Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin (BXA) Musiqi fənləri kafedrasının təşkilatçılığı ilə “Üzeyir Hacıbəyli və onun davamçılarının yaradıcılığında xalq çalğı alətlərinin ifasında seçilmiş rəqs nümunələrinə elmi-praktik aspektdən yanaşma” mövzusunda elmi-praktik seminar keçirilib.
Seminarda Bakı Musiqi Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, Xalq artisti, professor Ramiz Quliyev, BXA-nın professor-müəllim heyəti, tələbələr və qonaqlar iştirak ediblər.
BXA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Sonaxanım İbrahimova dahi bəstəkarın milli musiqi mədəniyyətimizdə müstəsna xidmətlərindən danışıb. Professor G.Abdullazadə bəstəkarın zəngin musiqi irsi, təkrarsız yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verib. Xalq artisti Ramiz Quliyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əhsən Əhmədov, dosent Nuridə İsmayılzadə, BMA-nın elmi tədqiqat laboratoriyasının böyük elmi işçisi Rauf Bəhmənli çıxış ediblər. Sonda Ramiz Quliyev Üzeyir Hacıbəyli yaradıcılığından rəqs nümunələrini tarda ifa edib.
* * *
Akademiyada təşkil olunan daha bir seminar “Milli rəqs sənəti: tarix və müasirlik” mövzusuna həsr edilib. Elmi-nəzəri seminarı giriş sözü ilə Musiqi fənləri kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əhsən Əhmədov açaraq, Azərbaycan rəqs sənəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonra sənətşünaslıq üzrə elmlər doktoru, professor Abbasqulu Nəcəfzadə “Milli rəqs sənətimizin tarixi və müasirliyi” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, özündə qədim irs və ənənələrimizi daşıyan Azərbaycanın milli rəqsləri nəsildən-nəslə keçərək xalqımızın həm də həyat və məişətini özündə əks etdirir. Professor həmçinin mərasim rəqsləri (toy, bayram və s.), əmək rəqsləri, uşaqlar üçün rəqslər və əşyalarla (nəlbəki, yaylıq, qaval və s.) rəqslər barədə də məlumat verib.
Daha sonra isə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aydın Əliyev BXA-nın tələbələrinə “Azərbaycan qədim xalq rəqslərinin tədrisi məsələləri” mövzusunda ustad dərsi keçib. O, instrumental alətlərlə “Xalabacı”, “Turacı”, “Şəlalə”, “Tello”, “Vağzalı” və digər gözəl milli rəqs nümunələrini ifa edib. Ustad dərsi tələbələrin böyük marağına səbəb olub.
* * *
BXA-da bəstəkar, beynəlxalq müsabiqələr laureatı, Musiqi fənləri kafedrasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Lalə Cəfərovanın müəllif konserti keçirilib.
Konsertdə Azərbaycan Televiziya və Radiosunun musiqi kollektivlərinin solistləri Şeyda Ələsgərova, İbrahim Babayev, Akif Rəhimov, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin solisti Turanə İsayeva, Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin solisti Camal Bayramlı, BXA-nın dosenti Nigar Ağayeva və akademiyanın tələbələri L.Cəfərovanın “Karvan və rəqs”, “Dəniz və tokkato”, “Rüstəm və Söhrab”, “Blyuz” və “L” və digər musiqi kompozisiyalarını səsləndiriblər.