Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərgi
Dünya şöhrətli sənətkar Tahir Salahov zəngin yaradıcılıq yolu keçərək bir rəssamın arzu və iddia edə biləcəyi ən yüksək ad və mükafatlara layiq görülüb.
Azərbaycan və SSRİ-nin Xalq rəssamı, SSRİ Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı adına, respublikamızın ən ali təltiflərinə – 1998-ci ildə “İstiqlal”, 2008-ci ildə “Heydər Əliyev” ordenlərinə, 2015-ci ildə Heydər Əliyev mükafatına, bu günlərdə isə 90 illik yubileyi ərəfəsində 1-ci dərəcəli “Əmək” ordeninə layiq görülüb. Həmçinin sovet dövründə “Lenin”, “Oktyabr İnqilabı” və digər ordenləri, eləcə də Rusiyanın Dövlət mükafatı (2012), müxtəlif ölkələrin mükafatları ilə təltif olunub, uzun illər SSRİ Rəssamlar İttifaqı İdarə heyətinin birinci katibi olub, 20 ildən çoxdur Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidentidir. Sənətkarın bu illər ərzində müxtəlif ölkələrdə, mötəbər məkanlarda sərgiləri keçirilib. 90 illik yubileyi münasibətilə sənət ömrünün ən böyük hesabatını isə doğma şəhərində təqdim edir.
Dekabrın 14-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində Tahir Salahovun möhtəşəm yubiley sərgisi açılıb.
Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev ulu öndər Heydər Əliyevin dünya şöhrətli rəssamın yaradıcılığına daim yüksək diqqətlə yanaşdığını vurğulayıb, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın yubilyara təbrik məktubları ünvanladıqlarını, dövlətimizin başçısının rəssamı şəxsən qəbul edərək onu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdiyini xatırladıb. Nazir Tahir Salahovun Azərbaycanın ali mükafatları ilə yanaşı, beynəlxalq səviyyədə layiq görüldüyü mükafatları da qeyd edib, görkəmli rəssamın ömür və sənət yoluna nəzər salıb. Bildirib ki, onun həyatı və yaradıcılığı olduqca maraqlı və zəngin hadisələrlə doludur.
Prezident Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva dövlətimizin başçısının Tahir Salahova 90 illik yubileyi münasibətilə ünvanladığı təbrik məktubunu oxuyub.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə heyətinin sədri Əsgər Ələkbərov 2011-ci ildən Prezident İlham Əliyevin sərəncamı ilə İçərişəhərdə Tahir Salahovun ev-muzeyinin fəaliyyət göstərdiyini qeyd edib. Bildirib ki, paytaxtımıza gələn xarici qonaqlar, məktəblilər, gənclər dünya şöhrətli rəssamın ev-muzeyini böyük maraqla ziyarət edirlər.
Sonra Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, dünya şöhrətli rəssam Tahir Salahov çıxış edib. Bildirib ki, 90 illik yubileyi münasibətilə onu ilk təbrik edən Prezident İlham Əliyev olub. Dövlətimizin başçısına və birinci xanıma ona göstərilən diqqətə, yaradıcılığına verilən yüksək qiymətə görə minnətdarlığını bildirən Tahir Salahov ulu öndər Heydər Əliyevin də həmişə ona qayğı ilə yanaşdığını vurğulayıb. “Tale bizi bu gün bu zala toplayıb”, deyən sənətkar sərginin keçirildiyi məkanın seçilməsinin təsadüfi olmadığını bildirib. O deyib: “Bu məkan Bakının qədim, tarixi və müasir abidələrinə, tikililərinə yaxın yerləşir. Xoşbəxtəm ki, bu gün sizinlə birlikdəyəm”.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 14-də Bakı Ekspo Mərkəzində dünya şöhrətli rəssam Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərgi ilə tanış olublar.
Sərginin ekspozisiyasında Tahir Salahovun şəxsi kolleksiyasından, Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Xalça Muzeyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarından seçilmiş 80-dək xalça, 40-dək rəngkarlıq və rəsm əsəri, eləcə də 350-dək fotoşəkil nümayiş olunur. Dörd min kvadratmetrlik sahəni əhatə edən ekspozisiyada rəssamın yaradıcılığının bütün dövrlərini əks etdirən əsərləri yer alıb. Fotoşəkillər Tahir Salahovun dünyanın məşhur elm, incəsənət və dövlət xadimləri ilə görüşlərini, onun həyatının maraqlı anlarını əks etdirir. Ulu öndər Heydər Əliyevin Tahir Salahovla şəxsi münasibəti və dostluğu olub. Dövrümüzün böyük sənətkarı və tanınmış ictimai xadimi olan Tahir Salahov müasir rəssamlıq məktəbinin görkəmli nümayəndəsi kimi uzunmüddətli, səmərəli və bənzərsiz yaradıcılığı ilə zəngin mədəniyyət salnaməmizə yeni səhifələr yazıb. Eyni zamanda, milli sənət xəzinəmizin qızıl fondunda özünə həmişəlik layiqli yer tutan əsərləri ilə Azərbaycan təsviri sənətinə dünyada geniş şöhrət qazandırıb. Böyük sənətkar “Sərt üslub”un banilərindən biridir. Onun bu üslubda yaratdığı sənət nümunələrində insan taleyi vasitəsilə dünyaya, həyata baxışı və fəlsəfi düşüncələri rənglərin ən incə çalarları ilə dolğun ifadəsini tapıb. Tahir Salahov həm də Azərbaycan incəsənətinin çoxəsrlik ənənələrini Avropa boyakarlıq məktəbinin nailiyyətləri ilə birləşdirib.
Tahir Salahov haqlı olaraq təsviri incəsənətin canlı klassiki və bütöv bir üslubun banilərindən biri hesab olunur. Onun əsərləri dünya mədəniyyəti xəzinəsinə, XX və XXI əsrlərin təsviri incəsənətinin qızıl fonduna daxildir. Böyük sənətkarın heyrətamiz portret yaradıcılığı isə sənətsevərlər tərəfindən daim rəğbətlə qarşılanıb. Azərbaycan rəngkarlığının inkişafında bütöv bir dövrü təşkil edən əsərləri bu gün dünyanın mötəbər muzeylərini, məşhur qalereyalarını bəzəyir və şəxsi kolleksiyalarda saxlanılır. Onun mühüm mədəni hadisəyə çevrilən fərdi sərgiləri isə Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliğində böyük rol oynayır.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dünya şöhrətli rəssam Tahir Salahovu 90 illik yubileyi münasibətilə bir daha təbrik ediblər, ona yeni-yeni uğurlar arzulayıblar.
* * *
Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov dekabrın 15-də Bakı Ekspo Mərkəzində Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərgi ilə tanış olub.
Baş nazirə sərgi barədə məlumat verilib. Qeyd olunub ki, Tahir Salahov müasir rəssamlıq məktəbinin görkəmli nümayəndəsi kimi yüksək sənətkarlığı ilə səciyyələnən əsərlərlə mədəniyyət salnaməmizi zənginləşdirib.
Sonra sərgi ilə tanışlıq olub.
Qeyd edək ki, sərgi dekabrın 23-dək davam edəcək.