Dünya şöhrətli türk yazıçısı, Nobel mükafatı laureatı Orxan Pamukun “Qar” və “Mənim adım qırmızı” romanlarından sonra “Yeni həyat” romanı da Azərbaycan türkcəsinə çevrilib. Əsəri dilimizə uyğunlaşdıran Fərid Hüseyn, nəşrin redaktoru isə Etibar Lətiflidir. Orxan Pamukun maraqlı əsərlərindən biri olan “Yeni Həyat” insanlara qəzanın, ölümün, səyahətlərin sirlərini açıqlayır.
   “Bir gün bir kitab oxudum və bütün həyatım dəyişdi” - “Yeni həyat” bu sözlərlə başlayır. Əsərin qəhrəmanı kitabın təsiri ilə aşiq olur, tələbəlik həyatından uzaqlaşır, İstanbulu tərk edir, davamlı avtobusla səyahətə çıxır, şəhərlərə, qəsəbələrə gedir. Özünü və zamanını azdırır. Başqa dünyaya - Yeni Həyata daxil olur. Roman həm əvəzsiz Zamanın, Ölümün, Taleyin, Yazının, Qəzanın sirlərinə, həm də uşaq vaxtı oxunan şəkilli romanlarına, Dantenin, Rilkenin şeirlərinə açılan qapıdır. Roman oxuduğu kitabdan təsirlənən, oxuduğu səhifələrdən həyatına yeni işıq düşən və kitabın vəd elədiyi həyatın arxasınca gedən bir qəhrəmanın taleyindən bəhs edir.
   1992-1994-cü illərdə yazılan və intellektual nəsr nümunəsi sayılan bu əsər günümüzə qədər Türkiyədə ən çox satılan və oxunan romanlar sırasındadır.