Dekabrın 14-də “YARAT” Müasir İncəsənət Mərkəzində Gürcüstanın tanınmış rəssamı Vaciko Çaçxianinin “Milçəklər dişləyir, yağış yağacaq” adlı fərdi sərgisi açılır. Sərgi rəssamın müxtəlif təsviri texnikaların sintezini özündə birləşdirən əsərlərini təqdim edir.
Qurumuş ağaclardan quraşdırılmış monumental meşə instalyasiyası özündə antik dövrdən və digər tarixi keçmişdən olan heykəlləri cəmləşdirir. Taxta pyedestallarda yerləşdirilmiş köhnə, sınıq-salxaq heykəllər pazlarla bərkidilib və onlar heykəlləri birtəhər tutub saxlayır. Burada Gürcüstan sanki öz qədim mifologiyası (Prometeyin Qafqaz dağlarında qayalara zəncirlə bənd edilməsi haqqında əfsanə) və nisbətən yaxın, daha çox ağrılı-acılı keçmişi arasında ilişib qalıb.
Bu “keçilməz” meşədən azca aralıda, taxtadan hazırlanmış üç anbar var və onlar Gürcüstanın kənd tikililəri kimi təqdim edilir. Onlardan ikisi öz donuq və tutqun şüşəli pəncərələri ilə Gürcüstanın verandalarını xatırladır. Bu tikililər də insanı nostalji hislərə qapadan istirahət məkanları, ailə ilə keçirilən gözəl vaxtlar, insanın öz fərdi səviyyəsində yaşatdığı xatirələri, onun mədəni irsi ilə çətin və mürəkkəb əlaqəsinə istinad edir...
Rəssama görə, sərgi tarix və mifologiya, habelə onların müasir psixologiyanı necə formalaşdırması haqqındadır. 2019-cu il aprelin 14-dək davam edəcək sərginin kuratoru Suad Qarayeva-Malekidir.