Pekində Heydər Əliyev Fondunun və Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının təşkilatçılığı, Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə Azərbaycan-Çin dostluq konserti keçirilib.

Konsertdən əvvəl çıxış edən Baş nazirin müavini Əli Əhmədov Azərbaycan ilə Çinin dost və tərəfdaş ölkələr olduğunu qeyd edərək, xalqlarımız arasında əlaqələrin tarixi İpək Yolu dövründən başladığını deyib. Diqqətə çatdırılıb ki, Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvi hələ XII əsrdə xalqlarımızın dostluğunu “Yeddi gözəl” poemasında vəsf etdiyi Çin gözəli obrazı ilə təsvir edib. Ölkələrimizin dostluq və əməkdaşlığının indiki mənzərəsi daha zəngin və rəngarəngdir. Baş nazirin müavini Azərbaycan-Çin humanitar əlaqələrinin genişləndirilməsində və müxtəlif mədəni layihələrin reallaşdırılmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəal rolundan söz açıb.

Qədim İpək Yolunun ölkələrimiz arasında dostluq əlaqələrinin təməlini qoyduğunu qeyd edən Ümumçin Xalq Siyasi Məşvərət Şurası Milli Komitəsinin sədr müavini Şao Xon zəngin mədəniyyətə malik xalqlarımızın uzaq məsafədə yaşamasına baxmayaraq, bu yol vasitəsilə bir-birini tanımağa başladığını söyləyib. O, dostluq konsertinin bu baxımdan əhəmiyyətini qeyd edib: “Musiqi bəşəriyyətin ümumi dilidir. Ümid edirəm ki, bu konsert Azərbaycanın qədim mədəniyyətinin sədasını bizə çatdıracaq, iki xalq arasındakı dostluq və sevgi körpüsünü daha da möhkəm edəcək”.

Sonra səhnə Azərbaycan sənətçilərinin ixtiyarına verilib. Pekinin ən böyük konsert sarayı olan İfaçılıq Sənəti Milli Mərkəzində təşkil olunan konsertdə Fuad İbrahimovun dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və xalq artistləri Murad Hüseynov, Samir Cəfərov, Ənvər Sadıqov, Əməkdar artist Sahib Paşazadə, digər tanınmış ifaçılar çıxış ediblər. Proqramda Üzeyir Hacıbəyli (“Arazbarı”, “Sevgili canan”), Fikrət Əmirov (“Sevil” operasından Balaşın ariyası, “Azərbaycan elləri”, “Məhəbbət rəqsi”), Qara Qarayev (“İldırımlı yollarla” baletindən parça), Niyazi (“Arzu”), Cahangir Cahangirov (“Qarabağ”, “Ay qız”), Aqşin Əlizadə (“Cəngi”), Tofiq Quliyev (“Bakı haqqında mahnı”, “Qaytağı”, film musiqilərindən poppuri), Həsən Rzayev (“Çahargah” rapsodiyası), Faiq Sücəddinov (“Qaytağı”) və Müslüm Maqomayevin (“Azərbaycan”) əsərləri, xalq mahnıları, habelə Avropa bəstəkarlarının musiqiləri səslənib. Tamaşaçılar Azərbaycan incəsənət ustalarının ifasını sürəkli alqışlarla qarşılayıblar. Çin ənənəvi musiqi parçalarının tarda, habelə aşıq ifasında təqdimatı isə salona toplaşanlar üçün əsl sürpriz olub.