Smolensk Vilayət Filarmoniyasının direktoru Olqa Saxarova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyevin idarəçiliyi ilə filarmoniyanın kamera orkestrinin və beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadənin (fortepiano) konsertin təşkilinə verdiyi dəstəyə görə ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğluna təşəkkür məktubu göndərib.
Məktubda vurğulanır ki, dirijor Əyyub Quliyevin məharəti və musiqiyə yanaşma tərzi, Səidə Tağızadənin royalda virtuoz ifası ilə müşayiət olunan, Azərbaycan, italyan və rus bəstəkarlarının əsərlərinin səsləndiyi konsert tamaşaçılarda böyük maraq doğurub: “Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Vaqif Mustafazadə və Fərhad Bədəlbəylinin əsərləri Smolenskdə ilk dəfə ifa olunub. Vilayətimizin mədəni həyatında əlamətdar hadisə olan tədbirin bütün təşkilatçılarına təşəkkür edirik”.