Keçən günlərdən birində (6 dekabr) Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera studiyası musiqiçi əhlini, sənətsevərləri Qara Qarayev işığına toplamışdı. Əməkdar artist, mahir vokal ifaçısı Fəridə Məmmədova və təcrübəli pianoçu, BMA-nın baş müəllimi, Opera studiyasının konsertmeysteri Yuliya Kərimova hazırladıqları proqramla dinləyiciləri, qavranılması nə qədər çətin olsa da, ecazkar musiqidən zövq almağa sövq etdilər.
Bu il dahi bəstəkarın 100 illiyi münasibətilə çoxsaylı konsertlər keçirilməkdədir. Bu konsert proqramı da “Baku Opera Art” silsiləsi çərçivəsində Qara Qarayevə həsr olunmuş yeni layihədir. “Ad fontes... et post scriptum” adlanan konsert öz maraqlı konsepsiyası və fəlsəfi məğzilə diqqəti cəlb edirdi. “Köklərə qayıdış” kimi səslənən “ad fontes” keçmiş ustadların təcrübəsini gələcək nəsil üçün yenidən canlandırmaq kimi bir məna kəsb edir. “Post scriptum” isə bu gündən o dövrə bir baxış, bir son söz kimi qiymətləndirilir. İlin də başa çatmaq üzrə olduğunu diqqətə alsaq, proqramı “post scriptum” – “yekun” adlandırmaq yerinə düşür.
Konsepsiyanın maraqlı məqamlarından biri odur ki, burada Q.Qarayevin özünün vokal əsərinə müraciət olunmasa da (sonda Yuliya Kərimovanın ifasında bəstəkarın 3 prelüdü səsləndi), təqdim edilən musiqi nümunələri böyük bəstəkarla əlaqəsi olan, onun xüsusi rəğbət bəslədiyi, yaradıcılıqları ilə sıx bağlı olduğu sənətkarların əsərləridir. Bu mənada konseptin fəlsəfi bir dialektik uzlaşmasını da sezmək mümkündür. Özündən əvvəlki nəslin ənənələrinə istinad edərək özündən sonrakı yetirmələri üçün bir mənbə olan Qara Qarayev dühası konsert layihəsinin mərkəzində dayanır.
Seçilən əsərlər rəngarəng musiqi palitrasını canlandırırdı. Bu, sanki XX əsrə bir musiqi səyahəti idi...
Proqram fransız “altılığı”nın parlaq nümayəndəsi olan Fransis Pulenkin “Miroirs brulants” (“Alışan aynalar”) silsiləsindən iki mahnısı – “Tu vois le feu du soir” (“Axşam atəşini görürsən”) və “Je nommerai ton front” (“Adını mən qoyacağam”) ilə başladı. Həmin silsiləni Pulenk öz dostu, müasiri olan Pol Eluarın sözlərinə bəstələyib.
Daha bir fransız bəstəkarı, impressionizm cərəyanın nümayəndəsi Moris Ravelin xristianlıqda musiqi mələyi kimi qəbul olunan Müqəddəs Sisiliaya həsr olunmuş “Sainte” (“Müqəddəs”) və “Manteau de fleurs” (“Çiçəkli manto”) əsərləri səsləndirildi. “Çiçəkli manto” əsərində bəstəkar usta bir rəngkar kimi poeziyanın sətiraltı mənasını dinləyiciyə musiqi çalarları ilə çatdırmağı bacarır.
XX əsrin nəhənglərindən olan, musiqidə yeni cığır açmış, yeni musiqi dili, dodekafoniya sistemi yaratmış Arnold Şönberqin “Lockung” (“Cazibə”), onun tələbəsi olmuş Alban Berqin “Vossek” operasından “Laylay” və həm dostu, qohumu, həm də müəyyən mənada müəllimi olmuş, lakin az tanınmış bir Avstriya bəstəkarı Aleksandr fon Tsemlinskinin “İrmelin Rose” (“Gözəl İrmelin”) əsərləri də proqramda yer almışdı.
Birinci hissəni tamamlayan və ikinci hissə ilə bir növ körpü yaradan rus bəstəkarı İqor Stravinski idi. İkinci hissədə hər biri özünəməxsus musiqi dili, koloriti, mürəkkəbliyi ilə seçilən əsərlər - A.Borodinin “Yatmış şahzadə”, A.Rimski-Korsakovun “Yay gecəsində yuxu” kimi məşhur romansları, S.Prokofyevin Anna Axmatovanın 5 şeirinə musiqi, İ.Stravinskinin “Buludlar” və “Yaz” əsərləri və D.Şostakoviçin “Ledi Maqbet” operasından mürəkkəb partiyalı bir ariya ifa olundu.
Konsertdə səslənən əsərlərin əksəriyyəti Azərbaycan səhnəsində ilk dəfə ifa olunurdu. Bu yerdə ifaçılar haqqında bir neçə kəlmə demək yerinə düşər.
Yuliya Kərimova Sankt-Peterburq konservatoriyasının məzunu olduqdan sonra Marinski teatrında konsertmeyster, daha sonra Türkiyədə - İstanbul konservatoriyasında müəllim, İzmir Opera teatrında məsul konsertmeyster olaraq çalışıb, 2018-ci ildə Bakıda vokalçıların Bülbül adına VII beynəlxalq müsabiqəsində “ən yaxşı konsertmeyster” adına layiq görülüb.
Fəridə Məmmədova ilə ərsəyə gətirilən bu konsert onların ilk müştərək işi deyil. Yeri gəlmişkən, bu konsertin daha bir nümayişi də 17 dekabrda Moskva konservatoriyasında olacaq.
Konsert proqramının ikinci hissəsində səslənən və xüsusi vurğulamaq istədiyimiz bir əsər isə mərhum İsmayıl Hacıbəyova məxsusdur. Üzeyir bəy nəslinin son nümayəndəsi və Qara Qarayevin layiqli tələbəsi olan İsmayıl Hacıbəyovun Dante və F.Fon Hauzenin sözlərinə yazdığı “Yalvarışlar” silsiləsini Fəridə Məmmədova ilk dəfə II kurs tələbəsi olarkən, bəstəkarın müəllif konsertində ifa edib. Üzərindən 10 il keçir və artıq daha da peşəkar, püxtələşmiş ifaçı silsiləni yenidən ifa edərək, onu İsmayıl müəllimlə birlikdə lentə yazırlar. O gündən bu günədək əsərin yeganə ifaçısı Fəridə Məmmədovadır.
Qara Qarayevin Yuliya Kərimovanın ifasında səslənən üç prelüdü ilə konsert “post scriptum” adlı məntiqi sonluğuna çatdı. İfaçılarımıza müvəffəqiyyətlə keçən bu konsertin Moskvadakı nümayişində də uğurlar diləyir və daim yüksək axtarışlar sorağında olmağı arzu edirik.
Vəfa HƏMİDOVA
musiqişünas