2019-cu il Azərbaycanda “Nəsimi ili” elan edilib

Azərbaycan Respublikası Prezidentinin 11 yanvar tarixli sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib. Bu, dövlət başçısının dahi Azərbaycan şairi və mütəfəkkirinin yaradıcılığına, zəngin söz irsinə böyük diqqətinin göstəricisidir.

Bu il İmadəddin Nəsiminin (1369-1417) anadan olmasının 650 illiyi tamam olur. Azərbaycan Prezidenti yubileylə bağlı 2018-ci il 15 noyabr tarixində sərəncam imzalayıb. 2019-cu ilin “Nəsimi ili” elan olunması yubiley tədbirlərinin ölkəmizdə və onun hüdudlarından kənarda daha geniş şəkildə keçirilməsinə zəmin yaradacaq. Xatırladaq ki, 2017-ci ildə Nəsiminin vəfatının 600 illiyi Azərbaycan dövlətinin təşəbbüsü ilə UNESCO-nun yubileylər proqramına salınaraq bu təşkilat səviyyəsində qeyd olunmuşdu. 2018-ci ilin sentyabrında isə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalı keçirildi.

Ölkə başçısının “Nəsimi ili” ilə bağlı sərəncamı mədəniyyət, ədəbiyyat, elm xadimləri tərəfindən rəğbətlə qarşılanıb.

Bu qərar eyni zamanda Nəsiminin simasında Azərbaycanın mədəni irsinin, ədəbi və fəlsəfi fikir tarixinin humanizm, multikultural dəyərlər üzərində təşəkkül tapdığını dünyaya çatdırmaq baxımından böyük önəm kəsb edir.

“Prezident İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan etməsi xəbərini böyük məmnuniyyət və sevinclə qarşıladım. Bu, Prezidentimizin Azərbaycan xalqının dahi şəxsiyyətlərinə, xüsusən, mənəviyyatımıza, ədəbiyyatımıza olan böyük qayğısının bariz nümunəsidir”.

Bu sözləri Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azərpaşa Nemətov deyib. O, bildirib  ki, bu il Nəsiminin 650 illik yubileyi münasibətilə ədəbi irsimiz, mədəniyyətimiz üçün son dərəcə əhəmiyyətli tədbirlər keçiriləcək. Çünki Nəsimi təkcə şair yox, həm də mütəfəkkirdir, böyük düşüncə və mənəviyyat adamıdır. Onun yaradıcılığı, sənətkarlığı çox ucadadır. Nəsimi təkcə Azərbaycan xalqının yox, bütün dünyanın ən nəhəng söz adamlarından biridir.

“Nəsimi ili” böyük mütəfəkkirin irsinin xalqımızın mənəviyyat xəzinəsində layiqli yer tutmasını təbliğ edəcək”. Bu fikri isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev deyib.

“Bir incəsənət xadimi kimi bu qərarı ölkə başçısının milli dəyərlərimizə göstərdiyi böyük diqqətin təzahürü hesab edirəm. Eyni zamanda “Nəsimi ili” ölkə Prezidentinin, yaradıcılığa, ədəbiyyata, Azərbaycan mədəniyyətinə verdiyi dəyərin növbəti göstəricisi və nümunəsidir. Bu qərar mənəviyyatımıza, şeirə, sənətə, onların inkişafına ölkəmizdə nə qədər böyük diqqət göstərildiyinin bir daha əyani sübutudur”, - deyə H.Quliyev bildirib.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu qeyd edib ki, ölkə rəhbərinin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncamı bədii sözə və ədəbiyyatımıza, incəsənət və mədəniyyətimizə verdiyi böyük dəyərin nümunəsidir. O, diqqətə çatdırıb ki, bu il qüdrətli söz ustadının adını daşıyan Dilçilik İnstitutunda da bir sıra tədbirlər, o cümlədən Nizami adına Ədəbiyyat İnstitutu ilə birgə “Nəsiminin söz dünyası: poetik dili və ədəbi irsi” mövzusunda beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur.

“Bizim üçün 2019-cu ilin “Nəsimi ili” elan edilməsi xüsusi əhəmiyyət kəsb edir. Nəsimi – böyük humanist şair, insanı ilahiləşdirən, onu ucaldan bənzərsiz şeirlərin müəllifi, Azərbaycan dilinin formalaşmasında müstəsna rol oynamış şairimizdir. Yaradıcılığının ideya-mövzu və bədii-estetik cəhətləri, bütövlükdə poetikası şairi Orta əsrlərin ən qüdrətli söz və fikir sərrafları ilə bir cərgəyə qoyur” – bu sözləri isə  Milli Məclisin deputatı, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva bildirib.

O qeyd edib ki, Nəsimi yaradıcılığının əsas ideyası azad ruhlu, hər növ məhrumiyyətlərə qalib gələ bilən, ədalətsizliklə barışmayan yeni insanın yetişməsinə xidmət edir ki, bu da müasirliyimizlə kifayət qədər möhkəm uzlaşır.

Alim ümidvar olduğunu bildirib ki, 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ölkəmizdə nəsimişünaslığın inkişafına böyük təkan verəcək, yeni-yeni kitab, monoqrafiya və sənət əsərlərinin yaranmasını stimullaşdıracaq.