Bakı Ekspo Mərkəzində dünya şöhrətli rəssam Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərgi davam edir. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgi ilə tanış olmaq üçün hər gün sənətsevərlər bu məkana üz tutur, rəssamın zəngin yaradıcılıq dünyasından zövq alırlar. Dekabrın 19-da sərgiyə gələnlər arasında mədəniyyət işçiləri, şəhər sakinləri, müxtəlif peşə sahibləri vardı.
Paytaxtdakı Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şeyla Heydərova sərgidə mənəvi rahatlıq tapdığını deyir: “Tahir Salahov dünyaca tanınmış rəssamdır. Biz onun bir sıra əsərlərini görmüşük. Amma bu il onun yubileyi münasibətilə ilk dəfə olaraq belə bir geniş sərginin şahidi oluruq. Doğrudan da, hər şey möhtəşəmdir. Düzgün qurulmuş işıq sistemi sərgilənən nümunələri daha baxımlı edir”.
Həmsöhbətim bildirir ki, bu sərgini maraqlı edən daha bir cəhət rəssamın məşhur tablolarının xalça üzərinə köçürülməsidir. Bunlarla yanaşı, xalqımızın dahi şəxsiyyətləri, görkəmli bəstəkarlarının portretləri sərgidə xüsusi yer tutur: “Əvvəllər də Bakıda Tahir Salahovun sərgiləri təşkil olunub. Mən onun əsərlərinə həmişə valeh oluram. Həmin əsərləri xalça üzərinə köçürən xalçaçı rəssamlara da öz minnətdarlığımı bildirirəm. Onlar da bu əsərlərə böyük sevgi ilə yanaşaraq orijinalından fərqlənməyən gözəl işlər ərsəyə gətiriblər”.
Bakı şəhər sakini İlqar Ələsgərov ilk dəfədir ki, ölkəmizdə belə böyük rəsm sərgisinin şahidi olduğunu vurğulayır: “Sərgi haqqında eşidəndə bura gəlməyi qərara aldım. Özüm də rəsm sənətinə böyük həvəs göstərirəm. Burada nümayiş olunan əsərlər dünyaca məşhurdur. Ona görə də belə bir sərgini izləmək fürsətini əldən verə bilməzdim. Təşkilatçılara minnətdarlığımı bildirirəm”.
Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı İnara Əliyeva sərgidən böyük zövq aldığını bildirir: “Məşhur rəssamımız Tahir Salahovun yaratdığı hər bir rəsm özlüyündə çox möhtəşəmdir. Bu sərgidə də böyük sənətkarın özünəməxsus sərt üslubunun geniş şahidi oluruq. Hər bir əsərə tamaşa etməkdən böyük zövq alıram. Tahir Salahovun Azərbaycanın dahi şəxsiyyətlərinə həsr etdiyi çoxsaylı portretləri var. Bu sərgini mənim üçün daha da maraqlı edən həmin əsərlərin burada nümayiş olunmasıdır”.
* * *
Azərbaycan Milli Kitabxanasının kollektivi Bakı Ekspo Mərkəzində Tahir Salahovun 90 illik yubileyinə həsr edilmiş sərgini ziyarət edib. Sərgidə rəssamın yaradıcılığının bütün dövrlərini əhatə edən həm milli, həm də dünyəvi koloriti özündə əks etdirən, rənglərin dolğun, qeyri-adi çaları ilə təsvir edilmiş, hər biri özlüyündə yeni sənət tapıntıları olan tablo, natürmort, portret və peyzajları göz oxşayır. Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Tahir Salahovun görkəmli şəxsiyyətləri, incəsənət xadimlərini, sadə zəhmətkeş obrazını, fərqli və maraqlı təbiət təsvirlərini özünəməxsus tərzdə, rənglərin dili ilə xüsusi orijinallıqla təqdim etdiyi əsərləri də ziyarətçilərdə xüsusi maraq oyadır.
* * *
Qeyd edək ki, sərginin dörd min kvadratmetrlik sahəni əhatə edən ekspozisiyasında rəssamın yaradıcılığının bütün dövrlərini əks etdirən nümunələr yer alıb. Burada Tahir Salahovun şəxsi kolleksiyasından, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarından seçilmiş 40-dək rəngkarlıq əsəri, 80-dək xalça üzərinə köçürülmüş tablo, eləcə də 350-dək fotoşəkil nümayiş olunur.
Tahir Salahovun yubiley sərgisi dekabrın 23-dək davam edəcək.
FARİZ