Naxçıvanda növbəti beynəlxalq konfrans keçirilib
Yaranmasının 25 ili tamam olan TÜRKSOY ötən dövrdə türk-islam əxlaq fəlsəfəsinin tədqiqi və təbliğinə də töhfələr verməyə çalışıb.
Bu fikri dekabrın 15-də “Naxçıvan” Universitetində “Türk-İslam əxlaq fəlsəfəsinin qurucu memarları: Türküstandan Anadoluya irfan məktəbinin alimləri” II Beynəlxalq konfransında qurumun baş katibinin müavini Fırat Purtaş açılış nitqində bildirib. O, xatırladıb ki, TÜRKSOY bu mövzuda ilk konfransı 2017-ci ildə Ankarada keçirib. İkinci konfransın Naxçıvanda təşkili də təsadüfi deyil. Naxçıvanın “İslam mədəniyyətinin paytaxtı” olması ümumilikdə Türk dünyası üçün böyük qürurdur.
Konfransda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Naxçıvan – Türk coğrafiyası və mədəniyyətinin mərkəzi kimi” mövzusunda məruzə edib. Akademik diqqətə çatdırıb ki, Azərbaycan türkləri min illər boyu burada daimi həyat sürüb, dövlətçilik ənənələrinin əsasını qoyublar. XII-XIII əsrlərdə Azərbaycan Atabəylər dövləti, XVIII-XIX əsrlərdə Naxçıvan xanlığı fəaliyyət göstərib. Naxçıvan Eneolit, Kür-Araz və Boyalı qablar mədəniyyətinin mərkəzi olub. İslamda elmə, maarifə böyük əhəmiyyət verilir. Bu dinin ən gözəl göstəricilərindən biri də kitab mədəniyyətidir. Naxçıvanlı alimlərin bu sahədə fəaliyyəti diqqətəlayiqdir. Onlar İslam hüququ və “Qurani-Kərim”in təfsiri haqqında çoxsaylı əsərlər yazıblar.
“Türk dünyası ədəbiyyatında Çingiz Aytmatov imzası” mövzusunda çıxış edən Qırğızıstanın TÜRKSOY-dakı təmsilçisi Kojogeldi Kuluyev Çingiz Aytmatovun əsərləri, onların ideya istiqamətləri, türk xalqları arasında əlaqələrin gücləndirilməsində rolu, dünya şöhrətli yazıçının Azərbaycanın sənət, mədəniyyət, ədəbiyyat xadimləri ilə əlaqələri barədə danışıb, 2018-ci ilin Qırğızıstanda “Çingiz Aytmatov ili” elan olunduğunu deyib.
Qazaxıstanın TÜRKSOY-dakı təmsilçisi Askar Turganbayevin “Doğumunun 125-ci ilində Mağcan Cumabay və qazax ədəbiyyatı” mövzusunda çıxışı da konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Konfransda həmçinin Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Anar İsgəndərov “Naxçıvan – Türk və İslam dünyasına açılan qapı”, Ankara Yıldırım Bəyazit Universitetinin müəllimi, doktor Oğuzxan Aydın “Əhmət Yəsəvidən Yunus Əmrəyə Türk Dünyasının irfan ədəbiyyatı”, Ankara Hacəttəpə Universitetinin doktorantı Cavid Mövsümlü “19-cu yüz il – 20-ci yüz ilin əvvəlində Azərbaycanda din adamlarının maariflənmə hərəkatında yeri və rolu” mövzusunda çıxış ediblər.
Sonda TÜRKSOY adından “Naxçıvan” Universitetinə konfransa ev sahibliyi etdiyi üçün hədiyyə təqdim olunub.