Yola salmağa hazırlaşdığımız ilin mədəni həyatına nəzər salsaq, yəqin ki, artıq sağlığında minlərlə sənətsevərin qəlbində özünə abidə ucaltmış Tahir Salahovun, rəssamların dili ilə söyləsək, monumental 90 illik yubiley sərgisi, İDEA İctimai Birliyinin yaşadığımız mürəkkəb müasir mühitdə incəsənət vasitəsilə həyatımız üçün aktual tərbiyəvi və maarifləndirici layihələri, “YARAT” Müasir İncəsənət Məkanının bir-birindən rəngarəng sərgiləri, Mədəniyyət Nazirliyinin təsviri sənətimizə töhfə olan layihə və tədbirlərinin görüntüləri göz önündən gəlib keçər.
Qədim yurdumuzun naxışları Qobustan adlı bir məkandan başlayır. Qaya daşları üzərində həkk edilmiş, tarixi minilliklərə qədər gedib çıxan bənzərsiz təsvirlər bu xalqın zəngin mədəni irsindən xəbər verir, Azərbaycan adlı ulu bir məmləkətin sənət beşiyi olduğunu bir daha vurğulayır.
Ona görə də Azərbaycana sənətkarlar yurdu deyirlər. Aynalı Xəzər, küləklər şəhəri Bakı, minilliklər yadigarı İçərişəhər, göllər gözəli Göygöl, Nizami yurdu Gəncə, cənnətməkan Qarabağ, dağlar qoynunda vüqarla dayanan Şəki, qədim Xınalıq, nəqşi-cahan Naxçıvan, Əlincə qalası, Azərbaycanın inci guşəsi Ordubad...
Bütün bunlar təkcə şairlərimizin və bəstəkarlarımızın deyil, zaman-zaman rəssamlarımızın da ilham mənbəyi olub. Ona görə də Azərbaycan onun qədrini bilib vəsf edən sənətkar övladları ilə həmişə fəxr edib. Fransız impressionizminin bədii ənənələrini Azərbaycanda ilk olaraq yaradıcılığında tətbiq edən görkəmli fırça ustası Səttar Bəhlulzadə, Fransa İncəsənət Akademiyasının üzvü, dünyanın ən möhtəşəm muzey və qalereyalarında əsərləri böyük uğurla nümayiş etdirilən Tahir Salahov, yaradıcılığını Fransa ilə bağlayan, Parisin ecazkar mənzərələrini bənzərsiz rəngləri ilə kətana köçürən, tabloları dünyanın ən zəngin şəxsi kolleksiyalarını bəzəyən Toğrul Nərimanbəyov və onlarla başqa rəssamların dünyanı dolaşan rəsmlərinə baxarkən Odlar yurdu, Günəş timsallı Azərbaycanın bütöv, yetkin bir obrazı tamaşaçıların gözü önündə canlanır. Bu əsərlərdə böyük və qədim bir xalqın ölməz dastanını oxumaq mümkündür. Yurdun tarixi yerləri, əsrarəngiz gözəllikləri, əməksevər insanları, onların nəcib əməlləri bu təsvirlərlə bizim xalq, yurd haqqında ən gözəl nəğmələrə çevrilir. Şeir də, mahnı da, min bir rəngli rəsmlər də bu gözəlliklərdən yaranır...
2018-ci ilin Azərbaycan rəssamlığının ürəklərə yol tapan mənzərələrinə bir də baxın. Qobustan qayalarından yol alıb gələn Azərbaycan naxışlarını gözlərinizə, ürəklərinizə köçürün. Onda ətrafınızdakı hər şey gözəl görünəcək, qəlbiniz bu ulu məmləkətə sevgilərlə dolu olacaq...
Aida ARABSKAYA
təsviri sənət kolleksiyaçısı