Rusiyalı məşhur musiqiçilər Qara Qarayevin əsərlərini Bakıda ifa etdilər

Dekabrın 19-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın dahi bəstəkarı, SSRİ Xalq artisti, akademik, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş yekun konsert təqdim olundu.

Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə keçirilən yubiley tədbirləri bu ilin əvvəlindən etibarən təkcə Azərbaycanı əhatə etmədi, bir il ərzində yaxın-uzaq xaricdə dünya şöhrətli bəstəkarın əsərlərindən ibarət konsertlər keçirildi, onun yaradıcılığına həsr olunmuş elmi konfranslar baş tutdu, sənədli film lentə alındı. 

Beynəlxalq Muğam Mərkəzində keçirilən kamera musiqisindən ibarət konsert,  gənc olmasına baxmayaraq, kifayət qədər tanınan pianoçu, beynəlxalq müsabiqələr laureatı rusiyalı Olqa Domninanın çıxışı ilə başladı.

Repertuarında daha çox XX əsr bəstəkarlarının fortepiano üçün bəstələdikləri əsərlərə üstünlük verən ifaçı yubilyarın “Fortepiano üçün 24 prelüd” silsiləsindən 2-ci dəftərə daxil olan prelüdləri səsləndirdi. Bu ilin əvvəlində Moskva Dövlət Konservatoriyasında keçirilmiş konsertdə Qara Qarayevin bu silsilədən 4-cü dəftərə daxil olan prelüdlərini ifa etmiş Olqa Domnina jurnalistlərə müsahibəsində demişdi ki, “24 prelüd” silsiləsindən digər dəftərləri də öyrənmək niyyətindədir: “Qara Qarayevin musiqisində Avropa məktəbi ilə Şərq motivlərinin, Şərq ədviyyatının, Şərq mülayimliyinin qovuşuğu var. Klassik musiqinin Avropa yox, digər folklor əsasında arzuladığım bu cür fərqli səslənişini məhz Qara Qarayevin əsərlərində tapmışam”.

Salonun nəfəs dərmədən dinləyib alqışladığı Olqa Domnina bir də səhnəyə qayıtdı, lakin bu dəfə “Violin və fortepiano üçün sonata”nı digər beynəlxalq müsabiqələr laureatı, həmyerlisi Stanislav Malışev ilə birlikdə ifa etmək üçün.

Konsertin proqramı tərtib edilərkən rəngarənglik nəzərə alınmışdı. Gənc bariton, beynəlxalq müsabiqələr laureatı Mahir Tağızadə Qara Qarayevin Lenqston Hyuzun sözlərinə bəstələdiyi, uzun illər ifa edilməmiş bariton, fortepiano və violin üçün üç noktürnünü Olqa və Stanislavla birlikdə ifa etdi.

Dinləyiciləri daha bir sürpriz gözləyirdi. Qara Qarayevin “Yeddi gözəl”inə vurğun olan Olqa Domninanın xahişi ilə müasir rus bəstəkarı Vladimir Genin baletin musiqisini solo fortepiano üçün transkripsiya edib. Bu əsərin dünya premyerası ötən illərdə Bakıda səslənsə də, ifa hüququ Olqa Domninada olan “musiqi təbdil”ini yalnız onun ifasında dinləməyə ixtiyarımız var. Bununla belə, pianoçu xanım bu əsəri daim öz konsertlərində final çıxışı olaraq ifa edir.

Beləliklə, Qara Qarayevin 100 illik yubileyi ilə bağlı tədbirlər, musiqi axşamları başa çatır. Əgər XX əsr dünya musiqisinin dahilərindən sayılan Azərbaycan bəstəkarının əsərləri gənc ifaçıları da ilhamlandırırsa, deməli, onun əsərləri təkcə yubiley münasibətilə deyil, həmişə səslənəcək və musiqi xiridarlarının zövqünü oxşayacaq.

G.MİRMƏMMƏD