yad ellərdə “Xilaskar Mixaylo”, yalquzaq yanaşmalarda “şeytan, iblis”, ortaq “sovetlər dili”ndə “Qeroy”, ana Vətənində “Əfsanəvi igid” – Mehdi Hüseynzadə

Öz kənd-kəsəyindəsə, sadəcə, “novxanılı balası”...

“Uzaq sahillərdə” filmindən tanıdığımız analoqsuz partizan, faşizm “növrağı” məntəqələrinin amansız qənimi, qərib ünvanlı başdaşısı üzərindəki yazıya, çoxsaylı sənədlərə, uzaq elli əcnəbilərin xatirələrinə görə, başqa xalqların da azadlığı uğrunda çarpışan altruist, “Kaş ki, mən bir sarı yarpaq olaydım, Sabahın yelləri alaydı məni, Aşaraq bu qarlı uca dağları, Vətən torpağına salaydı məni” kimi qəlb-qələmli və... məlum filmdəki “bədii Anjelika”nın realı olan Sloveniya gözəli Anjelinin altmış dörd il sonra (2008) belə ruhuna göz yaşları axıtdığı incəqəlbli bir Aşiq...

Deyirəm, bu ümumsovet qəhrəmanımızın o uzaq od-alovlar içində vaxt tapıb öz qələmilə Novxanı ünvanına yazdığı bayatıvari misralarını bəri başdan təqdim edim ki, yazı boyu toxunacağım “sunami”fason tarmarçılığı, onun sırf milli davamçısı olan Mübariz İbrahimovun igidliyini təftiş-təsnif edən psixoloq (?!) nərmin şahmarzadələrə çoçün gəlməsin:

Əzizim ellər ayrısı,
Bülbüləm – güllər ayrısı,
Bir gününə dözmədim, yar,
Olmuşam illər ayrısı...

M.Hüseynzadənin dostu (sonralar Azərbaycan Rəssamlar İttifaqının katibi) M.Tərlanovun dediklərinə görə, bu gələcək “qırğınçı”nın ən çox sevdiyi şairlər ən humanist şairlərimizmiş – Hüseyn Cavid və Mikayıl Müşfiq...

Bu insan elə canlı atomluq etdiyi ölkələrdə də Cavid-Müşfiq ideyalarını hədəfləyibmiş; bəşəri azadlıq, humanizm, haqq-halallıq…

Xatirələrdən-xatirələrə, kitablardan-kitablara keçə-keçə yaşayıb-yaşlanan –

 

Qəhrəman

 

Anadan olmasının 100 illiyi Azərbaycan Prezidentinin sərəncamı ilə dövlət səviyyəsində qeyd edilən bu qəhrəman soydaşımızla bağlı tək elə ölkəmizdə deyil, Rusiya, Almaniya, İtaliya arxivlərində də qiymətli sənədlər var. Bunu əcnəbi arxivlərdə tədqiqatlar aparmış İ.Abbasov da öz yazılarında vurğulayaraq qeyd edir ki, həmin sənədlərdən bəziləri xüsusi kəşfiyyat-diversiya qrupuna başçılıq etmiş, alman, fransız, italyan dillərində sərbəst danışa bilmiş qeyri-adi partizan “Mixaylo”nun həm də çox yüksək istedad və intellektə malik olduğundan bəhs edir: “Mehdi sloven dilini və bu ölkənin folklorunu da öyrənməklə yanaşı, qızğın müharibə “fasilə”lərində rəssamlıq, dilçilik “davaları” da açıb. Bir sıra sənədlərdə onun yüksək intellektə malik olduğunu almanların özləri də etiraf  edirlər”.

Mehdinin komandiri və dostu Cavad Həkimli: “Almanlar Vitovle kəndində Mehdinin dəfn olunduğu əraziyə gözətçi qoymuşdular ki, məzarı ziyarət edən olmasın. Lakin iki həftə sonra Mehdinin döyüş yoldaşları gecə gözətçini öldürüb, meyiti götürmüş və Çepovan kəndində müsəlman qayda-qanunlarına uyğun şəkildə dəfn etmişlər. Bu əməliyyata başçılıq edən Şamil Hüryanov 1945-ci il martın ortalarında həlak olub”.

Əfsanəvi qəhrəmanımızın anadan olmasının 90 illiyi münasibətilə çəkilmiş “Mixaylo” sənədli filminin rejissoru Tahir Əliyevin müsahibəsindən: “Biz o uzaq ellərdə Mehdinin 10 nəfərə yaxın partizan yoldaşını lentə aldıq. Avstriya, Sloveniya və İtaliyada apardığımız çəkilişlərdə onu tanıyan və haqqında eşidənlərin hər biri böyük rəğbət və nostalji duyğularla danışırdı. Sabiq partizanlar bizə “Uzaq sahillərdə” filmindən tanış olan Anjelikanın sağ olduğunu söyləyəndə, qulaqlarımıza inanmadıq. Kökəncə sloveniyalı və əsl adı Anjeli olan o xanımla böyük təkidlərdən sonra (özü də Mehdinin həlak olduğu yerdə) görüşə bildik. Müharibədən sonra ailə həyatı quran, bir oğlu, bir qızı, neçə-neçə nəvə-nəticəsi olan bu igid və zərif xanım “Mixaylo”nun məzarı önündə göz yaşlarını saxlaya bilmədi və 1944-cü ildə Mehdi ilə çəkdirdiyi (uzun illər sevgilərlə qoruyub-saxladığı) şəkli bizə bağışladı...”

