Onların uğur hekayələri digər gənclərə nümunə olacaq

Respublikamızda ilk dəfə keçirilən “UK Global Alumni Awards” mükafatlarının təqdimetmə mərasimi olub.

Dekabrın 11-də gerçəkləşən mərasimdə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, təhsil naziri Ceyhun Bayramov, mədəniyyət naziri Əbülfəs Qarayev, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts, Britaniya Şurasının (British Council) Azərbaycan üzrə ölkə direktoru Samer Şah, ali məktəb rektorları iştirak ediblər.

Mərasimdə çıxış edən təhsil naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycan dövləti tərəfindən təhsilin və insan kapitalının inkişafına xüsusi önəm verilir. Təhsil sahəsində beynəlxalq əlaqələrə böyük diqqətin ayrıldığını vurğulayan nazir  Britaniya Şurasının Azərbaycandakı fəaliyyətinin 25 ilinin tamam olduğunu, bu müddət ərzində qurumla bir sıra uğurlu layihələrin həyata keçirildiyini bildirib. Qeyd edilib ki, xaricdə təhsil almaq istəyən azərbaycanlı tələbələr üçün Böyük Britaniya ən çox arzu edilən ölkələr sırasındadır. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təqaüdlərin təxminən üçdəbiri bu ölkənin universitetlərində təhsil üçün verilib. Nazir Böyük Britaniya məzunlarının Azərbaycanla bu ölkə arasında əlaqələri daha da gücləndirəcəklərinə, onların uğur hekayələrinin digər gənclər üçün nümunə olacağına əminliyini qeyd edib.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts iki ölkə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində uğurlu əməkdaşlığın olduğunu vurğulayıb. Bildirib ki, Böyük Britaniyada təhsil alan azərbaycanlı məzunların öz ölkələrinə, peşələrinə müsbət töhfələr verməsi olduqca qürurvericidir.

Britaniya Şurasının Azərbaycan üzrə ölkə direktoru Samer Şah isə vurğulayıb ki, bu nüfuzlu beynəlxalq mükafat Birləşmiş Krallığın ali təhsil imkanlarını qeyd etmək üçün nəzərdə tutulub. Bu il beynəlxalq mükafatı əldə etmək üçün 123 ölkədən olan və Birləşmiş Krallığın 140-dan artıq ali təhsil müəssisəsini bitirmiş 1700-dən artıq məzunun ərizəsi daxil olub. Samer Şah diqqətə çatdırıb ki, Azərbaycan üzrə seçilən 8 finalçıdan 3-ü bu mükafata layiq görüləcək. Azərbaycan bu il mükafatlandırma mərasiminə ev sahibliyi edən ikinci ölkədir və  dünyanın on bir ölkəsində də bu cür mükafatlandırma mərasimləri keçiriləcək.

Sonra “UK Global Alumni Awards” mükafatlarının “Sosial təsir”, “Sahibkarlıq” və “Peşəkar nailiyyət” nominasiyaları üzə finalçıları və qalibləri elan olunub.