2019-cu il təşkilat tərəfindən “İmadəddin Nəsimi ili” elan olunub
2018-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olan Türkiyənin Kastamonu şəhəri bu missiyanı başa vurur. Dekabrın 18-də şəhərdə TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 36-cı dönəm toplantısı keçirildi.
İclasda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Günay Əliyeva və ölkəmizin TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı iştirak edirdilər.
Tədbirdən öncə iştirakçılar Türk dünyasının mədəniyyətinə həsr edilən kitab və rəsm sərgisi ilə tanış oldular.
Toplantını Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy açaraq Kastamonu şəhərində “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin uğurla başa çatdığını dedi: “İl ərzində Kastamonu ortaq dəyərlərimizin önə çıxarılmasında mühüm rol oynadı. Şəhərdə Türk dünyasının ortaq mədəni dəyərlərinin yaşadılması və bir araya gətirilməsi üçün önəmli tədbirlər həyata keçirildi. Kastamonu müxtəlif tədbirlərə, festival və konfranslara, sərgilərə, təqdimatlara ev sahibliyi etdi”. Nazir TÜRKSOY-un çoxsahəli fəaliyyətinə də toxundu və bildirdi ki, 25 illiyini qeyd edən qurum bu illər ərzində öhdəsinə düşən vəzifələri uğurla yerinə yetirib, ortaq türk mədəniyyəti və tarixinin dünyada tanıdılmasına nail olub.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov da sözünə yubiley ilində təşkilatın fəaliyyətindən bəhs edərək başladı. Bu işlərdə əməyi keçən hər kəsə təşəkkürünü bildirən baş katib 2013-cü ildən həyata keçirilən “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin əhəmiyyətini vurğuladı. Qardaş cümhuriyyətlərin bu layihənin uğurla reallaşmasında böyük rol oynadığı vurğulandı.
Kastamonu valisi Yaşar Karadəniz isə ilboyu çoxsaylı tədbirlərə ev sahibliyi etməkdən məmnun olduqlarını dedi: “Kastamonunun “paytaxt” elan olunduğu müddətdə Türk dünyasının hər yerindən çox sayda tanınmış incəsənət nümayəndələri gəldi. Qəlblər birgə döyündü. Şəhərimiz nüfuzlu mədəni tədbirlərə də ev sahibliyi etməyin qürurunu yaşadı və Türk dünyasının ortaq dəyərlərini dünya coğrafiyasına tanıtdı”.
Kastamonu Bələdiyyəsinin başqanı Tahsin Babaş dedi: “Belə bir ünvana sahib olduğumuza görə, mövcud mədəni varlığımızı tanıtdığımız üçün əldə etdiyimiz bu fürsətə görə rolu olanlara təşəkkür edirik. Bu bir il ərzində Kastamonunun mədəniyyəti və tarixini dünyaya nümayiş etdirə bildik. Evliyalar şəhəri olan Kastamonu mənəvi özəllikləri ilə tanınır. Bu layihələrin, tədbirlərin gerçəkləşməsində TÜRKSOY-un böyük zəhməti oldu. TÜRKSOY mənəvi bağlarımızın möhkəmlənməsində böyük rol oynamaqdadır”.
Qırğızıstan mədəniyyət və turizm nazirinin müavini Bakıtbek Sekimov da ötən 25 il ərzində TÜRKSOY-un Türk dünyasına böyük töhfələr verdiyini, 2018-ci ilin Qırğızıstan üçün əhəmiyyətli il olduğunu vurğuladı. Diqqətə çatdırdı ki, 2018-ci il TÜRKSOY tərəfindən “Çingiz Aytmatov ili” elan olunmuşdu və bu çərçivədə Azərbaycanda, Türkiyədə, digər türkdilli ölkələrdə tədbirlər keçirildi. Bütün bunlar həm də qırğız xalqına hörməti ifadə edir.
Türkmənistan mədəniyyət nazirinin müavini ölkəsinin TÜRKSOY-la sıx əməkdaşlıq etdiyini bildirdi: “Biz də öz növbəmizdə Türk dünyasının ortaq dəyərlərinin qorunmasında və inkişafında yaxından iştirakımıza görə məmnunluq hissi keçiririk”.
Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndəsi Günay Əliyeva “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin ortaq mədəniyyət və irsimizin qorunması və təşviqinə mühüm töhfələr verdiyini qeyd etdi: “Bu layihənin gələcəkdə də davam etdirilməsi türk xalqları arasında həmrəyliyi və qarşılıqlı anlaşmanı daha da möhkəmləndirmək, beynəlxalq miqyasda ümumtürk mədəniyyətinin inkişafına kömək etmək, adət-ənənələri, incəsənəti, ədəbiyyatı qorumaq istiqamətində mühüm nailiyyətlərin əldə olunmasına səbəb olacaq”. Nazirlik rəsmisi xatırlatdı ki, Azərbaycanın Naxçıvan şəhəri 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan olunub və il çərçivəsində bir sıra mühüm tədbirlər keçirilib.
G.Əliyeva TÜRKSOY tərəfindən ənənəvi olaraq hər il keçirilən “Türk dünyasının öncülləri” layihəsinin əhəmiyyətinə, bu çərçivədə Azərbaycan şəxsiyyətlərinə həsr edilən tədbirlərə də toxundu və 2018-ci ildə “Qara Qarayev ili”nin qurum tərəfindən yüksək səviyyədə qeyd olunduğunu vurğuladı.
Qeyd edək ki, toplantıda Azərbaycanın 2019-cu ildə böyük şairimiz İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi çərçivəsində “Nəsimi ili”nin keçirilməsi təklifi qəbul olundu.
Həmçinin Türkiyənin Aşıq Veysəlin anadan olmasının 125-ci ildönümü münasibətilə gələn ilin “Aşıq Veysəl ili” elan olunması təklifi də dəstəkləndi.
Toplantıda 2019-cu ilin “Türk dünyasının mədəniyyət paytaxtı” barədə də qərar qəbul olundu. Gələn il bu missiyanı Qırğızıstanın Oş şəhəri davam etdirəcək.
İclasdan sonra Kastamonunun estafeti Qırğızıstanın Oş şəhərinə təhvil verməsi mərasimi keçirildi. Axşam isə “Türk dünyasının mədəniyyət paytaxtı” ilinin təntənəli bağlanış mərasimi oldu.
Mehparə SULTANOVA
Kastamonu