Bu il, mədəniyyətin digər sahələrində olduğu kimi, muzey sahəsində də yeniliklərlə yadda qaldı. Tarixi mədəni irsimizin saxlanc yeri olan muzeylərin kolleksiyaları yeniləndi, zənginləşdi, beynəlxalq səviyyəli tədbirlər, sərgilər, treninqlər keçirildi. Eyni zamanda muzeylərimizin beynəlxalq əlaqələri genişləndi, xarici ölkə muzeyləri ilə təcrübə mübadiləsi aparıldı.

Ölkəmizin ictimai-mədəni həyatında xidmətləri olan ziyalıların xatirəsinin əbədiləşdirilməsinə, onların yaradıcı irsinin qorunaraq gələcək nəsillərə çatdırılmasına xüsusi diqqət yetirilir. Görkəmli şəxsiyyətlərin ev-muzeyləri yaradılır, muzey binaları yenidən qurulur, fondları zənginləşdirilir.

Avqust ayında Şəki şəhərində Xalq şairi, görkəmli dramaturq, ədəbiyyatşünas alim, ictimai xadim Bəxtiyar Vahabzadənin ev-muzeyinin açılış mərasimi keçirildi. Muzeyin ekspozisiyası şairin ailəsi tərəfindən təqdim edilmiş kitab, əlyazma, foto və arxiv sənədləri, şəxsi əşyalar əsasında formalaşdırılıb. Burada ümumilikdə 700-dən çox eksponat nümayiş olunur.

Sentyabrda “Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalı” çərçivəsində  Şamaxı Rayon Tarix-Diyarşünaslıq Muzeyində yeni ekspozisiyanın açılışı oldu. Hazırda muzeyin 7 mindən çox eksponatı var. Heydər Əliyev Fondu tərəfindən Şamaxını təsvir edən XVII əsrə aid üç qravür hədiyyə olunması muzey üçün əlamətdar hadisədir. Bu nümunələr Avropa ölkələrindən əldə edilərək Azərbaycana gətirilib. Qravürlər məşhur alman səyyah və coğrafiyaçı Adam Oleariyə (1603-1671), niderlandlı səyyah Yan Jansen Streysə (1630-1694) və niderlandlı kitab naşiri Olfert Dapperə məxsusdur.

Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq dahi bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevin 100 illik yubileyi rəngarəng tədbirlərlə qeyd olundu. Oktyabrda paytaxtın Nizami küçəsində böyük musiqiçinin ev-muzeyinin açılış mərasimi keçirildi. Dünya şöhrətli bəstəkar gənclik illərini bu evdə yaşayıb, ilk əsərlərini, o cümlədən məşhur “Yeddi gözəl” baletini burada yaradıb.

Bu günlərdə isə Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusunun əsaslı təmir və yenidənqurmadan sonra açılışı keçirildi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva binada yaradılan şəraitlə tanış oldular. Təmir zamanı  binanın memarlığı və qədimliyi saxlanılmaqla həm texniki, həm də texnoloji baxımdan lazım olan innovativ və yeni funksionallığı təmin edilib. Ekspozisiya zalları genişləndirilib, binanın seysmik davamlılığı artırılıb. On səkkiz mindən çox eksponatın saxlanıldığı Milli İncəsənət Muzeyinin üçüncü korpusunda 2 mindən çox eksponat nümayiş olunur.

* * *

İl ərzində Xalça Muzeyi, Muzey Mərkəzi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Milli İncəsənət Muzeyi ilə yanaşı, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində çoxsaylı sərgilər və tədbirlər reallaşıb.

İstiqlal Muzeyində “Cümhuriyyət” zalının və Türkiyənin Azərbaycandakı səfirliyi və Bakıdakı Yunus Əmrə İnstitutunun birgə ərsəyə gətirdiyi Qafqaz-İslam Ordusunun 100 illiyi münasibətilə sərgi açılıb. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş sərgi və mühazirələr keçirilib.

Xalça Muzeyinin kolleksiyaları yenilənib, ziyarətçilərin sayı artıb. 2017-ci ildə muzeyi 85 minə yaxın insan ziyarət etmişdisə, bu il bu göstərici 110 minə çatıb.

Heydər Əliyev Fondu muzeyin ən qiymətli eksponatlarına çevrilmiş XVII əsrin nadir xalçaları olan “Xətayi” (Əjdahalı), “Naxçıvan” və italiyalı kolleksioner Mirko Kattai XIX əsrə aid Qubanın möhtəşəm “Hacıqayıb” xalçasını muzeyə hədiyyə edib. Bundan əlavə, xaricdən vətənə qaytarılan iki xalça - XIX əsrə aid Quba qrupuna aid “Sırt-Çiçi” və Bakı qrupuna aid “Xilə-buta” satın alınaraq muzeyin kolleksiyasına daxil edilib. Muzeydə Beynəlxalq Muzeylər Şurasının (İCOM) iki beynəlxalq komitəsinin “Dekorativ sənət və interyer” adlı konfransı və “Keçə sənətində kəsişmə nöqtələri” mövzusunda III Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumu təşkil olunub. Həm ölkəmizdə, həm də xaricdə - müstəqil olaraq və müxtəlif yerli və xarici təşkilatlarla əməkdaşlıq çərçivəsində sərgilər (Bakı xalçalarının yeni çeşniləri, Tahir Salahovun portret xalçaları, qədim kəlağayılar,  eləcə də Vyanada “Uçan xalça”, Moskvada “Yeddi gözəl” və s.) təşkil olunub. Muzeyin əməkdaşları Hindistan, Gürcüstan, ABŞ və Çində keçirilən elmi konfranslarda iştirak ediblər.

Azərbaycan Xalça Muzeyi Beynəlxalq Muzeylər Şurasının (İCOM) Beynəlxalq Sənədləşmə Komitəsi (CIDOC) tərəfindən qeyri-maddi mədəni irsi məlumat bazası üzrə ən yaxşı təcrübə, Avropa Muzey Forumu tərəfindən “Muzey sahəsində ictimaiyyətlə işin qurulmasında innovasiyaların tətbiqinə görə” sertifikatı ilə təltif olunub, həmçinin ikinci il ardıcıl olaraq “TripAdvisor”un “Mükəmməllik sertifikatı”na layiq görülüb.

LALƏ