Mədəniyyət Nazirliyinin dəstəyi ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) keçirilən “Akademik, xalq və caz musiqisi” respublika festivalına yekun vurulub.
BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli çıxış edərək festivalın əhəmiyyətindən söz açıb.
Rektor festivalın müəllifləri və təşəbbüskarları – məktəb-studiyanın direktoru, professor Tərlan Seyidov və Xüsusi pedaqoji hazırlıq kafedrasının müdiri, dosent Elnarə Məmmədovanın zəhmətini xüsusi qeyd edib.
Bildirilib ki, festival musiqi incəsənətinin üç əsas istiqaməti – klassik, xalq və caz musiqisinə həsr olunub.
“Festivalın məqsədi musiqi məktəblərinin klassik repertuarına daxil olan proqramlardan əlavə ifaçılıq bacarığının ahəngdar inkişaf yollarını özündə cəmləşdirən kamil və universal musiqiçi yaratmaqdan ibarətdir. Buna görə də biz məqsədyönlü şəkildə festivalın şərtlərinə əlavə olaraq çoxəsrlik Azərbaycan xalq musiqisi və XX əsrin əvvəllərində yaranmış nisbətən gənc caz sənəti nümunələrinin ifası üzrə tələblər irəli sürdük”, - deyə Tərlan Seyidov bildirib.
Festivalda Azərbaycanın 13 bölgəsinin musiqi məktəbləri, orta və ali musiqi təhsili müəssisələrindən 130 gənc musiqiçi iştirak edib. Dörd nominasiya üzrə (fortepiano, simli alətlər, nəfəs və zərb alətləri, vokal) keçirilən festivalda Bakı, Sumqayıt, Bərdə və Neftçaladan 17 gənc musiqiçi laureat adını qazanıb.