Meksikanın və Latın Amerikasının ən böyük universiteti olan Meksika Milli Muxtar Universitetində (UNAM) bu təhsil ocağının və ölkəmizin səfirliyinin birgə təşkilatçılığı ilə dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.
Mərasimdə meksikalılardan ibarət “Nur Ər Riyad” rəqs qrupu tərəfindən Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının motivləri əsasında hazırlanmış “İpək Yolu” rəqs tamaşası təqdim edilib. Tamaşa zamanı “Yeddi gözəl” poemasından parçalar oxunub, orada adıçəkilən məmləkət və dövrün rəqsləri, o cümlədən Azərbaycan milli rəqsləri nümayiş etdirilib.
Tədbirin açılışında çıxış edən ölkəmizin Meksikada müvəqqəti işlər vəkili Məmməd Talıbov Azərbaycan mədəniyyətinin meksikalılara təqdim olunması üçün bu imkanın yaradılmasına görə universitetin rəhbəriyinə təşəkkürünü bildirib. O, Azərbaycan ədəbiyyatının xalqımız üçün nadir xəzinə olduğunu qeyd edib. Nizami Gəncəvinin ədəbiyyatımızın ən parlaq nümayəndələrindən olduğunu, onun yaradıcılığının dünya ədəbiyyatında dərin iz qoyduğunu vurğulayıb.