Azərbaycan

8 yanvar 1920 – Xalq artisti, teatr və kinoda yaddaqalan obrazlar yaratmış Leyla Ağalar qızı Bədirbəyli (1920 - 23.11.1999) Bakıda anadan olub. “Arşın mal alan” (1945, Gülçöhrə), “Fətəli xan” (Tuti Bikə), “Görüş” (Bilqeyis), “Onun böyük ürəyi” (Xalidə), “Dərviş Parisi partladır” (Şərəbanu) və s. filmlərdə çəkilib. SSRİ Dövlət mükafatına layiq görülüb.

 

9 yanvar 1903 – Azərbaycan teatrının tanınmış simalarından Ülvi Rəcəb (Ülvi Rəcəb Molla oğlu Şaşıqzadə; 1903 - 12.1.1938) Batumi yaxınlığındakı Canivri kəndində doğulub. 1922-ci ildən Tiflisdəki Azərbaycan teatrında çıxış edib. 1925-ci ildə Bakıya gəlib və Akademik Dram Teatrında işləməyə başlayıb. Repressiya qurbanıdır.

9 yanvar 1930 – Yazıçı, ssenarist Faiq Feyruz oğlu Dərgahov (1930-1984) anadan olub.

9 yanvar 1991 – “Molodyoj Azerbaydjana” qəzetinin xüsusi müxbiri Salatın Əsgərova (16.12.1961 - 1991) Laçın rayonunun Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilib. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

9 yanvar 2016 – Xalq şairi Zəlimxan Yusif oğlu Yaqub (21.1.1950 – 2016) vəfat edib. “Könlümün səsi”, “Yolum eldən başlanıb”, “Od aldığım ocaqlar”, “Şairin taleyi” və s. kitabların müəllifidir. Milli Məclisin deputatı (1995-2005), Azərbaycan Aşıqlar Birliyinin sədri (2008-2016) olub.

 

10 yanvar 1928 – Memar Ələsgər Nurəli oğlu Hüseynov (1928-1976) anadan olub. Bakı Metropoliteninin “Qara Qarayev” stansiyasının (Hənifə Ələsgərovla) və s. tikililərin layihə müəllifidir.

10 yanvar 1929 – Dilçi alim, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Afad Məhəmməd oğlu Qurbanov (1929 - 26.9.2009) Ermənistan SSR Kalinin  rayonunun Qızıl Şəfəq kəndində doğulub.

10 yanvar 1932 – Musiqişünas, professor Elmira Əbdülhəmid qızı Abasova (1932 - 12.2.2009) anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) rektoru (1977-1991) olub.

10 yanvar 1938 – Bəstəkar, Xalq artisti Elza İmaməddin qızı İbrahimova (1938 - 11.2.2012) Hacıqabulda anadan olub. ”Yanan laylalar” operasının (libretto – Ramiz Heydər), populyar mahnıların (“Gecələr bulaq başı”, “Sən yadıma düşəndə” və s.), romansların müəllifidir.

10 yanvar 1953 – Əməkdar artist Sevil Rza qızı Xəlilova (1953 – 28.11.2011) Bakıda doğulub. Milli Dram Teatrında fəaliyyət göstərib, televiziya tamaşalarında (“Kişilər” - Səlimə, “Yollar görüşəndə” - Rahidə və s.) maraqlı rollar oynayıb.

10 yanvar 1962 – Xalq artisti Əjdər Əliabbas oğlu Sultanov (1909-1962) vəfat edib. Milli Dram Teatrında çalışıb, bir sıra filmlərdə (“Lətif”, 1930) çəkilib.

 

11 yanvar 1906 – Tarixçi, şərqşünas Əbdülkərim Əli oğlu Əlizadə (1906-1979) anadan olub.

 

Dünya

 

8 yanvar 1824 - İngilis yazıçısı Uliki Kollinz (William Wilkie Collins; 1824 - 1889) anadan olub. “Aylı daş”, “Ağpaltarlı qadın”, “Qanun və qadın” romanlarının müəllifidir.

8 yanvar 1910 – Məşhur rus balerinası, SSRİ Xalq artisti Qalina Sergeyevna Ulanova (1910 - 1998) anadan olub.

8 yanvar 1935 – Amerika müğənnisi, aktyor Elvis Presli (Elvis Aaron Presley; 1935 - 16.8.1977) anadan olub. “Rok-n-roll”un kralı, XX əsr musiqisinin ən məşhur nümayəndələrindən biri kimi tarixə düşüb. Ümumi tirajı 1 milyard olan 150-dən çox albomu işıq üzü görüb.

 

9 yanvar 1890 – Çex yazıçı-dramaturqu Karel Çapek (Karel Capek; 1890 - 1938) anadan olub. Əsərləri: “Mütləqiyyət fabriki”, “Meteor”, “Səməndər quşları ilə müharibə” (roman), “Makropulos vasitəsi”, “Ana” (pyes) və s.

9 yanvar 1908 – Fransız yazıçısı, filosof Simona de Bovuar (Simone de Beauvoir; 1908-1986) anadan olub. Əsərləri: “Gözəl şəkillər”, “Naringilər”, “Çox asan ölüm” və s.

 

10 yanvar 1797 - Alman yazıçısı və şairəsi Annette Droste-Hülshoff (Annette von Droste-Hülshoff; 1797 - 1848) anadan olub.

10 yanvar 1883 – Rus yazıçısı, publisist Aleksey Nikolayeviç Tolstoy (1883 - 1945) anadan olub. “I Pyotr”, “Əzablı yollarla”, “Mühacirlər”, “Mühəndis Qarinin hiperboloidi” romanlarının, “Qızıl açar və ya Buratinonun macəraları” nağılının müəllifidir.

10 yanvar 1905 – Özbək yazıçısı Aybək (Musa Daşməhəmmədov; 1905-1968) anadan olub. Əsərləri: ”Nəvai”, “Günəş sönməyəcək” romanları, “Həmzə” poeması və s.

 

11 yanvar 1875 – SSRİ Xalq artisti, bəstəkar, dirijor, pedaqoq Reynqold Moriseviç Qliyer (1875 - 23.6.1956) Kiyevdə doğulub. Bir müddət Bakıda çalışıb, “Şahsənəm” operasını yazıb. “Türk musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə” Azərbaycan SSR-in Xalq artisti (1934) adına layiq görülüb.

Hazırladı:  Vüqar ORXAN