Xəbər verildiyi kimi, noyabr ayında Vyetnamın paytaxtı Hanoyda “Yeni musiqi” beynəlxalq musiqi festivalı keçirilib. 40-dək ölkədən musiqiçilərin qatıldığı festivalda Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov da iştirak edib. Onunla görüşüb təəssüratlarını qələmə aldıq. 

 

- Sərdar müəllim, bildiyimizə görə, bu, Vyetnama ilk səfəriniz deyil. Öncə bu əlaqələrin necə yaranması  barədə məlumat verərdiniz.

- 2013-cü ildə Kazan şəhərində keçirilən Asiya-Avropa ölkələri festivalına qatılmışdım. Orada Vyetnam Bəstəkarlar İttifaqının sədri Bonq Quanqla tanış oldum. O, məni 2014-cü ildə keçiriləcək “Yeni musiqi” festivalına dəvət etdi. Həmin festivalda “Koroğlu” simfonik freskam səsləndirildi. Beləcə, bu ölkə ilə sənət əlaqələrimiz yarandı.

 

- Budəfəki festival barədə nə deyərdiniz?

- 2018-ci ildə Vyetnam Bəstəkarlar İttifaqının sədri bir daha məni beynəlxalq festivala dəvət etdi. Təxminən 6 ay əvvəl TÜRKSOY-un sifarişi ilə yazdığım  “Türk bayramı” adlı uvertüramı festivala göndərdim. Məktub gəldi ki, əsəriniz bəyənilib. Bu haqda Mədəniyyət Nazirliyinə məlumat verdim və bu səfərimiz gerçəkləşdi. Buradan Moskvaya, oradan da Qazaxıstan, Özbəkistan və Rusiya bəstəkarları ilə Hanoy şəhərinə uçduq. Bir həftə davam edən festival başa çatdıqdan sonra müxtəlif ölkələrdən gəlmiş musiqiçiləri (əsasən bəstəkar və dirijorları) Vyetnamın vitse-prezidenti, xanım Danq Txi Nqonk Txin qəbul etdi. Təxminən 60-70 nəfərə xatirə  mükafatı verildi. Sonra biz Vyetnamın qədim paytaxtı Ninbin şəhərinə səyahət etdik. Bu, açıq səma altında muzeydir. Yaşayış olmayan bu şəhərdə qədim məbədlər və binalar qorunur.

 

- Vyetnamda Azərbaycan haqda nə dərəcədə məlumatlıdırlar?

- 2014-cü ildə Hanoy şəhərində olarkən bizi Prezident (Çıonq Tan Şanq – red.) qəbul etmişdi. Özümü təqdim edərkən “S.Fərəcov, Azərbaycandan” dedim. O, Azərbaycan sözünü eşidərkən gülümsəyərək “Oho, Azərbaycan” dedi. Vyetnamlıların Azərbaycan haqda məlumatları var və bizim ölkəmizə xoş münasibət bəsləyirlər. Bu tanışlıq və əlaqələr sovet dövründə yaranıb. Hələ o vaxt Bakı ilə Vyetnamın Vunq Tau şəhəri qardaşlaşıb. Azərbaycanın tanınmış kinorejissoru Əjdər İbrahimov 1959-1962-ci illərdə bu ölkədə çalışıb, Vyetnamda milli kino məktəbinin yaradılması, milli aktyor və rejissor kadrlarının hazırlanmasında fəal iştirak edib. O həm də “Vyetnamda gördüklərim”, “Günəş ağlayır” və digər kitabların müəllifidir. Əjdər İbrahimovun bədii rəhbərliyi ilə Vyetnamda “İki əsgər”, “Acgöz quş”, “Bir payız günündə” filmləri çəkilib. yaradılır. Həmin musiqini görkəmli bəstəkarımız Qara Qarayev yazıb...

 

- Bu ölkədə daha nələr diqqətinizi çəkdi?

- Zəngin tarixi irsi, özünəməxsus təbiəti, havası var. Çoxlu yağıntı olur. Amma elə bil ki, yağış günün müəyyən olunmuş vaxtında yağır. Hər tərəf gül-çiçək, yaşıllıqdır.

Söhbətləşdi: Savalan  FƏRƏCOV