Xalça Muzeyi dekabrın 7-də “Rəsm” milli zərgərlik brendinin yeni “Əjdahalı” kolleksiyasının təqdimatına ev sahibliyi etdi.

Təqdimat mərasimində zərgərlik brendinin yaradıcısı Rəsminə Qürbətova çıxış edərək diqqətə çatdırdı ki, Bakı tarixən həmişə zərgərləri ilə tanınıb. Bu gün zərgərlik məmulatlarına alıcıların münasibəti fərdidir: “Əvvəllər alıcılar “hamıda olandan” almaq istəyirdilərsə, bu gün artıq onlar “yalnız bizdə olsun” prinsipini əsas götürürlər. Bu eksklüzivlik isə bizim milli ornament və naxışlardadır”.

Rəsminə xanım Azərbaycan xalçalarındakı ornament və naxışların səciyyəvi xüsusiyyətləri haqqında fikirlərini bölüşdü. Qeyd etdi ki, XVI-XIX əsrlərdə “Əjdahalı” çeşnisinin bədii-texnoloji baxımdan inkişafında Azərbaycan xalçaçılığının rolu olub. Bu klassik çeşni tarixi “bünövrə” rolunu oynamaqla yanaşı, yerli və yeni meyilləri də əks etdirib. Əsasən XVII-XVIII əsrlərdə toxunan bu xalça nümunələrinə dünyanın məşhur incəsənət muzeylərində və şəxsi kolleksiyalarda rast gəlmək mümkündür. Bu gün “Əjdahalı” kolleksiyasının Xalça muzeyində təqdim edilməsi də simvolik xarakter daşıyır. Çünki bu muzeydə “Əjdahalı” çeşnisində toxunan xalçalar da qorunur.

Vurğulandı ki, “Rəsm” brendi qədim Azərbaycan ornament və naxışlarının müasir interpretasiyasını təqdim edir. Brendin əsas ideyası milli mədəniyyət və incəsənətimizin populyarlaşdırılmasıdır. Bu zinət əşyaları sadəcə dəbdəbəli aksesuar deyil, Azərbaycanın mədəniyyətinə, ənənələrinə və milli ruhuna bağlıdır. Bütün məmulatlar dizaynın tarixi konteksti, ornament və ənənəvi naxışların mənşəyi barədə məlumatlar və təsvirlərlə verilir. Təqdim olunan “Əjdahalı” kolleksiyası xalçalarda əks olunan motivlərlə bəzədilmiş 50-dən çox zinət əşyasından ibarətdir. Kolleksiyanın əsas məqsədi Azərbaycanın qədim xalçaçılıq sənətinə maraq yaratmaq, milli və mənəvi dəyərləri yaşatmaqdan ibarətdir. Qarabağ xalçaçılıq məktəbinin ən gözəl nümunələrindən hesab edilən “Əjdahalı” xalçaları XVI-XVIII əsrlərdə Qarabağda, həmçinin Şirvan və Qubada toxunub. Azərbaycan dekorativ-tətbiqi xalq sənəti nümunələrində tək olaraq istifadə edildiyi zaman əjdaha xeyir qüvvəni simvolizə edir. Qədim türk inanclarına görə, “Büke”, “Evren”, “Kök-luu”, “Abırqa” adlandırılan əjdahalar müsbət qüvvəni təmsil edir. Qıpçaq türklərində “Beqşa” adlı əjdaha ailə ocağının qoruyucusu kimi qəbul olunurdu. Səfəvilər dövrü xalçalarında da bu motiv geniş istifadə edilib. Bu gün xanımların daha çox üstünlük verdiyi əjdahalı kolleksiyasının zinət əşyaları da milli kökdən qaynaqlanaraq ailə tellərinə bağlılıq və ailə möhkəmliyini simvolizə edir.

Daha sonra “Rəsm” milli zərgərlik brendinin saytı (www.resm.com) təqdim olundu. Sayt vasitəsilə “Rəsm”in zinət əşyalarını sifariş etmək mümkündür. Onlayn mağazada bu brendin zinət əşyalarının bütün modelləri mövcuddur.

Lalə AZƏRİ