TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 36-cı iclasında qəbul olunan qərarlar Türk dünyası üçün tarixi əhəmiyyət daşıyır. Bu barədə TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinov jurnalistlərə açıqlamasında deyib.

Baş katib qeyd edib ki, Qırğızıstanın Oş şəhərinin “2019-cu ildə Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi, eləcə də iclasın qərarı ilə 2019-cu ilin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi və Türkiyənin görkəmli el sənətkarı Aşıq Veysəlin 125 illiyi münasibətilə xatirə ili elan olunması türk tarixinin, mədəniyyətinin və ədəbiyyatının dünyaya tanıdılması, gənc nəsillərimizə ötürülməsi istiqamətində mühüm bir addımdır.

TÜRKSOY-un “mədəniyyət paytaxtı” və “tarixi şəxsiyyətlərin tanınması” layihələrinin vacibliyini vurğulayan baş katib gələn il dünyanın bir çox ölkələrində Nəsimi ilə bağlı tədbirlərin təşkil olunacağını diqqətə çatdırıb.