Tamaşaçıların çoxu “Bəxtiyar” filmində Saşa obrazını sevə-sevə izləyir. Bu obrazı Rusiyanın Əməkdar artisti Tamara Çernova canlandırıb. Aktrisa uzun fasilədən sonra məhz bu obrazla kinoya geri dönüb.

O, 1928-ci il yanvarın 2-də Sverdlovskda (Yekaterinburq) əkiz bacısı Viktoriya ilə birlikdə dünyaya gəlib. Atası Aleksandr partiya işçisi, anası Anastasiya mühasib işləyirdi. Əkizlərdən əvvəl də Klara adında qızları dünyaya göz açmışdı. Tamara Çernova orta məktəbdə oxuyarkən musiqi peşə məktəbində fortepiano üzrə təhsil almış, lakin bu təhsil yalnız bir il davam etmişdi. Böyük Vətən müharibəsi başlayanda Tamara digər uşaqlar kimi “Uralmaş” zavodunda işləməklə yanaşı, hospitallarda növbətçilik edirdi.
Müharibədən sonra atasının işi ilə əlaqədar ailəliklə Kiyev şəhərinə köçürlər. Orada Tamara Rus Dram Teatrının studiyasına daxil olur və 1947-ci ildə oranı bitirir. Sonra Leninqrad (Sankt-Peterburq) şəhərində Teatr İnstitutunun aktyorluq fakültəsinə qəbul olunur, amma orada bir il oxuyur.
Yaradıcılığa və uğurlu karyeraya qədəm qoyması isə bir təsadüfdən qaynaqlanıb. 1948-ci ildə Georgi Natanson və Konstantin Yudin “Qoçaq insanlar” filmində baş rola aktrisa axtarırdılar. Təsadüfən yol ilə gedən G.Natanson fotoatelyenin qarşısından keçərkən vitrində Tamaranın portretini görür. Qız onun çox xoşuna gəlir və o, fotoqrafdan Tamaranın ünvanını öyrənir, onu sınaq çəkilişlərinə dəvət edir. Beləliklə, Tamara baş rola təsdiq olunur.
1950-ci ilin sentyabrında ekranlara çıxan “Qoçaq insanlar” filmi ilə Tamara Çernova dərhal məşhurlaşır. Həmin il “Mosfilm”də kostyum üzrə rəssam işləyən Konstantin Savinski ilə ailə həyatı qurur. Bu nikahdan onların bir qızları olur. Aktrisa ana olduqdan sonra yeni filmlərə çəkilmək təkliflərindən imtina edir. Moskva Akademik Bədaye Teatrı (MXAT) məktəb-studiyasının ikinci kursuna qəbul olunur. Oranı 1953-cü ildə bitirdikdən sonra, Mossovet adına teatrın truppasında işləməyə başlayır, bir-birindən maraqlı rollar oynayır. Onlardan ən maraqlısı M.Y.Lermontovun “Maskarad” tamaşasında Nina rolu idi.
Tamara Çernova 1955-ci ildə Bakı studiyasında Lətif Səfərovun çəkdiyi “Bəxtiyar” filmində Saşa rolu ilə kinoya qayıdır. Aktrisa bu rolu məharətlə oynadığına görə azərbaycanlı kinosevərlərin sevimlisinə çevrilir. Bundan sonra sovet tamaşaçıları onu “Gəncliyə səyahət” filmində Marina, “Zadəgan yuvası”nda Mariya Dmitriyevna, “Müdafiəçi Sedov”da Mariya Antonovna və başqa rollarda görürlər.
İkinci dəfə vəkil Boris Bruşteynlə ailə həyatı quran aktrisa onunla 10 il yaşayır. Ürək xəstəliyindən və ayaq ağrısından əziyyət çəkən Tamara Çernova 1991-ci ildə teatrı tərk edir. Kinoda az-az çəkilir, 1998-ci ildə Amerikada “Yazıq Liza” serialında yaşlı qadın rolunu oynayır. 86 yaşlı Tamara Çernova hazırda Amerikada yaşayır. İngiltərədə ali maliyyə məktəbini qurtarmış nəvəsi ilə fəxr etdiyini deyir...

Hazırladı: Səbinə Əlibalaqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar