Yaponiyanı tərk edən turistlərə vergi tətbiq ediləcək
Əcnəbi qonaqlara ödənişsiz viza verən Yaponiyada bu ildən etibarən ölkəni tərk edərkən hər sərnişindən 1000 yen (təqribən 10 dollar) vergi tutulacaq. Yeni qanun bütün ölkələrin vətəndaşlarına tətbiq olunacaq.
Yaponiya hökumətinin hesablamalarına görə, 2020-ci ildə bu ölkəni 40 milyon turist ziyarət edəcək ki, bu da ödənişsiz viza müqabilində dövlətə böyük gəlir gətirə bilər.
Ölkəni tərk etmək üçün vergidən yalnız gəmi və təyyarələrin heyəti, deportasiya edilən və iki yaşa qədər sərnişinlər, o cümlədən tranzit sərnişinlər, diplomatlar, xüsusi hökumət reyslərinin, həmçinin Yaponiya limanlarına hava şəraitinə görə məcburi eniş və ya giriş edən təyyarə və gəmilərin sərnişinləri azad ediləcəklər.
Maliyyə Nazirliyinin yaydığı məlumata görə, yeni verginin məqsədi qabaqcıl turizm ölkəsi kimi Yaponiyanın müvafiq infrastruktur ehtiyatlarının genişləndirilməsi və möhkəmləndirilməsidir.