“Bu, insanı ovsunlayan bir musiqidir”
Ölkəmizin Fransadakı səfirliyinin dəstəyi, Fransa-Azərbaycan Dialoqu Assosiasiyası (ADFA) və “Theatre de la Ville”nin birgə təşkilatçılığı ilə Parisdə Azərbaycan muğam triosunun konserti olub.
Konsertdə Əməkdar artist Elşən Mansurov (kamança) və Ələkbər Ələkbərovun (tar) müşayiəti ilə beynəlxalq müsabiqələr laureatı Kamilə Nəbiyeva muğamlarımızı ifa edib. Muğam triosu fransız musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, muğam ifaçılarımız Parisdəki “Theatre de la Ville”nin musiqi məsləhətçisi Südabə Kianın dəvəti ilə əvvəllər də Fransada çıxış ediblər. O, Azərbaycan muğam ifaçılarını teatrdakı konsert proqramına daxil edir. Bu konsertlərdə musiqisevərlər Alim Qasımov, Nəzakət Teymurova, Arzu Əliyeva, Ehtiram Hüseynov kimi ifaçıları alqışlayıblar.
Konsertdən sonra fransız musiqisevərlər təəssüratlarını bölüşüblər.
Marie-France Leger: “Mən Bordodan gəlmişəm. İlk dəfədir muğam konsertində olurdum. Bu, insanı ovsunlayan bir musiqidir. Romantik bir mühit vardı. Xanəndə fövqəladə idi. Çox gözəl ifası ilə dinləyiciləri başqa, mistik bir aləmə apardı”.
Annie Karo: “Mən buna gözəllik deyərdim. İfaçı və musiqiçilər arasında xüsusi bir harmoniya var idi. Konsertdən xüsusi zövq aldım. Dostlarımla gəlmişəm. Onlar da heyranlıqlarını bildirirdilər”.
Alen Xeyripur: “Muğam ecazkar musiqidir, improvizasiyaya əsaslanır. Bu da muğam ifaçısından xüsusi istedad tələb edir. Kamilə Nəbiyevanı yaxşı tanıyıram. Çox məlahətli səsi var. Musiqiçilər də xanəndənin səsi ilə çox ustalıqla harmoniya yaradırdılar. Çox gözəl konsert oldu”.