“Naxçıvan İslam sivilizasiyanın tarixi mədəni mərkəzlərindən biri olub və bundan sonra da bu adı qoruyub saxlayacaq”
Dekabrın 15-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Naxçıvan İslam mədəniyyətinin paytaxtı-2018” ilinin bağlanış tədbiri keçirilib.
Mərasimdən öncə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) baş direktorunun müavini Amina əl-Həcri, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev və Təşkilat Komitəsinin üzvləri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Abidə önündə xatirə şəkli çəkdirilib. Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub.
“Naxçıvan İslam mədəniyyətinin paytaxtı-2018” ilinin bağlanış tədbiri “Qurani-Kərim”in tilavəti ilə başlayıb.
Muxtar respublikanın mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Naxçıvan şəhərinin 2018-ci ildə “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” 2016-cı il 2 iyun tarixli sərəncamına əsasən, Təşkilat Komitəsinin sədri Vasif Talıbovun rəhbərliyi ilə iclaslar keçirilib, müvafiq hazırlıq işləri görülüb, il ərzində müxtəlif tədbirlər həyata keçirilib.
“Naxçıvan İslam mədəniyyətinin paytaxtı-2018”in internet səhifəsi yaradılıb, poçt markası, buklet, suvenirlər hazırlanıb. 2017-ci il iyulun 7-də “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfrans, dekabrın 6-da “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfrans keçirilib. “İslamda müdrik kəlamlar”, “Naxçıvan: türk-islam mədəniyyəti abidələri”, “Naxçıvan buzxanaları”, “Naxçıvan hamamları”, “Naxçıvan türbələri” kitabları, eləcə də mütəfəkkir Nemətullah Naxçıvaninin “Qurani-Kərim”in təfsirinə həsr olunmuş çoxcildliyinin birinci cildi tərcümə edilərək nəşr olunub.
Qeyd olunub ki, ötən müddətdə “Naxçıvan: türk-islam mədəniyyəti abidələri”, “İslam mədəniyyətinin paytaxtı Naxçıvan” televiziya filmləri hazırlanıb. 2018-ci ildə Şərur rayonunun Yengicə kəndindəki Şərq hamamında, Nehrəm imamzadəsində, Naxçıvan şəhər imamzadəsində və Kəngərli rayonundakı Qarabağlar türbəsində əsaslı bərpa işləri aparılıb.
2018-ci il iyunun 20-də “Naxçıvan İslam mədəniyyətinin paytaxtı” ilinin rəsmi açılışından sonra bir sıra tədbirlər, o cümlədən dünya şöhrətli ebru sənətçisi, Türkiyə Böyük Millət Məclisinin sənət üzrə müşaviri Hikmət Barutcugilin əsərlərindən ibarət “Allahın gözəl adları” mövzusunda sərgi, dünya şöhrətli İran rəssamı və miniatür ustası Mahmud Farçciyanın sənət sərgisi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Dədə Qorqud” Kamera orkestrinin konserti, “İslam filmləri həftəsi”, “Naxçıvan İslam mədəniyyətinin paytaxtı” mövzusunda beynəlxalq konfrans keçirilib.
