“Bachrack” elektron portalı 2018-ci il üçün ciddi musiqiyə dair statistika məlumatlarını dərc edib.
Portalın ötən il üzrə reytinq cədvəlinə əsasən, əsərləri ən tez-tez ifa olunan klassik bəstəkarların siyahısında L.V.Bethovenin adı birinci yerdədir. İkinci yerdə V.A.Motsartın, üçüncü yerdə isə L.Bernstaynın adı durur. İ.S.Bax, İ.Brams və F.Şubert sonrakı üç yeri paylaşırlar. Rus bəstəkarlıq məktəbinin siyahıda yeganə təmsilçisi P.İ.Çaykovski yeddinci yerdədir. Şərəfli onluğu K.Debüssi, R.Şuman və G.F.Hendel tamamlayırlar.
“Bachrack” elektron portalı həyatda olan populyar bəstəkarları isə iki yerə ayıraraq, kişi və qadınları ayrı-ayrı top-beşlikdə təqdim edir. Arvo Pyart, Con Uilyams, Yorq Vidman, Ceyms Makmillan və Filipp Qlas 2018-ci ildə ən populyar kişi, Kayya Saariaho, Sofiya Qubaydullina, Cudit Veyr, Sesiliya MakDauell və Anna Klayn isə qadın bəstəkarlar beşliyində qərarlaşıblar.
“Bachrack” elektron portalı dünya teatrlarında ən çox oynanılan opera tamaşalarının da top-onluğunu tərtib edib. Siyahıda “Traviata”, “Toska”, “Karmen”, “Madam Batterflyay”, “Sevilya bərbəri”, “Bohema”, “Sehrli fleyta”, “Don Juan”, “Fiqaronun toyu” və “Riqoletto” operalarının adı var.
Yeri gəlmişkən, bu siyahıdakı üç əsəri – “Sehrli fleyta”, “Don Juan”, “Fiqaronun toyu” operalarını çıxmaqla, qalan yeddi əsər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarındadır.
G.MİRMƏMMƏD