Mədəniyyət və incəsənət xadimlərinə orden və medallar, fəxri adlar təqdim edildi
Ölkə Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə orden, medal və fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdim edilməsi mərasimi keçirildi.
Mərasim dekabrın 21-də əsaslı təmir və yenidənqurmadan sonra yeni istifadəyə verilmiş Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusunda təşkil edilmişdi. Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, nazir müavini Sevda Məmmədəliyeva, mədəniyyət və incəsənət xadimləri iştirak edirdi.
Nazir Əbülfəs Qarayev çıxış edərək əsaslı təmir və yenidənqurmadan sonra bu binada ilk tədbirin keçirildiyini bildirdi. Qeyd etdi ki, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva muzeydə yaradılan şəraitlə tanış olaraq görülən işləri yüksək qiymətləndiriblər. Ölkəmizdə mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə dövlət qayğısından danışan nazir bildirdi ki, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Mədəniyyət xadimlərinin yaradıcı əməyinin qiymətləndirilməsi ilə yanaşı, bu sahəyə aid dövlət proqramlarının qəbul edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi də bu diqqətin bariz nümunəsidir: “Mədəniyyət işçilərinə göstərilən qayğı bütövlükdə Azərbaycan mədəniyyətinə diqqətdir. Mədəniyyətimiz bu gün dünyada tanınır, təbliğ edilir, beynəlxalq qurumlar səviyyəsində qəbul olunur. Azərbaycan musiqisi dünyanın məşhur konsert salonlarında səslənir. Bütün bunlar dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədə gördüyü misilsiz işlər sayəsində mümkün olmuşdur”.
Başa çatmaqda olan 2018-ci ildə mədəniyyət sahəsində qazanılan uğurlardan söz açan Əbülfəs Qarayev bildirdi ki, bu il bütün sahələrdə olduğu kimi, ölkəmizin mədəni həyatında da mühüm hadisələrlə yadda qalacaq. Diqqətə çatdırıldı ki, bu yaxınlarda UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin Mavriki Respublikasında keçirilən 13-cü sessiyasında Azərbaycanın təqdim etdiyi “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına, Azərbaycanın Türkiyə və Qazaxıstanla birgə təqdim etdiyi “Dədə Qorqud irsi. Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” nominasiya faylı isə çoxmillətli mədəniyyət nümunəsi kimi təşkilatın Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. “Bütün bunlar müstəqilliyimizin bizə bəxş etdiyi imkanlar nəticəsində mümkün olmuşdur”, – deyə nazir vurğuladı.
Əbülfəs Qarayev mədəniyyət ictimaiyyəti adından bu sahədə xidməti olan yaradıcı insanların əməyinə verdiyi yüksək qiymətə görə ölkə başçısına minnətdarlığını bildirdi.
Sonra mükafatlar sahiblərinə təqdim edildi. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif olunmuş şəxslərə “Şöhrət” və “Əmək” ordenləri, “Tərəqqi” medalı, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, həmçinin “Xalq artisti”, “Əməkdar artist”, “Əməkdar mədəniyyət işçisi” fəxri adlarının nişanı və vəsiqələri təqdim olundu.
“Şöhrət” ordeni ilə təltif edilən Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev, 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunan Xalq artisti, aktyor Tariel Qasımov və başqaları çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində onlara təqdim edilən mükafatın ikiqat bayram olduğunu və böyük məsuliyyət hissi yaratdığını vurğuladılar. Çıxışlarda mədəniyyət işçilərinə göstərilən diqqət və qayğıdan söz açılaraq ölkə başçısına və Mədəniyyət Nazirliyinə minnətdarlıq ifadə olundu.
Mərasimdə həmçinin nazirliyin “Fəxri mədəniyyət işçisi” döş nişanlarına layiq görülən şəxslər də təltif edildi.
Sonda nazir Əbülfəs Qarayev ölkəmizin tərəqqisi və təbliğində mədəniyyət və incəsənət xadimlərinə uğurlar arzuladı.
FARİZ