Bolqarıstanın ikinci böyük şəhəri olan Plovdivin 2019-cu ildə “Avropanın mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı təntənəli mərasim keçirilib.
“Euronews” telekanalı xəbər verir ki, bu mərasimlə ilboyu 500-dən çox tədbirin keçiriləcəyi və yüzlərlə layihənin reallaşdırılacağı proqrama start verilib.
Plovdiv meri İvan Totev deyib: “Bizim şəhəri müəyyən mənada birləşmiş Avropanın nümunəsi hesab etmək olar, çünki bir çox nəsillərdən bəri burada müxtəlif etnik və dini qruplar yan-yana yaşayır. Layihəmizə təkcə bolqar mədəniyyəti deyil, həmçinin Avropa dəyərləri, xüsusən rəngarənglikdə təcəssüm olunan birlik ideyası daxildir”.
“2019-cu ildə Avropanın mədəniyyət paytaxtı” çərçivəsində ilk layihələrdən biri müxtəlif ölkələrin rəssamlarının birgə fəaliyyəti sayəsində incəsənət nümunəsinə çevrilmiş Berlin divarının parçalarının Plovdivə gətirilməsidir. Fransız kuratoru Silvestr Verjenin bir çox digər əl işlərində olduğu kimi, Bolqarıstanda təqdim olunacaq bu layihəsində də birlik, fikir ayrılıqları əngəlinin aşılması, maneələrin aradan qaldırılması və sərhədlərin ləğvi ideyaları ön plandadır.
“Euronews” telekanalının müxbiri Volfqanq Şpindlerin sözlərinə görə, birlik ideyasının əsas mövzu seçilməsi təsadüfi deyil: “Səkkiz min illik tarixi və çoxmillətli keçmişi olan, həmçinin təxminən 60 il totalitar sosialist rejimində yaşamış şəhər bu il “Avropanın mədəniyyət paytaxtı” oldu. Əsas şüar isə “Birlik” sözüdür. Avropada millətçilik meyillərinin artdığı bir şəraitdə daha yaxşısını düşünmək belə olmazdı”.