Fransada Azərbaycanın Dostları Assosiasiyası Parisin mərkəzində yerləşən tarixi San-Jermən-Lokserua kilsəsində Azərbaycan operasının (“Leyli və Məcnun”, 1908) yaradılmasının 110 illiyinə həsr edilmiş konsert təşkil edib.
Assosiasiyadan bildiriblər ki, tədbirdə ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev müsəlman Şərqində ilk opera olan Azərbaycan operasının yaranma tarixindən danışıb. O, həmçinin müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti haqqında ətraflı məlumat verib. Səfir Azərbaycanın Dostları Assosiasiyasının belə bir mühüm tarixi qeyd etməsini alqışladığını bildirib.
Assosiasiyanın prezidenti Jan-Fransua Mansel həyata keçirdikləri layihələr sayəsində mədəniyyətimizin Fransada təbliğindən söz açıb. O, müsəlman Şərqində ilk operanın Azərbaycanda yarandığını, milli operalarımızın zənginliyi, orijinallığı ilə seçildiyini bildirib.
Konsertdə Səidə Zülfüqarovanın (piano), Regina Rustamovanın (mezzo-soprano), Timur Abdikiyevin (bas), İrina Kopilovanın (soprano) ifasında Azərbaycanın opera musiqiləri maraqla qarşılanıb. Konsert zamanı unudulmaz bəstəkarlarımız Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin ariyası, Niyazinin “Arzu” melodiyası, Fikrət Əmirovun “Sevil” operasından Sevilin ariyası və digər musiqilərimiz səsləndirilib.