Azərbaycan

3 yanvar 1907 – Tanınmış pianoçu, Xalq artisti, professor Kövkəb Kamil qızı Səfərəliyeva (1907 – 27.6.1985) anadan olub.

 

4 yanvar 1932 – Görkəmli yazıçı, dramaturq, publisist Cəlil Hüseynqulu oğlu Məmmədquluzadə (22.2.1869 - 1932) vəfat edib. Hekayə və povestləri, dram əsərləri (“Dəli yığıncağı”, “Anamın kitabı”, “Ölülər”) ilə Azərbaycan ədəbiyyatına böyük töhfələr verib. 1906-1932-ci illərdə (fasilələrlə) nəşr etdirdiyi “Molla Nəsrəddin” jurnalı Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.

4 yanvar 1946 – Satirik şair, “Molla Nəsrəddin” ədəbi məktəbinin nümayəndəsi Əli Nəzmi (Əli Məhəmməd oğlu Məmmədzadə; 1878-1946) vəfat edib.

4 yanvar 2000 – Xalq artisti Sofiya Bəşir qızı Bəsirzadə (Vəzirova; 28.2.1918 - 2000) vəfat edib. 1938-ci ildən Akademik Dram Teatrında çıxış edib. “Şərikli çörək”, “Romeo mənim qonşumdur”, “Yol əhvalatı” və s. filmlərdə çəkilib.

 

5 yanvar 1884 – Opera müğənnisi, teatr xadimi Əhməd Bəşir oğlu Ağdamski (Bədəlbəyli; 1884 - 1.4.1954) Şuşada doğulub. Milli teatrda azərbaycanlı aktrisaların olmadığı vaxtlarda tamaşalarda qadın rollarını oynayıb.

5 yanvar 1887 – Tarzən, Əməkdar incəsənət xadimi Mirzə Mənsur Məşədi Məlik oğlu Mənsurov (1887 - 30.6.1967) anadan olub. Qəzəl və qoşmalar yazıb.

5 yanvar 1910 – Ədəbiyyatşünas Məmmədağa Sultan oğlu Sultanov (1910 - 19.1.1991) Cənubi Azərbaycanın Ərdəbil şəhərində doğulub. Füzulinin, Nəsiminin farsca əsərlərini dilimizə tərcümə edib.

5 yanvar 1924 – Tarixçi, AMEA-nın müxbir üzvü, Azərbaycanın ilk epiqrafçı qadın alimi Məşədixanım Sədulla qızı Nemətova (1924-2016) anadan olub.

5 yanvar 1927 – Yazıçı Əlfi Səhlik oğlu Qаsımоv (1927 - 12.3.1985) Ağdam rayonunun Poladlı kəndində anadan olub. “Toy gecəsi”, “Adilənin taleyi” romanları və s. əsərlərin müəllifidir.

5 yanvar 1929 – Tanınmış pianoçu, Xalq artisti Çingiz Hacı oğlu Sadıxov (1929 – 30.12.2017) anadan olub. Filarmoniyanın solisti və konsertmeysteri, Bakı Musiqi Akademiyasının professoru olub. 1994-cü ildən ABŞ-da yaşayıb.

 

6 yanvar 1907 – Xalq artisti İsmayıl Yusif oğlu Dağıstanlı (Hacıyev; 1907 - 1.4.1980) Qax rayonunun Zərnə kəndində doğulub. Akademik Dram Teatrında klassik obrazlar silsiləsi yaradıb. “Səbuhi” (Mirzə Fətəli), “Qatır Məmməd” (Fətəli xan Xoyski) və s. filmlərdə çəkilib.

6 yanvar 1938 – Görkəmli şair Mikayıl Müşfiq (Mikayıl Əbdülqadir oğlu Mikayılzadə, 5.6.1908 - 1938) dünyasını dəyişib. Yeniyetmə vaxtlarından yaradıcılığa başlayıb, qısa ömründə 10 şeir və poemalar toplusu nəşr etdirib. Repressiya qurbanıdır.

6 yanvar 1962 – SSRİ Xalq artisti Mərziyyə Yusif qızı Davudova (25.11.1901 - 1962) vəfat edib. “Bəxtiyar”, “Bir məhəllədən iki nəfər”, “Əsl dost” və s. filmlərdə çəkilib.

 

Dünya

 

3 yanvar 1892 – İngilis yazıçısı, dilçi, ədəbiyyatşünas Con Ronald Tolkin (John Ronald Reuel Tolkien; 1892-1973) anadan olub. Fantastik janrda “Üzüklərin hökmdarı” trilogiyasının müəllifidir.

3 yanvar 1929 – İtalyan kinorejissoru Serco Leone (Sergio Leone; 1929-1989) anadan olub. Spagetti-vestern janrının yaradıcısı sayılır.

 

4 yanvar 1785 – Alman folklorçusu, filoloq Yakob Qrim (Jacob Ludwig Karl Grimm; 1785-1863) anadan olub. Qardaşı Vilhelm Qrimlə alman nağıllarını toplayaraq nəşr etdirib.

4 yanvar 1960 – Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1957) laureatı Alber Kamyu (Albert Camus; 7.11.1913 - 1960) avtomobil qəzasında həlak olub. Ekzistensializm fəlsəfəsinin tanınmış nümayəndəsidir.

 

5 yanvar 1921 – İsveçrə yazıçı-dramaturqu Fridrix Dürrenmatt (Friedrich Josef Dürrenmatt; 1921-1990) anadan olub. Əsərləri: “Hakim və onun cəlladı”, “Ədalət mühakiməsi” romanları, “Yaşlı xanımın ziyarəti” pyesi və s.

5 yanvar 1932 – İtalyan yazıçısı, filosof və tarixçi Umberto Eko (Umberto Eco; 1932 – 20.2.2016) anadan olub. Əsərləri: “Qızılgül adı”, “Fuko kəfgiri”, “Praqa məzarlığı” romanları və s.  

 

6 yanvar 1822 – Alman arxeoloqu, əfsanəvi Troya şəhərinin qalıqlarını üzə çıxarmış Henrix Şliman (Johann Ludwig Heinrich Julius Schliemann; 1822-1890) anadan olub.

6 yanvar 1872 – Rus bəstəkarı Aleksandr Nikolayeviç Skryabin (1872 - 27.4.1915) anadan olub. Simfoniyaların müəllifi, “rəngli musiqi”nin yaradıcısıdır.

6 yanvar 1879 – Tatar ədəbiyyatının klassiki, dramaturq və publisist Qaliəsgər Kamal (Kamaletdinov; 1879-1933) anadan olub.

6 yanvar 1883 – XX əsr ərəb ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, şair, filosof, rəssam Cübran Xəlil Cübran (1883-1931) Livanda anadan olub.

 

7 yanvar 1925 – İngilis yazıçısı, zooloq Cerald Darrel (Gerald Malcolm Durrell (1925 - 1995) anadan olub. Heyvanlardan bəhs edən kitab və filmlərin müəllifidir.

Hazırladı:  Vüqar ORXAN