Əfsanəvi partizanın 100 illiyinə həsr olunan tədbir və kitab təqdimatı
Dekabrın 20-də Azərbaycan İstiqlal Muzeyində Sovet İttifaqı Qəhrəmanı məşhur partizan Mehdi Hüseynzadənin (1918-1944) 100 illik yubileyinə həsr olunan “Şərəfli ömrün anları” adlı tədbir keçirildi.
Muzeyin direktoru Fəridə Şəmsi çıxış edərək Prezident İlham Əliyevin Mehdi Hüseynzadənin 100 illiyi haqqında sərəncam imzaladığını diqqətə çatdırdı, il ərzində yubileylə bağlı müxtəlif tədbirlərin keçirildiyini dedi. Azərbaycanın cəsur oğlunun qəhrəmanlıqlarla dolu həyatından danışan direktor qeyd etdi ki, Mehdi Hüseynzadə Böyük Vətən müharibəsi (1941-1945) zamanı əsir götürülüb, sonradan əsirlikdən qaçaraq antifaşist Müqavimət hərəkatına qoşulub, Yuqoslaviya, İtaliya partizan dəstələri ilə birgə döyüşüb. Əfsanəvi partizan “Mixaylo” çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirib, misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanaraq Azərbaycan xalqının tarixi hünər salnaməsinə şanlı səhifələr yazıb.
Tədbirdə həmçinin Sloveniya yazıçısı Peter Amaliettinin Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən dilimizə tərcümə edilmiş “Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” kitabının təqdimatı keçirildi. Kitab 2013-cü ildə Mədəniyyət Nazirliyinin dəstəyi ilə rus dilində işıq üzü görüb. Bu il Azərbaycan Dövlət Tərcümə Mərkəzinin təşəbbüsü ilə Azərbaycan dilinə çevrilib.
Azərbaycan Dövlət Tərcümə Mərkəzi Aparatının rəhbəri Yaşar Əliyev çıxış edərək kitabın əhəmiyyətindən danışdı. Qeyd etdi ki, bədnam qonşularımız zaman-zaman tarixi torpaqlarımızı işğal etdikləri kimi, qəhrəmanlarımıza da böhtan atıb, onların igidliyini danıblar. Təqdim olunan kitabda müəllif Peter Amalietti Mehdi Hüseynzadənin qəhrəmanlığını dolğun şəkildə təsvir edib.
Kitabın tərcüməçisi Fərhad Abdullayev, AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru İlham Abbasov, İtaliya faşizmə qarşı Müqavimət hərəkatının iştirakçısı olmuş Əli Babayevin oğlu Baba Babayev, Nəsimi rayonu Mehdi Hüseynzadə adına 19 nömrəli tam orta məktəbin direktoru Akif Əliyev çıxış edərək kitabla bağlı fikirlərini bölüşdülər.
Mehdi Hüseynzadənin bacısı oğlu Mehdi Əzizbəyov tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirdi.
Çıxışlardan sonra qonaqlar Mehdi Hüseynzadənin yubileyinə həsr olunmuş “Şərəfli ömrün anları” adlı sərgi ilə tanış oldular. Nümayiş olunan 100-dən çox foto və sənəd Mehdi Əzizbəyov tərəfindən muzeyə təhvil verilib.
Savalan FƏRƏCOV