Dağlar qoynundakı qədim İspik
Böyük Qafqazın şimal-şərq yamaclarında yerləşən Quba rayonu Azərbaycanın ən böyük əraziyə (2,61 min kvadrat kilometr) malik rayonudur. Rayonun 150-yə yaxın kəndi var. Qubanın ən qədim kəndləri Xınalıq, İspik, Amsar, Digah kəndləridir.
İspik kəndi adını eyniadlı dağdan alıb. İspik dağı Qudyalçay və Ağçayın suayrıcında yerləşir. Hündürlüyü 1101 metrdir. Qədimliyi, tarixi-mədəni irsi, təbii gözəllikləri ilə İspik kəndi əsl istirahət zonasıdır. Əhalisi hazırda 2 min nəfərə yaxındır. Kənd ağsaqqallarının bildirdiyinə əsasən, Dağıstanda İspik adlı kənd var, orada yaşayan əhali Qubanın İspik kəndindən köçüb gedənlərdir. Bu da bir daha İspik kəndinin qədim tarixindən xəbər verir.
İspik kəndi sıx meşə ilə əhatə olunduğu üçün evləri görünmür, nağıllar aləmini əks etdirən bu kənd sanki cənnətdir. Payız və qış ayları daha da füsunkar olan kənddə ağaclardan yarpaqlar töküldükdən sonra evlər qismən görünür.
Kənd əhalisi əsasən meyvəçilik, maldarlıq və əkinçiliklə məşğuldur. Əhali su ehtiyacını “Axund bulağı”, “Qarıbulağı”, “Qarabulaq” kimi bulaqlardan təmin edir. Suyu bulaqdan səhənglərlə daşıyırlar, çünki səhənglərdə qalan su daha təbii, el dilincə desək, buz kimi olur.
İspik kəndində məscid, yeni tikilmiş onbirillik məktəb, poçt, kitabxana, xalça sexi, mədəniyyət evi, köhnə kino klubu fəaliyyət göstərir. Məktəbdə müasir kompüter sinfi, müasir kitabxana var.
Azərbaycanda dulusçuluq sənətinin qədim tarixi Qubanın bir sıra kəndlərini də əhatə edib. Quba xanlığında saxsı qablar istehsalının əsas mərkəzləri İspik, Yenikənd, Möhüc kəndləri olub. Saxsı qablarda (nehrə, bardaq, küp, kuzə, kasa və s.) məhsullar və su uzun müddət keyfiyyətini itirmir.
İspik kəndinə gələn qonaqlar üçün az da olsa, istirahət mərkəzləri var. Xüsusi qonaqpərvərliyi ilə seçilən kənd camaatı buranın füsunkarlığına valeh olan qonaqları öz evlərində heç bir maddi maraq güdmədən qarşılayır, hörmət-izzət göstərirlər.
Çəkiliş üçün gəldiyimizdən xəbər tutan kənd sakinləri bizi də öz evlərinə qonaq apardılar. Qısa müddətə gəlməyimizə baxmayaraq, bir neçə kənd sakininin evində samovar çayı da içdik.
Kənddə qaz olmadığı üçün əsasən odun sobalarından istifadə olunur. Bu sobalarda bişirilən yeməklərin ləzzəti də bir başqadır. Bununla belə, qonaqpərvər kənd camaatına daha çox əziyyət vermədən kənd, adət-ənənələri haqqında məlumat toplayıb getmək qərarına gəldik. Amma sakinlərdən bizi növbəti səfər üçün qonaq çağıranlar da oldu.
Bir insanın və ya bir el-obanın keçmişini, mədəniyyətini qoruyub saxlayan onun gözəl adət-ənənələridir. Bu kəndin yüzilliklərə, bəlkə də bir neçə minilliyə söykənən çox gözəl toy mədəniyyəti, toy adət-ənənələri var. Kəndin kasıbı da, varlısı da toyu eyni adət-ənənə ilə edir. Əvvəllər 7 gün 7 gecə, daha sonra 3 gün 3 gecə toylar çalınan bu kənddə toy mədəniyyəti, ənənəsi hələ də qorunub saxlanılmaqdadır. Bəlkə də Azərbaycanın heç bir kəndində bir gündən artıq toy çalınmır, amma İspik kəndində toy iki gün olur. Toydan bir gün öncə mal kəsimi – “ciyər axşamı” deyilən mərasim olur. Səhəri kənd, camaatın özü demişkən, heç yuxudan durmamış, toy çalğıçıları qara zurnanın gözəl səsi ilə sakinləri toya dəvət edir. Bəyin oğurlanması kimi toy adətləri də qalmaqdadır. Səhər tezdən başlayan toy gecə saat 3-ə, bəzən səhər saatlarınadək çalınır. Toyun ikinci günü bəyin tərif olunması və duvaqla gəlin gətirilməsi mərasimi olur. Toy bitdikdən sonra qız atası öz ocağını tərk edən övladına xeyir-dua verərək yola salır, bəyin atası isə gəlini öz xeyir-duası ilə evə gətirir.
İspik kəndi haqqında bizə tarixi məlumatları verən kənd müəllimi Nizami Şıxbabayevə, məktəbin kitabxanasında bizə kəndin adət-ənənələri haqqında ətraflı söhbət açan Gülsiyyət Əlimuradovaya dərin təşəkkürümüzü bildirərək kəndi tərk edirik.
Böyüklərə yol vermək, kiçiyə yol göstərmək yolda ən böyük mədəniyyətlərdən biridir. Bu cür gözəl təbiəti olan İspik kəndinin yolunun vəziyyəti isə ürəkaçan deyil. Qubadan İspik kəndinə məsafə cəmi 9 km-dir. Kənd yolu təmir edilərsə, bu, turizm baxımından rayonun ən çox gəlir gətirən kəndlərindən biri olar.
Kənddən çıxarkən artıq gün batmaq üzrə idi, füsunkar təbiət mənzərələri ilə birgə sanki həmin gün günəşin batmasında da gözəllik var idi...
Aytən BƏDƏLBƏYLİ
Fotoqraflar: Orxan və Anar