İstedad zaman keçdikcə zəhmət və öyrənmək əzmi ilə parlayıb layiqli dəyərini alır. Çünki istənilən yaradıcılıq forması özünün əsasını bu üçlüyün uğurlu sintezində, daha doğrusu, ayrılmaz bağlılığında tapır. Gənc müsahibimiz isə buna bir əlavəsini də edir. Yaşına və həyat tərzinə sığdırdığından da böyük təəssübkeşlik və vətənpərvərliklə...

19 yaşlı istedadlı soydaşımız Dinara Mahmudova Rusiyanın Sankt-Peterburq şəhərində doğulub. 4 yaşından musiqi ilə məşğul olmağa başlayıb. İki musiqi albomu (o cümlədən Azərbaycan vokal musiqisi nümunələrindən ibarət) işıq üzü görüb. Sankt-Peterburqda bir neçə musiqi müsabiqəsində laureat adını qazanıb. Uşaq incəsənət məktəbini fərqlənmə diplomu ilə bitirdikdən sonra Sankt-Peterburq Dövlət Akademik Kamera Zalında solo konsertlə çıxış edən həmyerlimiz musiqi ictimaiyyətinin diqqətini cəlb edə bilib.

Zaman keçdikcə istedadını professional şəkildə cilalamaq istəyi ilə Avropaya üz tutur. Praqa Konservatoriyasına daxil olur. Hazırda burada klassik vokal üzrə təhsil alan həmyerlimizin məqsədi dünya miqyaslı ifaçı olmaqdır.

Onunla söhbətimizdə  musiqimizə, bəstəkarlıq məktəbimizə böyük sevgisini hiss etdik:

- Mənim üçün Azərbaycan musiqisi elə bir ənginlikdir ki, orada yalnız böyük bir eşq var. Dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan”ı, “Leyli və Məcnun”u, Müslüm Maqomayevin “Şah İsmayıl”ı, Fikrət Əmirovun “Min bir gecə”si, Qara Qarayevin “İldırımlı yollarla” və “Yeddi gözəl” baletləri o qədər möhtəşəm əsərlərdir ki, insan onları hər dinləyib-izləyəndə bir ayrı zövq alır. Mən bu kimi musiqi əsərlərini dinləyə-dinləyə böyüdüm və hər dəfə bu böyük sənətkarları yetişdirən xalqın bir parçası olmağımla qürur duydum. Müslüm Maqomayev, Rəşid Behbudov, Şövkət Ələkbərovanın ölməz səs-sənətləri o qədər əvəzsizdir ki, hər konsertimdə, hər hansı tədbirdə çıxışımda bir ifa da olsa, onların repertuarına müraciət edirəm.

 

- Yəqin sevdiyin bu ifalar sənə uğur da gətirib...

- Bəli, bir neçə il əvvəl Emin Sabitoğlunun məşhur “Bakı, sabahın xeyir” mahnısı ilə Sankt-Peterburqda keçirilən “Xalq mahnıları” adlı müsabiqədə baş mükafatı qazandım. Çalışıram bütün müsabiqələrdə bir Azərbaycan mahnısı ifa edim. Ali təhsilimi klassik vokal üzrə alıram və sərbəst ifaçılıq dərslərimdə daha çox milli musiqilərimizdən oxumağa çalışıram. Çünki arzum Azərbaycanın böyük musiqi sənətini tərənnüm etməkdir.

 

- Müasir gəncliyin marağını çəkən fərqli musiqi janrları olduğu halda niyə məhz klassik vokalçılıq?

- Hazırda xeyli sayda müasir musiqi texnika-texnologiyaları var və onlar, bir növ, ifaçılığı arxa plana keçirməyə cəhd edir. Baxın, hətta ən zəif, vokal baxımından ən sadə səsi də kompüterin “gücü” ilə dəyişib qüvvətləndirə bilirlər. Bu janra yönəlməyim, təbii ki, daha çox müəllimlərimin, ifamı dinləyib dəyərləndirən musiqi mütəxəssislərinin təşəbbüsü ilə oldu və bundan çox məmnunam. Çünki istənilən müasirliyin bağlı olduğu klassika daimidir, ölməzdir.

 

- Yəqin dinləyici olaraq sadəcə klassik musiqilərlə kifayətlənmirsən?

- Əlbəttə, yox. Sadəcə yaxşı, keyfiyyətli musiqiləri dinləyirəm. Bu, caz da ola bilər, estrada da, rok da. Əsas odur ki, keyfiyyətli, yəni peşəkar musiqi və ifa olsun. Musiqi mənim üçün həyatın, dünyanın ən sonsuz zövqüdür. Ən qəmli, həzin musiqi belə insanın ruhunu mütləq bir emosional yüksəlişə səsləyir. Odur ki, əsas dinləmək və musiqidən ruhuna pay ayırmaqdır. Ölməz Tofiq Quliyevin mahnılarını hər dinlədikdə məhz bu fikri təsdiqləyirəm: gözəl musiqi, mahnı ifa olunduğu o bir neçə dəqiqədə adamı özünün də hiss etmədiyi bir səadətə qovuşdurur.

 

- Müxtəlif konsert salonlarında çıxışların olub. Bakıda konsert vermək istəyin varmı?

- Əlbəttə, bu mənim ən böyük arzumdur və yəqin ki, qarşıdakı ilin yazında bunu gerçəkləşdirəcəyik. 

HƏMİDƏ