Yanvarın 10-dan 18-dək Banqladeşin paytaxtı Dəkkə şəhərində keçiriləcək beynəlxalq kinofestivalda Azərbaycan iki filmlə təmsil olunacaq.
Festivalda rejissor Şamil Əliyevin “Çölçü” bədii filmi və rejissor Fariz Əhmədovun “Əriyən ada” sənədli filmi nümayiş etdiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2012-ci ildə “Azərbaycanfilm” kinostudiyasında çəkilən “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyevdir. Filmdə gənc çölçü şəhərlərdən uzaqda yaşayır, təbiətlə sıx ünsiyyətdə olur. Atası ona çöl həyatının bütün sirlərini öyrədir. Atasının ölümündən sonra o, qəsəbədən gəlmiş qızla tanış olur. Bu tanışlıq onun həyatında yeni səhifə, qeyri-məlum həyata atılan addımdır. Rollarda Bəhruz Vaqifoğlu, Vidadi Həsənov, Cavidan Məmmədli, Salome Demuria, Vüsal Mehrəliyev və başqaları çəkiliblər.
“Əriyən ada” sənədli ekran əsəri Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azanfilm” studiyası tərəfindən istehsal olunub. Filmdə hadisələr Neftçala rayonunun Kürdili kəndində cərəyan edir. Müəlliflər həyatın demək olar ki, donduğu, uzun illər bundan əvvəl tərk edilmiş Kürdili adasında hələ də yaşamaqda olan bir neçə ailənin güzəranından bəhs edərək sanki dünyadan təcrid olunmuş bu insanlara doğru bir körpü salmağa çalışıblar. Filmin ssenari müəllifi Esmira Əyyub, operatoru Rüfət Kərimovdur.
Lalə Azəri