Mədəni xidmətlərin səviyyəsinin daha da yüksəldilməsi, bu sahədə müasir texnologiyalardan istifadə imkanlarının genişləndirilməsi gələn il də əsas hədəflərdən olacaq

Dekabrın 26-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mədəniyyət Nazirliyi Aparatı işçilərinin və nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxslərinin iştirakı ilə 2018-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirildi.

İclası mədəniyyət naziri Əbülfəs Qarayev açaraq gündəlikdə duran məsələlərlə bağlı məlumat verdi. Bildirdi ki, gündəliyə “Naxçıvan İslam mədəniyyətinin paytaxtı-2018”in yekunları, Mədəniyyət Nazirliyinin 2018-ci il ərzində gördüyü işlər haqqında hesabat və Mədəniyyət Nazirliyinin 2019-cu ilin birinci yarısı üçün iş planının təsdiq olunması daxildir.

Əbülfəs Qarayev vurğuladı ki, Prezident İlham Əliyevin bu il aprelin 20-də imzaladığı “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamla Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi yaradılıb. Bununla əlaqədar nazirliyin strukturunda bir sıra islahatlar aparılıb. İslahatların əhəmiyyətini yüksək qiymətləndirən nazir qeyd etdi ki, struktur islahatlarının reallaşdırılmasında əsas məqsəd ölkəmizdə mədəniyyət siyasətinin daha məqsədyönlü və uğurlu şəkildə həyata keçirilməsidir.

Bildirildi ki, bu il nazirliyin kollegiyasının yeni tərkibi təsdiq olunub. Həmçinin nazirliyin kollektivinin üzvlərindən bir neçə şəxs müxtəlif dövlət orqanlarında məsul vəzifələrə təyinat alıb. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vüqar Zeynalov Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə, nazirliyin şöbə müdiri Vüqar Şıxəmmədov Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini, nazirin müşaviri Yaşar Əliyev Prezident yanında Ali Attestasiya Komissiyasının Humanitar şöbəsinin müdiri təyin olunub.

Təyinatlarla bağlı təbriklərini çatdıran Əbülfəs Qarayev hər üç şəxsə nazirliyin fəxri fərmanlarını təqdim etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Sonra gündəlikdəki birinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxış etdi. Diqqətə çatdırıldı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 2 iyun tarixli sərəncamına əsasən yaradılan müvafiq Təşkilat Komitəsi tərəfindən “İslam mədəniyyətinin paytaxtı” ili çərçivəsində tədbirlər yüksək səviyyədə həyata keçirilib. “Naxçıvan İslam mədəniyyətinin paytaxtı-2018”in internet səhifəsi yaradılıb, poçt markası, buklet, suvenirlər hazırlanıb. “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” beynəlxalq konfrans, “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfrans keçirilib. “İslamda müdrik kəlamlar”, “Naxçıvan: türk-islam mədəniyyəti abidələri”, “Naxçıvan buzxanaları”, “Naxçıvan hamamları”, “Naxçıvan türbələri” kitabları, eləcə də mütəfəkkir Nemətullah Naxçıvaninin “Qurani-Kərim”in təfsirinə həsr olunmuş çoxcildliyinin birinci cildi tərcümə edilərək nəşr olunub, “Naxçıvan: türk-islam mədəniyyəti abidələri”, “İslam mədəniyyətinin paytaxtı Naxçıvan” televiziya filmləri hazırlanıb. 2018-ci ildə Şərur rayonunun Yengicə kəndindəki Şərq hamamında, Nehrəm imamzadəsində, Naxçıvan şəhər imamzadəsində və Kəngərli rayonundakı Qarabağlar türbəsində əsaslı bərpa işləri aparılıb.

Vurğulandı ki, 2018-ci il iyunun 20-də “Naxçıvan İslam mədəniyyətinin paytaxtı” ilinin rəsmi açılışından sonra bir sıra tədbirlər, o cümlədən, məşhur türkiyəli ebru sənətçisi Hikmət Barutcugilin əsərlərindən ibarət sərgi, İran rəssamı və miniatür ustası Mahmud Farçciyanın sənət sərgisi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Dədə Qorqud” kamera orkestrinin konserti, “İslam filmləri həftəsi”, “Naxçıvan İslam mədəniyyətinin paytaxtı” mövzusunda beynəlxalq konfrans keçirilib.

