Təkcə Azərbaycan tarixinin deyil, bəşər tarixinin qanlı səhifələrindən biri olan 1990-cı ilin 20 Yanvarı, illər bir-birini əvəzləsə də, təkcə xalqımızın qan yaddaşında deyil, həm də sənət əsərlərində, rəsm və heykəltəraşlıq nümunələrində, musiqilərdə yaşayır. Bu əsərlərdə faciənin doğurduğu dərin hüzn ilə bərabər, Azərbaycan xalqının iradəsi, yenilməzliyi əks olunub...

Görkəmli fırça ustası Rasim Babayevin “Təcavüz”, rəngkar Hacırza Fərzəliyevin “Ağlı-qaralı dünya”, Fikrət İbrahimovun “Gələcək naminə”, Həmzə Abdullayevin “Çərxi-fələk”, İsmayıl İsmayılovun “Həqq tərəzisi”, Qafar Seyfullayevin “Öncə vətəndir...”, Asim Səmədovun “Ruhlar” və s. tablolarında qanlı gecənin acılı-ağrılı yaşantıları yaddaqalan bədii ifadəsini tapıb. Qrafika ustası Arif Hüseynovun “Qara tağlı natürmort”, Fəxrəddin Məmmədvəliyevin “Qara yanvar” və Arif Ələsgərovun “20 Yanvar” qrafik əsərləri, Kirman Abdinin plakat janrında silsilə əsərləri Azərbaycan xalqının məruz qaldığı qanlı təcavüzə münasibəti təcəssüm etdirir.

Rəssam İlqar Əkbərov 20 Yanvar faciəsinə həsr olunmuş ilk əsərini 1990-cı ildə çəkib. Sonralar yaradıcılığında bu mövzuya bir neçə dəfə müraciət edib. “Şəhidlər” əsəri Rüstəm Mustafayev adına Milli İncəsənət Muzeyində nümayiş olunan sərgilərdə yer alıb. Xalq rəssamı Xanlar Əhmədov 20 Yanvar mövzusunda “Ana harayı”, “Bir güllə vurulmuş ata və oğul” və digər əsərlərin müəllifidir. Başqa rəssamlarımızın da bu mövzuda əsərləri var. Rövşən Məmmədovun “Torpağın harayı”, Oqtay Quliyevin “Matəm”, Bayram Qasımxanlının “Faciələrimiz” (triptix) rəsmləri qan yaddaşımıza sənətkar baxışıdır.

Azərbaycanın müxtəlif bölgələrində 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş sənət əsərləri, xatirə kompleksləri ucaldılıb. Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidənin maraqlı kompozisiyası var. Xatirə kompleksinin mərkəzində hündürlüyü postamentlə birlikdə 8 metr olan əzəmətli abidə ucaldılıb. Abidə kompleksinin memarı Ədalət Məmmədov, heykəltəraşları Cavanşir Dadaşov və Azad Əliyevdir. Kompleksin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş 147 nəfərin adı və soyadı, habelə ümummilli lider Heydər Əliyevin Qanlı Yanvar hadisələri ilə bağlı dediyi “1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur” sözləri qızılı hərflərlə həkk olunub.

Bəstəkarlarımız da bu ağrılı mövzuya dəfələrlə müraciət ediblər, xalqımızın qan yaddaşına həsr olunmuş bir çox əsərlər meydana gəlib. Görkəmli bəstəkarlar Cövdət Hacıyevin “Şəhidlər” simfoniyası (1990), Hacı Xanməmmədovun solist və xalq çalğı alətləri orkestri üçün “Əlimdə sazım ağlar” poeması (1991), Azər Rzayevin “Bakı-90” simfoniyası, Vasif Adıgözəlovun ”Qəm karvanı” oratoriyası və digər əsərlər faciənin miqyasını notların dili ilə göstərib. Arif Mirzəyevin orqan üçün “Yanvar mərsiyələri”, Nazim Quliyevin “Şəhidlər”, Zabitə Məmmədovanın solist, xor və orkestr üçün “Elegiya”, Ramiz Mustafayevin “Bu qan yerdə qalan deyil”, Aydın Əzim Kərimoğlunun orkestr üçün “Qətl günü”, Sevda İbrahimovanın “Vətən şəhidləri”, Cavanşir Quliyevin xor üçün “Şəhidlər”, Azər Dadaşovun solistlər, xor və simfonik orkestr üçün “20 Yanvar”, Rauf Əliyevin xor və simfonik orkestr üçün “Azadlığa gedən yollar” və başqa əsərlər Qanlı Yanvarın musiqi təcəssümüdür. Mobil Babayev bu mövzuda kantata, Sərdar Fərəcov simfonik poema, başqa bəstəkarlarımız müxtəlif janrlı əsərlər yaradıblar.

Tarix bütün hadisələri özündə yaşadır. 20 Yanvara həsr olunmuş sənət əsərlərində həm tarix yaşadılır, həm də xalqımızın qəhrəmanlığı təbliğ olunur. Nə qədər ki, Azərbaycan incəsənəti var, qan yaddaşımıza həmişə müraciət olunacaq və tarixi həqiqətləri yaşadan yeni əsərlər yaranacaq.