Rusiya paytaxtında general Kərim Kərimov adına 1583 nömrəli məktəbdə böyük Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr edilmiş “Hədiqətüs-süəda” adlı musiqili-ədəbi tədbir keçirilib.

Azərbaycanın Əməkdar artisti Qorxmaz Axundov və Yelena Afanasyevanın apardığı tədbirdə ölkəmizin Moskvadakı səfirliyinin, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin, azərbaycanlı diasporun təmsilçiləri, şairlər və yazıçılar, mədəniyyət və elm xadimləri iştirak ediblər.

Əvvəlcə dahi şair və mütəfəkkir haqqında video-çarx göstərilib. Sonra şagirdlər Füzulinin şeirlərindən parçalar oxuyublar.

Tarix elmləri namizədi Manaf Ağayev tədbiri açaraq Füzuli yaradıcılığından bəhs edib, şairin Azərbaycan, fars və ərəb dillərində yazdığı əsərlərin bir sıra xarici dillərə tərcümə olunduğunu diqqətə çatdırıb. Bildirib ki, Füzulinin əsərlərinin əlyazmaları Berlin, Qahirə, London, Paris, Sankt-Peterburq, İstanbul və Tehranın ən zəngin kitabxanalarının qızıl fondunda saxlanılır.

Manaf Ağayev Bağdad Universitetində təhsil aldığı dövrü xatırlayıb, Kərbəlada Füzulinin məzarını ziyarət etməsini qeyd edib. Vurğulayıb ki, Azərbaycanda Füzulinin xatirəsi əbədiləşdirilib, onun “Leyli və Məcnun” poeması əsasında bəstəkar Üzeyir Hacıbəyli müsəlman Şərqinin ilk operasını yazıb, 1996-cı ildə böyük şairin 500 illiyi UNESCO səviyyəsində qeyd edilib.

Azərbaycan səfirliyinin müşaviri Vüqar İmaməliyev Azərbaycan tarixinin, ədəbiyyatının və mədəniyyətinin populyarlaşdırılması üçün səfirlik tərəfindən keçirilən tədbirlər barədə məlumat verib.

Şair-publisist İlham Bədəlbəyli qeyd edib ki, Füzulinin əsərləri dünya poeziyasının ən mükəmməl nümunələrindəndir. Bu əsərlərdə insanın böyüklüyü, şəxsiyyət azadlığı tərənnüm edilir. Füzulinin irsi Azərbaycan ədəbiyyatı tarixində ayrıca bir mərhələdir. Azərbaycan poeziyasının humanizm ideyaları və yeni məzmunla zənginləşməsində görkəmli şairin böyük xidmətləri olub.

Azərbaycan diasporunun nümayəndəsi İlqar Hacıyev 1583 nömrəli məktəbin direktoru Svetlana Dvoryantsevanın şəxsində məktəb rəhbərliyinə və tədbirin bütün iştirakçılarına gecənin təşkilinə, Azərbaycan dilinə və Azərbaycan mədəniyyətinə qayğıkeş münasibətə görə diasporun rəhbəri akademik Fazil Qurbanovun adından təşəkkürünü bildirib. İ.Hacıyev deyib: “Sevindirici haldır ki, bu gün Füzulinin şeirləri azərbaycanlı məktəblilərlə bərabər, başqa millətlərin nümayəndələrinin dilində də səsləndi. Bu, bizim tədbirə beynəlmiləl xarakter verdi”.

Şagirdlər Füzulinin qəzəllərini oxuyublar, “Leyli və Məcnun” poemasından səhnəcik göstərilib. Konsert proqramının iştirakçılarına Azərbaycan diasporu adından hədiyyələr verilib.