Bildirildi ki, Naxçıvanda “İslam mədəniyyətinin paytaxtı” ilinin yüksək səviyyədə keçirilməsi müxtəlif ölkələrin nümayəndə heyətləri, həmçinin İSESCO rəhbərliyi tərəfindən təqdirlə qeyd olunub.

Bu məsələ barədə fikirlərini bölüşən mədəniyyət naziri, “Naxçıvan İslam mədəniyyətinin paytaxtı-2018” Təşkilat Komitəsinin sədr müavini Əbülfəs Qarayev də diqqətə çatdırdı ki, bu il dekabrın 15-də Naxçıvan şəhərində “mədəniyyət paytaxtı” ilinin bağlanış mərasimi də yüksək səviyyədə keçirilib. Həmin tədbirdən sonra İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri ilə telefonla danışdığını deyən nazir bildirdi ki, İSESCO rəhbəri Naxçıvanın 2018-ci ildə “İslam mədəniyyətinin paytaxtı” adını layiqincə doğrultduğunu bir daha xüsusi vurğulayıb.

* * *

Kollegiya iclasında daha sonra Əbülfəs Qarayev Mədəniyyət Nazirliyinin 2018-ci il ərzində gördüyü işlər haqqında hesabatla çıxış etdi.

İl ərzində nazirliyin fəaliyyətinin ölkə başçısının tapşırıq və sərəncamlarına uyğun olaraq, eləcə də müvafiq dövlət proqramlarının icrası istiqamətində həyata keçirildiyini qeyd edən Əbülfəs Qarayev 2018-ci ildə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, mədəniyyətin ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi, ölkəmizin mədəniyyətinin təbliği istiqamətində görülən işlər, həyata keçirilən layihələr və əldə olunan nailiyyətlərdən ətraflı söz açdı.

Nazir həmçinin dövlət başçısının müvafiq sərəncamınadək, yəni 2018-ci ilin aprel ayınadək nazirliyin fəaliyyət dairəsinə daxil olmuş turizmin inkişafı istiqamətində görülən işlərdən danışdı. Bildirdi ki, ilin birinci rübündə ölkəmizə gələn turistlərin sayında ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz artım qeydə alınmışdı. Nazir mədəniyyət sahəsində fəaliyyət göstərən qurumları ölkə turizminin inkişafı üçün bundan sonra da səy və dəstəyini əsirgəməməyə çağırdı.

Başa çatan ildə ölkəmizdə mədəniyyətin inkişafı və dünyada təbliği barədə danışan nazir vurğuladı ki, bu il də Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərə, mədəniyyətlə bağlı forum və konfranslara ev sahibliyi edib. Prezident İlham Əliyev tərəfindən irəli sürülən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin 10 illiyi qeyd olunub. Nazirlik VI Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə keçirilməsində yaxından iştirak edib. Bütün bunlar  Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkə kimi nüfuzunu daha da artırıb.

Əbülfəs Qarayev mədəni irsimizin təbliği ilə bağlı görülən işlərdən bəhs edərkən Heydər Əliyev Fondunun bu sahədə layihələrini xüsusi qeyd etdi. Fondun təşkilatçılığı və nazirliyin iştirakı ilə beynəlxalq festivalların reallaşdırıldığı diqqətə çatdırıldı. Nazir bu sırada sentyabr ayında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan, görkəmli Azərbaycan şairi və mütəfəkkirinə həsr olunmuş Nəsimi – şeir, sənət və mənəviyyat Festivalını xüsusi qeyd etdi. Bildirildi ki, Heydər Əliyev Fondunun dəstəyi ilə mart ayında “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı, sentyabrda Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı keçirilib. Vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsi, Mədəniyyət Nazirliyi və Azərbaycan Mədəniyyət Fondu tərəfindən reallaşan ənənəvi Bakı Caz Festivalı da ilin mühüm mədəni tədbirlərindəndir. Həmçinin iyulda Bakı şəhərində Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin (İSME) 33-cü Dünya Konfransı keçirilib. Bu il Azərbaycan Respublikasında İran İslam Respublikasının mədəniyyət günləri, Bakıda Moskvanın mədəniyyət günləri reallaşıb. Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının (EHTTA) növbəti Baş assambleyası may ayında Qalaaltıda keçirilib.