Bütün dünyanı lərzəyə salan faşizmin “başına bəla” olmuş bu –

 

Novxanılı balası –

 

22 dekabr 1918-ci ildə doğulub, 1932-də daxil olduğu Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra Leninqrad (Sankt-Peterburq) Xarici Dillər İnstitutunda oxuyub, 1940-da Bakıya qayıdaraq təhsilini ADPİ-də davam etdirib. 1941-ci ilin avqustunda orduya çağırılıb, 1942-də Tbilisi hərbi piyada məktəbini bitirdikdən sonra cəbhəyə yollanıb. Stalinqrad döyüşlərində minomyot taqımının komandiri olub, avqustda Kalaç şəhəri ətrafındakı qanlı vuruşmada ağır yaralanaraq almanlara əsir düşüb. Berlində üçaylıq “dil kursu”na (tərcüməçi kimi faşistlərə işləyəcəyi ehtimalı ilə) yazdırılıb. Bir il sonra bir dəstə azərbaycanlı əsirlə faşist əsarətindən qaçaraq, Yuqoslaviya və İtaliya partizanlarına qoşulub. Diviziyaların birində italyan-yuqoslav korpusu qərargahının xüsusi təxribat-kəşfiyyat dəstəsini yaradıb.

İlk vaxtlar hitlerçi zabit (hərdən də yoxsul kəndli) libasında Adriatik dənizi sahillərindəki strateji ünvanları “maraqlı bir sərbəstliklə” gəzişib, partizanlara vacib məlumatlar ötürüb, bir müddət sonra isə öz igidlik və diversiya fəhmilə ən təcrübəli veteranları belə heyrətdə qoyub.

Bu “heyrət”in səbəbləri həddən çox olduğundan onları tamamilə şərhsiz və xeyli ixtisarla təqdim edirəm.

1944-cü ilin əvvəlində bir qrup əsirlə İtaliyadakı düşərgədən qaçıb Yuqoslaviya Xalq Azadlıq Ordusu Sloven Sahilyanı 9-cu korpusu partizanlarına qoşulan Mehdi tezliklə ərazidəki partizan hərəkatının “Mixaylo” ləqəbli fəal iştirakçısına çevrilir, faşistləri lərzəyə salan onlarla diversiya əməliyyatında iştirak edir. Onun komandanlığı altında partizanlar yerli həbsxanaya hücum edərək kameraların qapılarını açdırıb 700 əsiri (147-si sovet hərbçisi) buraxandan və həbsxana rəisini də tutaraq partizan qərargahına aparandan sonra faşist radiosu xəbər yaymışdı ki, guya həbsxanaya 3 minlik partizan diviziyası hücum edib. 

Döyüş yoldaşı Cavad Həkimlinin xatirələrindən: “Mehdi elə bir vahimə yaratmışdı ki, almanlar şəhərə tək çıxmaqdan qorxurdular. Onlara elə gəlirdi ki, “Mixaylo” nəhəng bir dəstənin adıdır və ona hansısa bir qeyri-adi, fövqəlgüc pəhləvan rəhbərlik edir”.

Hələ, araşdırmalara görə, “bu misilsiz Qəhrəmanın yaratdığı qrupun gördüyü işlərin əksəriyyəti əsirlikdən sonra qoşulduğu briqadalardan birinin - 800 nəfərdən ibarət “Birinci Zərbə – Rus briqadasının adına yazılıb”. Bunu Yuqoslaviya hərbi tarixçisi Stanko Patelin sözləri birmənalı təsdiq edir: ”Diversant Mixaylo rəqibin rəhbər kadrlarını daha çox məhv etmişdi, nəinki öz mövcudluğu ərzində bütün 9-cu korpus”. Yuxarıdakı “şovinist hesab”ı isə elə həmin xalqın “Mixaylonun partizanlıq oylağı” Sloveniyada sovet partizan batalyonunun komandiri olmuş (1957-ci ildə SSRİ antifaşist hərəkatı iştirakçılarının nümayəndə heyətinin Yuqoslaviya səfərində iştirak etmiş) Anatoli Dyaçenkonun xatirələri dolayısı ilə Hüseynzadənin xeyrinə təkzib edir: “Yuqoslaviyalılar bizim Mehdinin xatirəsini əbədiləşdirmək üçün qəbri üstündə gözəl bir abidə ucaltmışlar. Qəbri bəzəyən tər gülləri hər gün buraya bu qəhrəmanın cəsur əməlləri haqda hər gün eşidən yerli əhali gətirir. Xüsusi tədbirlər zamanı gətirilən əklillər üzərindəki hekayətlər isə “Bizim dostumuz Mixaylo” sözləri ilə başlayır...”.

Qəhrəmanlıqları yazı-pozu çərçivələrinə sığmayan bu soydaşımız barədə “Yuqoslaviyada döyüşən 8000-ə yaxın partizan arasında yalnız M.Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı verilib” faktından sonra –

 

Xatirəsi...

 

Məşhur bədii “Uzaq sahillərdə” və kinorejissor T.Əliyevin onun 90 illik yubileyi ərəfəsində çəkdiyi sənədli “Mixaylo” filmləri, Bakıdakı heykəli, Novxanıdakı abidəsi, adını daşıyan məktəb, qəsəbə, küçə, gəmi, haqqında yazılmış kitablar məlum.

Keçək “yad” öygülərinə: Sloveniyalı yazıçı Peter Amaliettinin “Mixaylonun təkbaşına qisası” ikicildlik romanı, Sloveniyanın Nova Gorica şəhəri yaxınlığındakı Shempas kəndində (öldürüldüyü ərazidə) büstü, Maribor şəhərində abidəsi, yüzlərlə xatirə, minlərlə qəlbdəki rəğbət-məhəbbət izharları...

Tahir ABBASLI