İSESCO baş direktorunun müavini Amina əl-Həcri mərasimdə iştirakından məmnunluğunu bildirərək qeyd edib ki, Naxçıvan tarix boyu Azərbaycan xalqının mühüm tarixi mədəni irsinin yaşadıldığı, həmçinin mədəniyyətlərin və sivilizasiyaların təmas məkanı olub. Bu gün qədim Azərbaycan şəhəri Naxçıvan öz zəngin maddi və qeyri-maddi mədəni irsini keçmişin təcrübəsindən faydalanaraq qoruyur və gələcəyə çatdırır. O, il ərzində keçirilən tədbirlərdən danışaraq bu sırada İSESCO tərəfindən Beynəlxalq klassik musiqi festivalı, İSESCO-nun “Yaşıl Şəhər Strategiyası” ilə bağlı regional toplantı, mədəni sənaye sahələrində investisiyaların əhəmiyyəti və gənclər arasında işsizliyin azaldılmasında onun rolu mövzusunda milli seminar və digər tədbirləri qeyd edib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının mədəniyyət naziri, Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsi sədrinin müavini Əbülfəs Qarayev vurğulayıb ki, Prezident İlham Əliyevin Naxçıvanın “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında xüsusi sərəncam imzalaması bu tarixi hadisəyə verilən böyük önəmin və Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətin təzahürüdür. Nazir bildirib ki, Təşkilat Komitəsi tərəfindən ötən dövrdə mühüm tədbirlər həyata keçirilib. Naxçıvan qədim tarixi və zəngin mədəniyyəti, müasir iqtisadi imkanları və inkişafı ilə “İslam mədəniyyətinin paytaxtı” statusunu ləyaqətlə dünyaya nümayiş etdirib: “Həmçinin 2018-ci ilin 26 noyabr – 1 dekabr tarixlərində Mavriki Respublikasında UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında qəbul edilən qərarla “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESCO-nun Təcili qorunma siyahısına daxil edilib. Məqsəd ölkəmizin qədim və tarixi ərazisi olan Naxçıvanda yaşayan əhalinin ənənəvi mədəniyyətinə və xalq yaradıcılığına dünya miqyasında işıq salmaq və tanıtmaq, eyni zamanda bu ənənələri UNESCO səviyyəsində qorumaqdan ibarətdir”. Nazir onu da diqqətə çatdırıb ki, Şərur, ələlxüsus “Köçəri” yallısını öz adına çıxmağa çalışan Ermənistanın “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” nominasiyasına qarşı təxribat xarakterli cəhdlərinin qarşısı alınıb, növbəti dəfə bu ölkəyə layiqli cavab verilib. Vurğulanıb ki, Naxçıvanın “İslam mədəniyyət paytaxtı” olması bir illə məhdudlaşmır. Naxçıvan İslam sivilizasiyanın tarixi mədəni mərkəzlərindən biri olub və bundan sonra da bu adı əbədi qoruyub saxlayacaq.
* * *
Sonra “Naxçıvan İslam mədəniyyətinin paytaxtı-2018”in bağlanışı münasibətilə konsert olub. Azərbaycan Respublikasının Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımova xalq mahnıları və muğamlarımızı məharətlə və böyük ustalıqla ifa ediblər. “Şərur” Xalq yallı ansamblının ifasında təqdim olunan “Köçəri” və “Tənzərə” yallıları da alqışlarla qarşılanıb.
Konsertdən sonra muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov, İSESCO baş direktorunun müavini Amina əl-Həcri, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev və TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş səhnə arxasına keçərək ifaçılarla görüşüblər.
Ali Məclisin sədri ifaçılara təbriklərini çatdıraraq Alim Qasımovun bugünkü konsertdə ilahi eşqlə və şövqlə oxuduğunu xüsusi vurğulayıb. Bildirib ki, “Şərur” Xalq yallı ansamblı da yallılarımızı məharətlə ifa etdi. Yallı bizim qədim irsimizdir. Muxtar respublikada yallı sənətinin qorunması ilə bağlı tədbirlər həyata keçirilir.
Amina əl-Həcri deyib: “İfa olunan mahnılar, muğamlar və yallılar Azərbaycan xalqının özünəməxsusluğunu, tarixini və zəngin mədəni irsə malik olduğunu göstərir. Bunlar sadəcə musiqi və rəqs deyil, həm də bir xalqın qədim tarixinin yaşadılmasıdır”.
Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev diqqətə çatdırıb ki, konsertdə təqdim olunan bütün yaradıcılıq nümunələri UNESCO-nun siyahısına daxil edilib: “Muğam ifaçılığı, tar, kamança və yallı bir daha təsdiq etdi ki, Azərbaycan xalqının yaratdığı incəsənət nümunələri bütün bəşəriyyətə məxsusdur. Bütün bunların bir arada “Naxçıvan İslam mədəniyyətinin paytaxtı-2018”in bağlanış tədbirində ifa olunması isə mühüm əhəmiyyətə malikdir. Çünki Naxçıvanda tarixin və mədəni irsin qorunub saxlanılması və təbliği sahəsində kompleks işlər görülür”.
Xalq artisti Alim Qasımov göstərilən diqqətə və yaradıcılıqlarına verilən yüksək qiymətə görə minnətdarlıq edib. Sonra ifaçılarla xatirə şəkilləri çəkdirilib.