Nazir qeyd etdi ki, 2018-ci ildə də Azərbaycan kitablarının dünyada təqdimatı davam etdirilib, Minsk, Astana, Turin, Moskva, Frankfurt və İstanbul şəhərlərində keçirilmiş beynəlxalq kitab sərgilərində ölkəmizin iştirakı təmin edilib. Nazirliyin dəstəyi ilə 20 adda kitab nəşr olunub. Həmçinin nazirliyin dəstəyi ilə “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi çərçivəsində Türkiyədə 29 kitab işıq üzü görüb.

2018-ci ilin uğurlarından söz açan Əbülfəs Qarayev bildirdi ki, bu il xalqımızın yaratdığı mədəniyyət abidələrinin, milli irs nümunələrinin UNESCO-nun müvafiq siyahılarında yer alması prosesi davam edib. UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin Mavriki Respublikasında keçirilən 13-cü sessiyasında Azərbaycanın təqdim etdiyi “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına, Azərbaycanın Türkiyə və Qazaxıstanla birgə təqdim etdiyi “Dədə Qorqud irsi. Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” nominasiya faylı təşkilatın Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Nazir bu nailiyyətlərin əldə olunmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın UNESCO-dakı nüfuzunun xüsusi rolunu diqqətə çatdırdı. Vurğulandı ki, bu istiqamətdə görülən işlər mədəni dəyərlərimizin dünya miqyasında tanınması baxımından böyük əhəmiyyət daşıyır.

Nazir qeyd etdi ki, 2018-ci il tariximizin şanlı səhifəsi – Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlamətdar olub. Ölkə Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və 2018-ci ilin “Cümhuriyyət ili” elan olunması haqqında müvafiq sərəncamlarına uyğun olaraq il ərzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə silsilə tədbirlər, həmçinin nazirliyin dəstəyi ilə Azərbaycanda, həmçinin xarici ölkələrdə bir sıra konsert proqramları təşkil olunub. Mayın 28-də “Cristal Hall”da möhtəşəm konsert proqramı keçirilib. Nazirliyin təşəbbüsü ilə keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı da Cümhuriyyətin 100 illiyinə həsr olunub.

Diqqətə çatdırıldı ki, ötən illərdə olduğu kimi, 2018-ci ildə də dövlət başçısı bir sıra mədəniyyət, incəsənət xadimlərinin, yazıçı və şairlərin, eləcə də mədəniyyət ocaqlarının yubileyləri haqqında müvafiq sərəncamlar imzalayıb. Həmin sərəncamların icrası ilə bağlı nazirlik tərəfindən digər aidiyyəti qurumlarla birgə tədbirlər planı hazırlanaraq həyata keçirilib. Sumqayıt və Mingəçevir Dram teatrlarının 50, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illiyi, xalq artistləri Həsən Turabovun, Həsən Məmmədovun, Elza İbrahimovanın 80, Xalq yazıçısı İsa Muğannanın 90, Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin, xalq artistləri Gülxar Həsənovanın, Mehdi Məmmədovun, Xalq yazıçısı İmran Qasımovun 100, şair Mikayıl Müşfiqin 110, Aşıq Şəmşirin 125 illik yubileyləri qeyd olunub. Fransanın nüfuzlu “Metso” televiziyasında Qara Qarayevin 100 illiyi ilə əlaqədar silsilə verilişlər, konsertlər nümayiş etdirilib. Növbəti illərdə bu kanalda görkəmli bəstəkar Fikrət Əmirovla bağlı verilişlərin də hazırlanması nəzərdə tutulur.

Nazir bu günlərdə SSRİ Xalq rəssamı Tahir Salahovun 90 illiyi münasibətilə Bakı Ekspo Mərkəzində sənətkarın böyük sərgisinin keçirilməsini də ilin mühüm mədəniyyət hadisəsi kimi səciyyələndirdi.

Nazir çıxışında teatr sahəsinin inkişafını səciyyələndirən amillərdən də danışdı. Vurğulandı ki, ölkə başçısının bu sahə ilə bağlı imzaladığı sərəncamlar, həyata keçirilən müvafiq dövlət proqramı artıq öz bəhrəsini verir. Teatr binalarında əsaslı təmir və yenidənqurma işləri paytaxtla yanaşı, regionlarda da davam etdirilir. Bildirildi ki, bir neçə gün öncə Şuşa Dövlət Musiqili Dram Teatrının binası əsaslı təmir olunaraq istifadəyə verilib. Həmçinin gələn il İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasında da təmir işlərinə başlanılacaq.

