Paytaxtdakı “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Mərkəzində “Germanaijan” adlı sərgi açılıb. Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının 200 illiyi çərçivəsində reallaşan sərgi Almaniyanın ölkəmizdəki səfirliyi, bu ölkənin Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Goethe-Zentrum Baku”nun dəstəyi ilə gerçəkləşib.

İki əsr öncə Cənubi Qafqaza köçən, o cümlədən ölkəmizdə yaşayış məskənləri yaradan almanlar kim idi, buraya niyə gəlmişdilər və Azərbaycana nəyi miras qoyublar?

Sərginin kuratoru Əsli Səmədovanın məlumatına görə, iki ölkənin adını (Almaniya və Azərbaycanı) birləşdirən “Germanaijan” sərgisi alman icmasının bugünkü Azərbaycana təsirini qeyd etmək üçün düşünülüb.

Azərbaycanlı şairə Leyli Salayeva və almaniyalı rəssam-illüstrator Kseniya Finkin birgə layihəsi ölkəmizdə ilk alman kolonistlərinin tarixini yenidən araşdırır və hekayə Helena adlı ümumiləşdirilmiş xarakter tərəfindən nəql edilir. Samir Salahovun Hummel ailəsi haqqında illüstrasiyasında bir alman ailəsinin Azərbaycanda şərabçılığın, arxeologiya və muzeyşünaslığın inkişafına verdiyi töhfələrdən danışılır. Fotoqraf Çinarə Məcidovanın video işində Azərbaycanın şimal bölgələrində və şəhərlərin landşaft memarlığında alman izləri görünür, “Qismət” adlı bədii videoda isə Bakıda alman memarları tərəfindən tikilmiş iki malikanənin taleyindən danışılır. Sərgi alman köçkünlərinin və onlardan sonra gələn nəsillərin həyat hekayələrini araşdıran britaniyalı yazıçı və fotoqraf Tom Marsdenin layihəsini də təqdim edir.

Sərgi 2019-cu il fevralın 16-dək ziyarətçilər üçün açıq olacaq.

LALƏ