unutmayın. Bizim çox zəngin dilimiz var. Azərbaycan dili şeriyyət dilidir. Bu dili yaxşı bilmək lazımdır. Gərək sizin uşaqlarınız, nəvələriniz də bu dili bilsinlər. Evinizdə Azərbaycan adətləri, musiqisi çox olsun. Çünki mədəniyyət və dil qədər insanın millətini ucaldan şey yoxdur”.
* * *
Heydər Əliyev vətənpərvər lider olmaqla bərabər, eyni zamanda planetar düşüncəli siyasətçi, dövlət xadimi idi. O hər zaman çıxışlarında bir məqamı xüsusi vurğulayırdı ki, müstəqil dövlətçilik, xalqın milli-mənəvi dəyərlərinin qorunması və inkişaf etdirilməsi milli təcridolunmanı təlqin etməməli, əksinə, biz dünya irsinə, ümumbəşəri dəyərlərə açıq olmalı, onlardan bəhrələnməli və qarşılıqlı olaraq zənginləşməliyik. Ulu öndər bu məqamı hələ 1993-cü ildə diqqətə çatdırmışdı: “Azərbaycanda müstəqillik meylləri artandan sonra hakim siyasət bir müddət bundan ibarət olub ki, Azərbaycan üçün hər şey Azərbaycanın içində olmalıdır. Kim Azərbaycan dilini bilirsə, öz kəndinin, şəhərinin mahnısını bilirsə, əsl azərbaycanlıdır. Müstəqilliyi milli məhdudiyyətdə görənlər unudurlar ki, 1918-ci ildə Azərbaycan dövlətinin yaradıcıları, bizim böyük yazıçılarımız, bəstəkarlarımız Rusiyada, Avropada təhsil almış adamlar idi. Bu olmasaydı, Üzeyir bəy klassik musiqinin Azərbaycan, Şərq musiqisi ilə sintezini yaradıb dünyaya belə gözəl nümunələr təqdim edə bilməzdi. Biz həm milli tariximizdən aldığımız mənəvi sərvətlərdən istifadə etməli, həm də bəşəriyyətin yaratdığı mənəvi dəyərlərə yiyələnməliyik”.
Müdrik dövlət xadiminin bu konseptual baxışları Azərbaycanın türk dünyası ilə münasibətlərində də əksini tapıb. O, türk dövlət və toplumları arasında inteqrasiyanın güclənməsində böyük xidmətlər göstərib. Onun təşəbbüskarı, müəllifi olduğu regional layihələr türk xalqlarının yaşadığı geniş coğrafiyada uzunmüddətli inkişaf və əməkdaşlığa meydan açdı.
Ulu öndər türk xalqlarının mədəni abidələrinin, böyük ədiblərinin, şəxsiyyətlərinin yubiley mərasimlərində şəxsən iştirak edir və qardaş xalqlarımızın ümumi mədəni sərvətinin bizi birləşdirən tarixi dəyər olduğunu diqqətə çatdırırdı. Bu fikir onun 1994-1996-cı illərdə türkmən şairi Məhdimqulunun, qazax ədəbiyyatının klassiki Abayın, böyük özbək hökmdarı Əmir Teymurun, qırğız eposu “Manas”ın yubiley mərasimlərindəki çıxışlarının ana xəttini təşkil edib.
Heydər Əliyev 1996-cı ilin noyabrında dahi şairimiz Məhəmməd Füzulinin 500 illiyi, 2000-ci ilin aprelində isə böyük türk eposu “Kitabi-Dədə Qorqud”un 1300 illiyi ilə bağlı türk dünyasının təmsilçilərini, dövlət və hökumət adamlarını, alim, şair və yazıçıları, mədəniyyət xadimlərini Bakıya topladı. UNESCO səviyyəsində qeyd olunan bu yubileylər, eyni zamanda ümumtürk mədəniyyətinin təntənəsi idi. “Belə yubiley tədbirlərinin birlikdə keçirilməsində əsas məqsəd xalqlarımızın əsrlər boyu yaratdığı zəngin mənəvi irsi indiki nəsillərə qaytarmaq, eyni kökə, eyni tarixə malik olduğumuzu bir daha dərk etməkdir. Digər tərəfdən, belə yubiley tədbirlərini keçirməklə biz nümayiş etdiririk ki, İbn-Sinanın, Nizaminin, Nəvainin, Yunis İmrənin, Füzulinin, Məhdimqulunun, Mahmud Qaşqarinin, Abayın, bir çox başqa dahilərimizin yaradıcılığı, “Kitabi-Dədə Qorqud”, “Manas”, “Alpamış” kimi ölməz dastanlarımız bütün bəşəriyyətin mədəni sərvətidir”, - deyə Heydər Əliyev 2000-ci il aprelin 8-də eposun 1300 illiyi münasibətilə türkdilli dövlət başçılarının Bakıda keçirilən zirvə görüşündə bildirmişdi.
* * *
Heydər Əliyevin vəfatından 15 il ötür. Onun Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətlərinin miqyasını, dəyər və əhəmiyyətini zaman ötdükcə daha aydın hiss edirik. Eyni zamanda ötən hər il bir gerçəyi bariz şəkildə təsdiqləyir. Heydər Əliyev siyasəti, onun dövlətçilik strategiyası Azərbaycanın uzunmüddətli, davamlı inkişaf yolunu təmin etməkdədir. Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, uzaqgörənliyi onun qurucusu olduğu dövlətin yüksəlişində öz təsdiqini tapır. Əməlləri ilə tarix yazan, tarix yaradan şəxsiyyətlərin zaman salnaməsində yeri dünya durduqca var olur...
Vüqar ƏLİYEV