“YARAT” Müasir İncəsənət Mərkəzinin təşkilatçılığı ilə dekabrın 14-də “Artım” layihə məkanında “Sərhəd layları” adlı qrup sərgisi açılacaq.
Təqdim olunan işlərdə rəssamlar təbiətdə, sosial strukturlarda normal halda görünməyən sərhəd laylarına metaforik mənada müraciət edirlər.
Rəssam Yevi Joxovanın Qafqaz dağlarında çəkdiyi “Bu isti səhrada qar üçün darıxıram” filmi ənənələrin yaradılmasını, yaddaş, fərdi təcrübələr və münasibətləri araşdırır. Bu film və instalyasiya Qafqaz ritualları və ənənələri vasitəsilə torpaq, ərazi və cəmiyyət arasındakı əlaqəyə istiqamətlənib.
Aurelien Lepetinin “Atar” adlı qarışıq instalyasiyası rəmzi olaraq Günəş kultunda “Od tanrısı” sayılan Atara istinad edir.
Emil Məcnun qrafiti əsərlərində laylanma və dekonstruksiya konsepsiyasını tətbiq etməklə, Azərbaycan mədəniyyətinin şəhər, sənaye və reklam reallıqlarının vizuallığını bir araya gətirir.
“Wood-Wide-Web” adlı əsərində Aydan Mirzəyeva ağacın strukturu və xüsusiyyətlərini işıqlandırmaqla bu silsilədən olan əsərləri davam etdirir. Cuditta Vendramenin məkana uyğun instalyasiyası Xəzər dənizinin ortasında yerləşən, yüzlərlə kilometr körpü və platformalardan hazırlanmış şəhərin - Neft Daşlarının timsalında “qadağan olunmuş şəhəri”n abstrakt modelinin analoji təsviridir.
Sərgi gələn il yanvarın 19-dək ziyarətçilər üçün açıq qalacaq.