Azərbaycan

 

15 yanvar 1914 – Yazıçı Ənvər Yusif oğlu Qasımov (1914-1989) Yevlax rayonunda anadan olub. Əsərləri: “Düşmənimin düşməni”, “Cərrahlar” (roman), “Hamballar” (povest) və s.

15 yanvar 1936 – Yazıçı-publisist, tərcüməçi Vaqif Musa (Vaqif Məmmədyusif oğlu Musayev; 1936-1997) Quba rayonunun Rustov kəndində anadan olub. “Səhər mehi”, “Ömrün də yazı varmış” və s. kitabların müəllifidir.

 

16 yanvar 1905 – Yazıçı Üm-əl-Banin (Ümmülbanu Mirzə qızı Əsədullayeva; 1905-1994) anadan olub. Məşhur neft milyonçuları Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsidir. Azərbaycanın sovetləşməsindən sonra ailəsi ilə Fransaya mühacirət edib, fransız dilində yazıb: “Qafqaz günləri”, “Sonuncu ümidin çağırışı” və s.

16 yanvar 1939 – Şair, nasir, tərcüməçi Vaqif Nəsib (Vaqif Hüseyn oğlu Nəsibov) Qazaxda anadan olub.

16 yanvar 1944 – Ədəbiyyatşünas, türkoloq, ictimai xadim Aydın Mirsaleh oğlu Məmmədov (1944 - 20.4.1991) Şəki rayonunun Kiş kəndində doğulub. Ali Sovetin deputatı olub. 1991-ci ilin aprelində deputat həmkarı Dilarə Əliyeva ilə birlikdə avtomobil qəzasında həlak olub.

 

17 yanvar 1921 – Azərbaycan Dövlət Dram Teatrının təntənəli açılış gecəsi keçirilib. Gecədə teatr binasının (indiki Musiqili teatr) keçmiş sahibi Hacı Zeynalabdin Tağıyev də iştirak edib.

17 yanvar 1926 – Şairə Mədinə Gülgün (Mədinə Nurulla qızı Ələkbərzadə; 1926 - 17.2.1991) Bakıda anadan olub. 1938-ci ildə ailəsi ilə Cənubi Azərbaycana köçüb, orada milli azadlıq hərəkatının (1941-1946) fəal iştirakçısı olub. 1947-ci ildə Bakıya gəlib. “Təbrizin baharı”, “Xatirələrimin nəğməsi”, “Dünyamızın sabahı” və s. kitabların müəllifidir.

 

18 yanvar 1915 – Rəqqas, Xalq artisti Əlibaba Əbdül oğlu Abdullayev (1915 - 10.10.1980) anadan olub. Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupuna rəhbərlik edib. “O olmasın, bu olsun”, “Əhməd haradadır?”, “Ulduz”, “Dəli Kür” və s. filmlərdə rəqslərin quruluşçusu olub.

18 yanvar 1925 – Tarixçi alim, pedaqoq Qasım Səfər oğlu Qasımov (1925 - 2.11.1991) anadan olub.

18 yanvar 1927 – Xalq artisti, dirijor Kamal Cahanbaxış oğlu Abdullayev (1927 - 5.12.1997) anadan olub.

18 yanvar 1928 – Musiqişünas, sənətşünaslıq doktoru, Əməkdar elm xadimi Ağa Əhməd İsa oğlu İsazadə (1928-2007) anadan olub.

 

Dünya

 

15 yanvar 1622 – Fransız dramaturqu Jan-Batist Molyer (Jean Baptiste Poquelin, dit Moliere; 1622 - 17.2.1673) anadan olub. Avropa ədəbiyyatında klassik komediya janrının banisi sayılır. Əsərləri: “Tartüf”, “Psixeya”, “Don-Juan”, “Zorən təbib”, “Xəsis” və s.

15 yanvar 1795 – Rus şairi, dramaturq, diplomat Aleksandr Sergeyeviç Qriboyedov (1795 - 11.2.1829) anadan olub. “Ağıldan bəla” komediyasının müəllifidir. Azərbaycanın Rusiya və İran tərəfindən bölüşdürülməsinə dair Türkmənçay müqaviləsindən sonra (1828) Tehranda Rusiyanın səfiri olub, orada qətlə yetirilib.

15 yanvar 1850 – Rumın ədəbiyyatının klassiki, şair Mixay Eminesku (Mihai Eminescu; 1850 - 15.6.1889) anadan olub.

15 yanvar 1871 – Ukrayna şərqşünası, yazıçı, akademik Aqafangel Yefimoviç Krımski (1871-1942) anadan olub.

15 yanvar 1891 – Yəhudi əsilli rus şairi, ədəbiyyatşünas Osip (İosif) Mandelştam (1891-1938) anadan olub.

15 yanvar 1902 – Türk şairi, dramaturq Nazim Hikmət (1902 - 3.6.1963) anadan olub. Kommunist olduğuna görə Türkiyədə məhkum olunub, 1951-ci ildə SSRİ-yə mühacirət edib, ömrünün axırınadək SSRİ-də yaşayıb. Moskvada dəfn olunub. Şairin “Məhəbbət əfsanəsi” pyesinin motivləri əsasında bəstəkar A.Məlikov balet yazıb. Əsərləri əsasında “Yaşamaq gözəldir, qardaşım”, “Bir məhəllədən iki nəfər” (“Azərbaycanfilm”), “Məhəbbətim mənim, kədərim mənim” (“Mosfilm”) filmləri çəkilib.

 

16 yanvar 1675 – Fransız memuar yazıçısı Lui de Ruvrua Sen Simon (Louis de Rouvroy, duc de Saint-Simon; 1675-1775) anadan olub.

16 yanvar 1749 – İtalyan şairi və dramaturqu Vittorio Alfieri (1749-1803) anadan olub. Əsərləri: “Kleopatra”, “Orest”, “Aqamemnon”, “Mariya Stüart” və s.

 

17 yanvar 1863 – Rus teatrşünası, rejissor, pedaqoq Konstantin Sergeyeviç Stanislavski (Alekseyev; 1863-1938) anadan olub.

17 yanvar 1933 – İtalyan əsilli Fransa müğənnisi Dalida (İolanda Kristina Cilotti - Yolanda Christina Gigliotti; 1933-1987) Misirdə doğulub.  Fransız və ərəb dillərində populyar mahnılar oxuyub.

 

18 yanvar 1689 – Fransız filosofu Şarl Lui de Monteskye (Charles-Louis de Secondat, Baron de La Brede et de Montesquieu; 1689-1755) anadan olub.

18 yanvar 1882 – İngilis yazıçısı, uşaqlar üçün məşhur “Vinni Pux” əsərinin müəllifi Alan Aleksandr Miln (Alan Alexander Milne; 1882-1956) anadan olub.

18 yanvar 1893 – Rusiya və Latviya bəstəkarı, populyar tanqo melodiyalarının müəllifi Oskar Davıdoviç Strok (1893-1975) anadan olub.

Hazırladı:  Vüqar ORXAN