Bakı Xoreoqrafiya Akademiyasının Təhsil Kompleksində (BXA) ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə “Əbədiyaşar lider” adlı tədbir keçirilib.

Tədbir iştirakçıları öncə ulu öndərin akademiyanın foyesindəki büstü önünə gül dəstəsi qoyub, xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

BXA-nın rektoru, professor Timuçin Əfəndiyev tədbiri açaraq qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev həyatını Azərbaycan xalqının və respublikamızın hərtərəfli inkişafına və çiçəklənməsinə, azərbaycançılıq ideyasının milli şüurda qərarlaşmasına, müstəqil dövlətçiliyin möhkəmlənməsinə, Azərbaycan mədəniyyətinin və incəsənətinin bütün dünyada tanınmasına həsr edib, bu sahədə misilsiz xidmətlər göstərib. 

Yazıçı İlqar Əhmədoğlu Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzedilməz xidmətlərindən və dövlətçilik fəaliyyətindən danışıb, dahi şəxsiyyətə həsr etdiyi “Odlu ürəyin döyüntüləri” kitabını tədbir iştirakçılarına təqdim edib.

Tədbirdə sənətşünaslıq üzrə elmlər doktoru, professor Vəfa Əliyev “Heydər Əliyev və Azərbaycan təhsili”,  fəlsəfə üzrə elmlər doktoru, professor Əlikram Tağıyev “Ümummilli lider Heydər Əliyevin nəzəri irsi və azərbaycançılıq fəlsəfəsi”,  sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Fərhunə Atakişiyeva “Heydər Əliyev və nitq mədəniyyəti”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aygül Hüseynova “Heydər Əliyev və musiqi mədəniyyəti” adlı məruzələrlə çıxış ediblər.

BXA-nın prorektoru, Xalq artisti Təranə Muradova və akademiyanın müəllimi, Əməkdar artist Yuri Lobaçov ümummilli liderlə görüşlərindən xatirələrini bölüşüblər.

BXA Kollecinin direktoru, pedaqogika üzrə fəlsəfə doktoru Aynur Hüseynova da ulu öndərin təhsilə və mədəniyyətə diqqət və qayğısından danışıb. Bədii hissədə kollec tələbələri tərəfindən ümummilli ilderə həsr olunmuş şeir və mahnılar ifa edilib.