Qara Qarayevin 100 illiyi haqqında ölkə başçısının sərəncamına uyğun olaraq 2018-ci ildə dahi bəstəkarın yubileyi ilə əlaqədar Azərbaycanda, eləcə də xaricdə tədbirlər keçirilib.

Yubiley tədbirlərinin yekunu olaraq dekabrın 19-da Beynəlxalq Muğam Mərkəzində kamera konserti keçiriləcək. Konsertdə tanınmış rusiyalı musiqiçilər, beynəlxalq müsabiqələr laureatları – pianoçu Olqa Domnina, skripka ifaçısı Stanislav Malışev, o cümlədən istedadlı gənc vokalçı, Vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsinin “Ümid” diplomuna layiq görülmüş Mahir Tağızadə çıxış edəcək.

Proqramda bəstəkarın skripka və fortepiano üçün sonatası, fortepiano prelüdləri, səs və fortepiano üçün 3 noktürn və digər əsərləri səslənəcək.

Eyni gündə Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin sifarişi ilə Rusiyanın “DİVİ” teleşirkəti tərəfindən çəkilmiş “Qara Qarayev. Yol” sənədli filminin təqdimatı keçiriləcək.