Məruzədə milli kinonun inkişafı istiqamətində atılan addımlardan da söz açıldı, bu il ölkə başçısının sərəncamı ilə Azərbaycan kinosunun 120 illik yubileyi çərçivəsində silsilə tədbirlərin keçirildiyi diqqətə çatdırıldı. Bildirildi ki, nazirliyin dəstəyi ilə keçirilən 9-cu START Beynəlxalq Qısa Filmlər Festivalında 30 ölkədən 100 film nümayiş olunub. Bu il 7 filmimiz 13 ölkədə keçirilmiş 17 beynəlxalq festivalda iştirak edərək 12 mükafat qazanıb. Eyni zamanda Azərbaycanda bir sıra ölkələrin kino günləri keçirilib, bu sahədə beynəlxalq əlaqələr davam etdirilib.

Mədəni irsin qorunması istiqamətində görülən işlərdən danışan Əbülfəs Qarayev nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin həyata keçirdiyi işlərdən söz açdı. Bildirdi ki, bu yaxınlarda Azərbaycan Milli İncəsənət Muzeyinin 3-cü korpusunun təmir-bərpadan sonra açılışı olub. Həmçinin Gəncədə Şah Abbas karvansarasının, Sabunçu rayonunda Hacı Şəhla məscidində və bir sıra digər mədəniyyət obyektlərində təmir işləri yekunlaşıb, Şəkidə Gileyli məscidində bərpa işləri isə davam etdirilir.

Bu il regionlarda mədəniyyətin inkişafı, göstərilən mədəni xidmətlərin səviyyəsinin artırılması istiqamətində görülən işləri xatırladan nazir bildirdi ki, Cümhuriyyətin 100 illiyi ilə əlaqədar keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı böyük əks-səda doğurub. 15 regional mədəniyyət idarəsini əhatə edən şəhər və rayonlarda keçirilmiş festival çərçivəsində ümumilikdə 50-yə yaxın folklor və rəqs kollektivi, 130-dan çox sənətçi konsert proqramları çıxış edib, xalq sənətkarlıq nümunələri, rəssamların əl işlərinin sərgi-yarmarkaları təşkil edilib.

Avropa İttifaqı ilə birgə həyata keçirilən Tvinninq layihəsinin əhəmiyyətindən bəhs edən nazir bu il layihə üzrə İtaliyanın mədəniyyətin və mədəni irsin idarə olunmasına dair təcrübəsinin öyrənilməsi və tətbiqi istiqamətində səfər və görüşlərin keçirildiyini diqqətə çatdırdı. Qeyd olundu ki, ilin ikinci yarısında xarici ekspertlərlə birgə yaradıcı və mədəniyyət sənayelərinin mövcud vəziyyətinə dair araşdırma işləri həyata keçirilib və bu iş növbəti ildə davam etdiriləcək.

Nazir qeyd etdi ki, ölkəmizdə mədəniyyətlə bağlı keçirilən tədbirlər, layihələr müxtəlif media orqanlarında geniş işıqlandırılıb, həmçinin xarici ölkələrin televiziya kanallarında verilişlər yayımlanıb. Nazirliyin fəaliyyəti və ölkəmizin mədəniyyəti ilə bağlı informasiya saytlarında 122 308, televiziya kanallarında 21 440, qəzetlərdə 32 072 məlumat yayılıb.

* * *

Kollegiya iclasında 2018-ci ilin yekunlarına dair hesabat qəbul edildi. Həmçinin Mədəniyyət Nazirliyinin 2019-cu ilin birinci yarım ilinin iş planı təsdiq olundu.

Nazir sonda bir daha diqqətə çatdırdı ki, 2019-cu ildə əsas hədəf bütün sahələrdə müasir texnologiyalardan istifadə imkanlarının genişləndirilməsi və göstərilən xidmətləri günün tələbləri səviyyəsinə çatdırmaqdan ibarətdir. Gələn il ölkəmizdə bir sıra beynəlxalq tədbirlər, o cümlədən 5-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumu, UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası kimi mötəbər tədbirlər keçiriləcək.

Əbülfəs Qarayev növbəti ildə nəzərdə tutulan işlərin həyata keçirilməsində hər kəsə uğurlar arzuladı.

FARİZ