Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonundayam. Qarşımda rəng çalarları, özünəməxsus üslubu ilə seçilən əsərlər göz oxşayır. Rəssam Leyla Mirzəzadənin 50 illik yubileyi münasibətilə təşkil edilən sərgini müəllifin sənətsevərlər qarşısında hesabatı kimi də qəbul etmək olar.

Kolorit ustası adlandırılan, Azərbaycan təsviri sənətinə layiqli töhfələr vermiş Xalq rəssamı Böyükağa Mirzəzadənin ailəsində dünyaya göz açan müəllifin rənglər aləmi elə ilk baxışdan diqqəti çəkir, düşündürür. Sərgidə Leyla Mirzəzadənin qrafika, rəngkarlıq və keramika işləri nümayiş olunur. Rəssam bu janrların hər birində yüksək sənət meyarlarına uyğun əsərlər yaradıb.

Sərgidə ən çox gül kompozisiyaları üstünlük təşkil edir. Rənglərin mistikası güllərdə donub qalıb sanki... Bu nümunələrdə qırmızı və bənövşəyi rənglərə daha çox yer verilib. Əbədi eşq və hörmət mövzusu dominantlıq təşkil edir. Zəriflik, məmnuniyyət, heyranlıqla yanaşı, məsumluq və sirlilik də hopub bu əsərlərə. Bir də rəssamın azadlıq duyğularının təcəssümü. Təqdim edilən tablolarda rəssamın yaradıcılıq dühasının genişliyi, cəsarəti, bədii təxəyyülünün zənginliyi müşahidə olunur. Bir sözlə, bu sərgini “Gözəllik işığında” da adlandırmaq mümkündür... Əsrarəngiz gözəllikləri tabloya köçürən rəssam çeşidli güllərə həzin duyğular yükləyib. Rəssamın təsvir etdiyi səciyyəvi cizgilər və rəngləri “dilləndirməsi” onun insan psixologiyasına bələdliyinin göstəricisidir. Bu uğurlu sintezi müəllifin dərin müşahidə qabiliyyətinin nəticəsi kimi də dəyərləndirmək olar.

Sərgilənən əsərlərdə müəllif yaşantılarının ifadəsi çox düşündürücüdür. “Səma rəqsi”, eləcə də sufi məclislərini əks etdirən əsərlər xüsusilə maraq doğurur. Tanrıya uzanan əllər və rəngarəng könül dünyamız... Yaradana inam və gözəllik, saf hislər, mərhəmət dolu mesajlar var bu əsərlərdə. Rəssam öz sənətinin aşiqi olduğunu hər bir əsəri ilə dönə-dönə təsdiqləyir.

Sərgi ilə bağlı fikirlərini bizimlə bölüşən Leyla Mirzəzadə gülləri çox sevdiyini deyir: “Buna görə də əsərlərimin çoxu güllərə həsr olunub. Bir neçə il əvvəl təşkil edilən sərgim də “Güllərin simfoniyası” adlanırdı. Bu güllərin hər ləçəyi bir arzu, bir dünyadır. Bənövşəyi və qırmızı rənglərə daha çox üstünlük verirəm. Çalışıram ki, tamaşaçı rənglərin harmoniyasından yorulmasın. Səma rəqsi, dərviş dünyası da məni həmişə düşündürüb. Saatlarla bu rəqsləri izləsəm, yorulmaram. Çünki ruhu dincəldir, qəlbi saflaşdırır”.

Rəssam çağdaş rəngkarlıq sənətindəki yenilikləri, müasir baxışları təbii qarşılayır. Sərgini izləyərkən belə bir qənaət hasil olur: rəssam “müasir” meyillərə biganəlik göstərməklə əsərlərində klassikanı qoruyub saxlamağa çalışır...

L.AZƏRİ